Свобода людям, независимость нациям!

İşgəncə orucu

2311 02.04.2023 19:39 Колумнисты A A

Bir dostumuz var, prokurorluq sistemində işləyir, deyir son günlər idarədən ancaq ilahi kəlmələr eşitmək mümkündür. Az qala hamı Ramazan ayının başlanması ilə oruc tuturmuş. Güman edir ki, yəqin prokurorlar “Tərtər işi” ilə bağlı günahlarını yumaq üçün ellikcə oruc tutmağa başlamışlar. Halal olsun. Alqışlara layiqdir. Məhərrəmlik ayında isə idarədə çoxlu sayda sinə döyənlər, zəncir vuranlar peyda olurmuş, çünki bu yolla da istintaq zamanı verilən işgəncələrin əvəzini çıxmaq mümkündür. Tövbə qapısı hamımız üçün açıqdır.

Zəlzələ peyğəmbərləri, cürbəcür qurular, ekstrasenslər, yoqalar, falçılar, mistiklər, cadu-piti ustaları da zəhmətkeşlərimizin həyatını, cibini yüngülləşdirmək üçün fəaliyyət göstərirlər. Necə deyərlər, fala inanma, falsız da qalma. Axırıncı “imam-zaman”ın məhkəməsi gedirdi, düzü bilmirəm axırı necə oldu, lakin Slavyan Universitetinin keçmiş rektoru Dürdanə xanımın məhkəmədən yayınması faktdır. Orda tələbələrdən təhsil haqqını basıb yeyiblər, bir nəfər ələ keçib, lakin rektor aradan çıxıbdır. Məhkəməyə gəlmir, deyir mən YAP Qadınlar Şurasının sədri olmuşam, ikincisi, mənim içilərim mənə cadu eləmişdilər, pulları belə yeyiblər.

Niyə də olmasın? Adamların əli-ayağı hər yerdən üzüləndə əlacı göylərdə axtarması təbii haldır. Bunu mən İran məsələsinə görə yazıram. Son günlər DTX və DİN bir ucdan İran agentləri tutur, az qala hansı daşı qaldırsan altından dini casuslar çıxmaqdadır və bu vəziyyət zəhmətkeşlərimizdə istər-istəməz çaşqınlığa səbəb olur: “Niyə vətəni satmaq istəyənlər bu qədər çoxdur? Bu agentura şəbəkəsi necə yaranıb?”. Doğrudan da, maraqlı suallardır. Nazim Hikmət demişkən: “İnsan olan vətənini satarmı?” Ancaq bunlar hamısı mənəvi mühitdə yaranan boşluğun nəticəsidir. Əgər sən demokratiyanın “agentura şəbəkəsini” – kütləvi informasiya vasitələrini, QHT-ləri, siyasi partiyaları sıxışdırsan, inkişaf etməyə qoymasan onların yerindəki “müqəddəs boşluğu” mollalar doldurmalıdır. İran islam inqilabı təxminən elə oxşar şərtlər altında baş vermişdi və qırx ildir bütün dünya bunun altından çıxa bilmir.

Sözgəlişi, o vaxt Xomeyniyə verdiyi dəstəyə görə Fransa heç kimdən üzr istəməyib. Lazım idi.

Əslində bizim vəziyyətimiz qonşularımıza nisbətən çox dramatik deyil, insafən. Məsələn, Rusiya Elmlər Akademiyası, Genetika İnstitutunun direktoru, akademik Aleksandr Kudryavsev bugünlərdə belə açıqlama vermişdir ki, dünyanı Nuh tufanı və daşqın basmamışdan öncə insanlar 900 il yaşayırdılar. Lakin “ilk günah”dan – Adəm və Həvvanın məşhur “qələtindən” sonra insanların ömrü qısalmışdır.

Təsəvvür elə. Akademikdir. Genetika İnstitutuna başçılıq edir. Biz də Putindən Ukraynada-filanda ağıl umuruq.

Sonda bir lətifə, çünki mövzuya ciddi yanaşmağa borcluyuq:

“Bir ravvin (iudaizmdə molla – Z.H.) ölür, o biri dünyada Tanrıdan soruşur: “İlahi, kainatı necə yaratdın?” Tanrı deyir: “Sinqulyarlıq, sonra Böyük Partlayış, eksponensial genişlənmə”. Ravvin soruşur: “Bəs canlılar aləmi?” Tanrı deyir: “Öncə abiogenez, sonra ribonuklein turşuları aləmi, sonra təkamül, hüceyrələr, çoxhüceyrəli orqanizmlər...”, “Bəs insanı necə yaratdın, ilahi?”, “Öncə primatları, sonra alətlərdən istifadəni, nitqi, düz yeriməyi... Sən niyə soruşursan bunları? Məktəbə getməmisən?” Ravvin deyir: “Ya rəbb, getmişəm, ancaq axı sənin Kitabında dünyanın 7 günə, insanın isə palçıqdan yaradılması yazılıb?”. Tanrı köks ötürür: “Eh, sən o vaxt Sinay dağında olsaydın kvark-qlyüon plazmanı, DNT və təbii seçməni görüm həmin savadsız çobanlara necə izah edərdin”. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости