Свобода людям, независимость нациям!

İrəvandakı andiçmədəki “fəxri” terrorçu və ya Xaçaturyan özünü necə ifşa etdi?

5544 14.03.2022 09:35 Колумнисты A A

Ermənistanın yeni – sayca 5-ci prezidenti Vaaqn Xaçaturyan and içdi. Andiçmə mərasiminə nə Ermənistandakı Qarabağ klanının liderləri – Robert Köçəryanla Serj Sərkisyan, nə də Ermənistanın birinci və dördüncü prezidentləri Levon Ter Petrosyanla Armen Sarkisyan gəlmədi. Bəlkə də bunu Ermənistanın və Xaçaturyanın daxili işi saymaq olardı, kim gəlir, ya gəlmir, cəhənnəmə ki...

Amma Vaaqn Xaçaturyanın andiçmə mərasimində Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanın öz başının dəstəsilə iştirak etməsinə boş verə bilmərik. Qəti şəkildə!

Erməni mediasını izlədim. İrəvandakı Dəmirçyan adına idman-konsert kompleksində keçirilən andiçmə mərasimindəkilər arasında Arutyunyanı, digər separatçı-terrorçu Babayanı, digərlərini gördüm. Onların andiçmə mərasimində nə ölümü var idi, əgər Ermənistanın yeni prezidenti “konstruktiv” idisə, Azərbaycanla normal, dinc, yanaşı yaşamaq fikrindəydisə?! Yanvarın 23-də Sarkisyan istefaya gedəndə bəzi müşahidəçilər bildirdilər ki, Nikol Paşinyan Azərbaycanla sülhə mane olan prezidentlə yollarını ayırdı və daha konstruktiv birini gətirir. Amma fakt bunu demir axı. Deməli, gözləntilər əbəsmiş, Xaçaturyan da digərləri ilə eyni bezin qırağıymış. Əks təqdirdə, Azərbaycanla gözlənilən sülhə problem yaradan addıma getməzdi. Barəsində cinayət məcəlləsinin 4 maddəsi ilə cinayət işi açılmış, İnterpol xəttilə axtarışda olan Arutyunyanın yeri İrəvandakı andiçmə mərasimi deyildi, müttəhimlər kürsüsüydü. Gəncənin bombardmanının, dinc insanlarımızın qətlini öz üzərinə götürdüyünə görə cəzalandırılmalı olan qatili yuxarı başa çıxaran Ermənistan prezidenti bu siyasətlə Azərbaycanla normal münasibətlərəmi ümid edir?

Vaaqn Xaçaturyan 13 martda 13 dəqiqəlik andiçmə çıxışında üçüncü müraciət etdiyi şəxs də Arutyunyan oldu! Diqqət edin:  “Hörmətli Baş nazir, Ali Patriarx həzrətləri, hörmətli “Artsax” Prezidenti...”

asdasdasdavasd.JPG (41 KB)

Bundan sonra Xaçaturyan hansı üzlə deyəcək ki, biz Azərbaycanla normal münasibət qurmaq istəyirik?! “Artsax” adlı bir yarlığa xitab etməklə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə həqarət etmiş oldu Ermənistan prezidenti, bununla da danışıqlara yer qoymadı. Sözsüz ki, Nikol Paşinyanın da bu təxribatda payı var. Andiçmə mərasimimə kimlərin dəvət olunması ilə bağlı heç şübhəsiz hökumət başçısının kifayət qədər məlumatı olub və son sözün də ona məxsus olduğuna şübhə yeri yoxdur. Azərbaycan Ermənistanın qarşısına 5 şərt qoyub,  birinci şərt ərazi bütövlüyümüzün tanınması, Qarabağa yönəlik iddialardan birdəfəlik imtinadır. Paşinyan-Xaçaturyan cütlüyü 13 mart andiçməsi ilə bu şərti pozmuş sayılırlar. Belə olan təqdirdə Azərbaycanla danışıqlara yer saxlamırlar.

Diqqət edin, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın müddəalarını icra etməkdən yayınırlar hələ də. Zəngəzur dəhlizinin açılmasını uzadırlar, müxtəlif bəhanələrlə. Qarabağdakı silahlı dəstələri, terrorçu qüvvələri çıxarıb rədd etmək istəmirlər. Ancaq bu günlərdə şivən salıblar, “qoymayın, Azərbaycan Qarabağ ermənilərini soyuqdan qırır, qazsız, işıqsız qalıblar!” Kimsə də bunlara demir ki, Azərbaycan ərazisinə qaz xətti niyə Ermənistandan çəkilməliydi, özü də Bakının icazəsi olmadan? Nə vaxt Azərbaycan dövləti Xankəndiyə çəkilmiş qaz, ya elektrik xəttindəki problemin həllindən imtina edər, o halda hay-haray salarsınız. Amma yox, nə erməni separatçılarının başına ağıl qoyan var, nə də Azərbaycanın haqlı mövqeyini müdafiə edən. Susurlar. Bir neçə gün əvvəl “erməni xaçkarlarına yas saxlayan” Avropa Parlamentindən də reaksiya yoxdur. Yəqin gözləyirlər ki, Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlasın, o halda yenə də hayların harayına “züy” tutsunlar, Azərbaycanı ittiham etsinlər.

Ermənistanın yeni prezidenti and içib

Diqqət edin, Azərbaycan prezidentinin köməkçisi, xarici işlər naziri səviyyəsində Ermənistana xəbərdarlıq edildi, mesaj verildi ki, sülh razılaşmasına getmək lazımdır, gecikmədən. Türkiyə XİN rəhbəri də Ermənistana sözünü dedi, üstəlik ermənni həmkarı ilə görüşdü, konstruktiv mövqe sərgilədi. Ancaq Ermənistanın işğalçı-terrorçu siyasətinə illər boyunca dəstək olanlar bu gedişatı görməzdən gəldilər. Görün bir paytaxtdan reaksiya verildimi, Bakı və Ankaranın bütün baş verənlərə rəğmən, İrəvana güzəştə getməsinə təqdirli yanaşma görmədik, özlərini karlığa, korluğa, lallığa vurdular!

Baxmayaraq ki, elə bu günlərdə, qarlı hava səbəbindən Ermənistana Rusiyadan gələn yük maşınları Lars buraxılış məntəqəsində yolda ilişib, qalıb. Amma buna baxmayaraq, İrəvan 3+3 formatını pozmağa yönləlik cəhdlərindən əl çəkmir, Zəngəzur dəhlizinin açılmasını gecikdirir. Heç şübhəsiz ki, Qərbdəki ağalarının işarəsini gözləyirlər. Azərbaycan isə alternativ Zəngəzur dəhlizinin çəkilməsi istiqamətində İranla anlaşma imzaladı, vaxtilə Bakı-Tiflis-Qars qatarlının dalınca baxan DALAN ERMƏNİSTAN bu gedişlə Zəngəzur dəhlizinin də dalınca boylanacaq. Bədbəxt ölkə! Amma ermənilərdən oyuncaq kimi istifadə edənlərədir sözümüz, oyunbazlığı bitirin! 44 günlük müharibədə “Bayraqdar”lara “qatil” adını qoyan dairələr indi həmin “Bayraqdar”lara “xilaskar” deyir. Özlərini tanıtmaqda davam edirlər. Bu gün Xankəndinin qaz dərdini çəkənlər İrəvandakı andiçmənin vitrininə baxsınlar və seçim etsinlər: “fəxri qonaq”lar sırasındakı Qarabağ terrorçularının tərəfindədirlər, ya haqq-ədalətin?! Elə Xaçaturyan-Paşinyan cütlüyü də bu təxribatın cavabını verməlidir! Bu addımları ilə onların Köçəryan-Sərkisyan cütlüyündən fərqləri olmadı...Kəsəsi, özünü ilk gündə ifşa etdi, yandırdı. "Hörmətli Artsax", yox bir...

Elşad PAŞASOY

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости