Свобода людям, независимость нациям!

İranın “qırmızı xətt” çəkən karandaşını kim qırdı?

3278 19.09.2022 13:39 Колумнисты A A

İranda ara qarışıb, məzhəb itib. Qəzəblənmiş kütlənin hətta dini liderin şəkillərini yandırıb-yaxması bu ölkə üçün sıradan bir hadisə deyil. Sosial şəbəkələrdə çadradan imtina etmiş 22 yaşlı qadının döyülərək öldürülməsindən sonra qadınların kütləvi şəkildə çadradan imtina etməsi, aşkar şəkildə rejimə meydan oxuması da İranın çox ciddi dəyişikliklər astanasında olduğunu deməyə imkan verir.

Hələ Urmiyə gölünün məqsədli şəkildə qurudulması hesabına Azrbaycan türklərinin yaşadığı bölgələrdə dəhşətli ekoloji və iqtisadi fəlakətin yaradılması, soydaşlarımızın fəlakətlərlə üz-üzə qoyulması, 1979-cu ildə vəd edilən ana dilində təhsil almaq hüququnun belə, onlara çox görülməsinin ortaya çıxaracağı fors-major hadisələri bir kənara qoyaq.

Amma İran bütün bunları bir kənara qoyub, ordusunu Azərbaycan Respublikası ilə sərhədə, Araz boyuna cəmləyir. Hələlik 45 min rəqəmi dolaşır. Eynilə 44 günlük müharibə günlərində də belə davrandı. 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini yer üzündən silməsinə, məscidləri donuz tövləsinə çevirməsinə susan İslam dövləti Azərbaycanın ildırımsürətli əks-hücum əməliyyatından necə xoflandısa, ləşkərini Arazın o tayına cəm elədi. Neçə vaxtdır “Ermənistanın sərhədləri bizim qırmızı xəttimizdir” deyirlər. Bu qırmızı xəttin Azərbaycan sərhədlərinə aid edilməməsindən təəccüblənmirik. Əgər aid edilsəydi, iki əsr öncə Böyük Azərbaycan ərazilərini tikə-parça edib, dədə malı kimi bölüşdürməzdilər. Nə isə...

Həmin bu İran parlamenti 21 sentyabrda növbədənkənar iclas keçirməyə qərar verib. İclasın keçirilməsində məqsəd yuxarıda qeyd etdiyim hadisələr deyil, iranlı deputatlar Ermənistan-Azərbaycan sərhədində 13 sentyabr gecəsindən sonra baş verən silahlı toqquşmaları müzakirə edəcəklər. Heç dəxli var? Sən get öz dərdiniz çək də!

İran parlamenti ABŞ əleyhinə qərar qəbul etdi

Normalda İran parlamenti növbədənkənar toplaşıb, ABŞ Nümayəndələr Palatasının sədri Nelsi Pelosinin İrəvandakı sərsəmləmələrinə reaksiya verməli idi. Amma susurlar. Düzdür, biz İran parlamentinin sədrindən Türkiyə parlamentinin rəhbəri Mustafa Şentopsayağı mövqe gözləmirik. Cənab Şentop açıq şəkildə bəyan edib ki, Pelosinin Ermənistana səfər etməsini bölgədə sülhə, eləcə də dünyada sülhə faydalı olmayacaq və bunu xoş niyyətli davranış kimi görmür. İrandan Azərbaycanı müdafiə bəyanatı gözləmirik, təbii ki. Amma Pelosinin Ermənistana səfər etməsi faktının özü belə, Türkiyə və Azərbaycandan öncə İrana təhdiddir. Niyə? Məsələn, Azərbaycan-ABŞ və ya Azərbaycan-İsrail münasibətlərində hər dəfə bir addım irəli atılanda tehrandakılar əsəbi tonda mızıldanırlar, “sionizm”dən danışmağa başlayırlar, Azərbaycanı təhdid etmək cəhdi göstərirlər. Hesab edirlər ki, bu əlaqələr İrana qarşı yönəlib. Məscidlərimizdə ermənilərin on illərlə donuz saxlamasını sakit qarşılayan İslam ölkəsi İsrail fermerlərinin Şərqi Zəngəzurda camış ferması açmasından belə, qeyzləndi. İndi emənilərin “nənəsi”nin İrəvana səfər etməsi məntiqlə İrana qarşı təhdid sayılmalı və Ermənistana hansısa yolla xəbərdarlıqlar edilməli idi. Amma nəinki Nelsinin, ondan əvvəl ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Rikerin, daha əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsin Ermənistana səfərlərini də sakit qarşıladı. Onlar Ermənistana niyə “aşiq” olublar? Yalnız Azərbaycan və ya Türkiyəyə qarşı qızışdırmaq üçünmü? Yaxud Rusiyanın caynağından qoparmaq üçünmü? Təkcə bu deyil. Ermənistan kimi vecsiz ölkə ABŞ kimi nəhəngin nəyinə lazımdır? Ay sağ olun: İrana qarşı istifadə etməkdən ötrü.

Pelosi condemns 'illegal' Azerbaijan attack on Armenia – EURACTIV.com

Azərbaycan illərdir ki, ABŞ və digər Qərb ölkələrinin təzyiqlərinə rəğmən, öz ərazisindən İrana qarşı quş uçurtmağa belə, imkan vermir. Xatırlayırsınızsa, vaxtilə qardaş Türkiyə İraqa qarşı hərbi əməliyyatlarda yer almadı, ondan sonra ABŞ və müttəfiqləri NATO ölkəsinin önəmli üzvü olan Türkiyəyə qarşı hərəkətə keçdilər, hətta valyuta qarşılığında ona silah satmaqdan imtina etdilər. Azərbaycana qarşı təzyiqlərin də başında İrana qarşı planlara rəsmi Bakını “yaşıl işıq” yandırmaması dayanır. Əks təqdirdə ABŞ Azərbaycan kimi regionun lider ölkəsini, Avropanı dar ayaqda enerji ehtiyatları ilə təmin edən bir məmləkəti, Avropa ilə Asiyanın qovuşduğu məkanı niyə incitsin ki? İran Azərbaycanın qədiir-qiymətini bilmədi. Budur, ABŞ bütün rıçaqları işə salıb, Ermənistanı qazanmağa fokuslanıb. Əks təqdirdə, 82 yaşlı Pelosi olmayan “soyqırım”a görə niyə göz yaşı tökürdü ki? Ermənilərin qəlbini fəth etmək istəyirlər. İrəvanı KTMT-dən, “Rus NATO-su”ndan çıxamağa həvəsləndirməyin başında da İran planı durur. Rusiyanın Gümrüdəki 4 min hərbçisi çıxarılsın, orada amerikan əsgərləri yerləşdirilsin, sadə plan bu. Zatən, İrəvandakı ABŞ səfirliyində 2 min nəfərlik kontingent illərdir iş aparır. Ermənistan kimi cırtdan ölkədə bu qədər səfirlik əməkdaşı nə edir: bəlkə Göyçə gölündə balıq tuturlarmış...

İran parlamentində oturanlardan kimsə doğrudanmı ən böyük təhlükənin Azərbaycandan yox, digər cinahdan gəldiyini anlamır? Təsəvvür edin, sərhədlərini “qırmızı xətt” saydıqları, on illərdir Mehridən “nəfəslik” verdikləri Ermənistan indi İrana qarşı nəhəng əməliyyat planının cızıldığı məkana çevrilib, 2 min illik dövlətçilik təcrübəsi olan İranın doğrudanmı bundan xəbəri yoxdur? Nensi İrəvandakı muzeydə Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı.

Qısa xatırlatma: Avarayr döyüşü və ya Avaray döyüşü 26 may 451-ci ildə, Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında olub. Maku və Xoy arasında baş verən, Vardan Mamikonyanın başçılıq etdiyi üsyanda albanlar da iştirak edib. Amma sonda Mamikonyanı qətl edib, üsyanı yatırıblar.

82 yaşlı qocanın 15 əsr əvvələ ekskurs etməsi təsadüf idimi? Qəti şəkildə! Nensi Pelosi ermənilərə dolayısı ilə işarə verdi ki, sizi soyqırıma məruz qoyanlar əslində farslardır, İran dövlətidir, yanımızda yer alın, gerisi ilə işiniz olmasın! Və Ermənistanda böyükdən-kiçiyə Nelsinin nənələrinin ətəyindən öpməyə hazır durumdaydı o anlarda. Deməli, vaxtilə Türkiyəyə xəyanət edən, okeanın o tayından işarə gələn kimi, xilaskarı Rusiyaya “rədd ol” deyən ermənilər İrana raket atacaq amerikan ordusuna qucaq asmaq üçün sadəcə fürsət gözləyir. İndi İran çəksin “qırmızı xətti”ni Ermənistanın sərhədləri boyunca, parlamentində mühakimə etsin Azərbaycan ordusunun qanı, canı bahasına öz torpaqlarını azad etməsini...Bu yaxınlarda İran rəsmiləri “İranla Ermənistan arasında min illik əlaqələrdən” (?!) danışmışdılar. Amerikalı spiker erməniləri 1500 il əvvələ qaytardı, elə İranı da...Polesi İranın “qırmızı xətt” çəkən karandaşını qırdı...

Elşad Paşasoy,
Musavat.com

Medianews – Onlayn xəbərlər

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости