Свобода людям, независимость нациям!

İrandan İrəvana uzanan dost ƏLİ- İşğalçının ərazi bütövlüyü dərdi olurmu?

1966 09.07.2022 08:35 Колумнисты A A

 

Bu günlərdə Ermənistana səfər edən və bir sıra bəyanatlar, açıqlamalar verən Əli Şamxani İran siyasətində yeni adam deyil.

Hazırda İranın Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan 67 yaşlı admiral Əli Şamxani hələ 25 il qabaq, 42 yaşındaykən İranın müdafiə naziri olub.

Əslən İranın Əhvaz əyalətindən olan Şamxaninin iki qardaşı – Məhəmməd və Həmid İran-İraq müharibəsi zamanı həlak olub. Böyük ehtimalla islam inqilabının ilk illərindən hərbi vəzifələr tutan admiralın karyera pillələrində sürətli yüksəlişi qardaşlarının İran dövləti uğrundakı şəhadəti ilə birbaşa bağlıdır. 27 yaşındaykən İİR ordusu komandanınım 1-ci müavini, 29 yaşında piyada qoşunları komandanı, 34 yaşında İranın hərbi-dəniz qüvvələrinin komandanı kimi yüksək vəzifələrə təyin edilən Şamxaninin bir neçə ildən sonra (1997-ci ildə) müdafiə naziri olması təbiidir.

Şamxaninin Ermənistana ilk səfəri 20 il öncə, 2002-ci ilin mart ayında baş tutub. O zaman İranın müdafiə naziri ilə Ermənistan hökuməti arasında müdafiə və təhlükəsizlik sferasında geniş fəaliyyət dairəsi, o cümlədən birgə müəssisələr yaradılmasına dair əməkdaşlıq memorandumu imzalanıb.
Bundan 2 il 2 ay sonra ağayi Şamxani Azərbaycana da gəlib, amma əməkdaşlığa dair memorandum, yaxud müdafiə və təhlükəsizliyə dair hər hansı sənəd-filan imzalanmayıb. İranlı nazir və onun azərbaycanlı həmkarı eləcə Qafqaz regionunda ümumi və kollektiv təhlükəsizlik istiqamətində iki ölkənin qarşılıqlı fəaliyyəti məsələsi barədə söhbət ediblər.

1657183916_screenshot_2.jpg (70 KB)

Budur, hazırda ölkəsinin Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Əli Şamxani yenidən İrəvandadır.

Bu dəfə o, ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlərə də toxunub.

Şamxani İranın 3+3 (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya) formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəklədiyini və əməkdaşlığa hazır olduğunu deyib və əlavə edib ki, Ermənistan və Azərbaycan respublikaları arasındakı problemin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidvardır.

“Problemin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi” söhbəti xeyli dərəcədə maraqlıdır. Çünki 34 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Ermənistanın ərazi bütövlüyü 34 santimetr pozulmayıb, əvəzində Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdi və hazırda işğaldan azad edilmiş ərazilərin böyük hissəsi tamamilə yağmalanmış, yandırılmış, xarabazarlığa çevrilmiş durumdadır.

Üstəlik, Azərbaycanın ərazi bütvölüyünün tam bərpası məsələsi aktuallığını qoruyub saxlayırsa da, Ermənistanın belə bir problemi yoxdur. Bəlkə İranın təhlükəsizlik şurasının katibi Zəngəzur bölgəsində Ermənistan tərəfdən ərazilərimizə doğru irəli çəkilmiş, ancaq 2020-ci ildən sonra çıxdıqları yerə qaytarılmış ermənilərin boşaltdığı kəndləri nəzərdə tutur və bunu “Ermənistanın ərazi bütövlüyünün pozulması” kimi qiymətləndirir?

şurnuxu kəndi 910606[1].jpg (33 KB)

Belədirsə, bu, səmimi və doğru söhbət deyil. Sərhəd xəttinin sonuncu metrinə qədər haralardan keçdiyi köhnə xəritələrdə bəllidir, demarkasiya və delimitasiya işinin başa çatmasından sonra, İran və ya Fransa dövləti ümidvar olsa da, olmasa da, bütün sərhəd dirəkləri öz çalasına basdırılacaq. Azərbaycan tərəfinin bu xüsusda hər hansı bir cığallığı, höcətliyi yoxdur.

Ancaq İran rəsmilərinin son iki ildə artıq neçənci dəfə Ermənistanın ərazi bütövlüyünün dərdini çəkmələri, bunu dəfələrlə dilə gətirmələri, həm də bu məsələni İran üçün “qırmızı xətt” elan etmələri mehriban qonşuluq, tarixi birgəlik və dindaşlıq baxımından da tamamilə absurd görünür.

221.JPG (49 KB)

Necə olur ki, Azərbaycanın İranla 110 kilometrdən artıq sərhədi (Cocuq Mərcanlıdan Zəngilanın Ağbənd kəndinə qədər) 28 il ermənilərin işğalı altında qalanda bu, nəinki “qırmızı xətt” olmurdu (hətta “yaşıl keçid” olurdu), amma indi Şurnuxu kəndində ermənilərin iddiasına görə, 100 metrlik dəqiqləşdiriləsi sərhəd xətti var, lakin İran bu “ədalətsizliyə” tablaşa bilmir?

Bu kimi söhbətlər bəhanədir. Fakt odur ki, 2020-ci ilin noyabrından, 44 günlük savaş bitəndən bəri İran rəsmiləri Azərbaycanın qazandığı qələbəni həzm edə bilmir və bunu öz daxillərində saxlamağı bacarmır, təkrar-təkrar dilə gətirirlər.

Prinsipcə, əksinə olmalıyd. Dövlət siyasətində dini motivləri, hətta məzhəbçiliyi prioritet götürən, özünü dünya müsəlmanlarının, xüsusilə də şiələrin baş pasibanı sayan İran öz şiə qardaşlarının haqlı savaşda qələbə qazanmasından qürur duymalıydı və ona dəstək verməliydi.

00-69-1632132645.jpg (33 KB)

Amma biz illərdir ki, tərsini görürük və bu durum artıq Azərbaycanda bir kimsəni təəccübləndirmir. İndi bütün kartlar açıqdır, bütün maskalar düşüb. Regiondakı bütün ölkələr kimin dost, kimin qeyri-dost olduğunu yüz faiz dəqiqliklə bilirlər. Riyakarlıq erası bitib, İran ya öz din-məzhəb qardaşıyla dost olmalıdır, ya da açıqdan-açığa onun düşməninin tərəfində durmalı və bu cür siyasət məsələlərinə dini-məzhəbi qatmamalıdır. Bir əlində din bayrağı tutaraq, o biri əliylə qonşu ölkənin müsəlmanlarına zülm edən faşist bir dövlətə yardım etmək, dəstək vermək bir araya sığmır.

Sonda onu da qeyd edək ki, İrəvanda verdiyi açıqlamalar heç də cənab Şamxaninin şəxsi simpatiyasını əks etdirmir, o, İran dövlətinin rəsmi təmsilçisidir, paytaxt Tehrandakı ali sarayda Ermənistan-Azərbaycan münaqişəsinə münasibət nədirsə, Şamxani də onu ifadə edir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости