Свобода людям, независимость нациям!

İpdə qalan pandemiya

1407 07.03.2023 12:15 Колумнисты A A

İndiki uşaqlar xatırlamaz, sovet hökuməti dağılana yaxın bizim ömrümüz növbələrdə keçərdi. Ət talonu növbəsi, yağ növbəsi, nə bilim, lezva növbəsi... Ən elementar şeylər tapılmırdı. Lakin bu gün antisovet təbliğatı aparmaq fikrim yoxdur, çünki tarixi təcrübə bunun faydasız məşğuliyyət olduğunu göstəribdir. Adamlarda, hətta o dövrü görməyən burnufırtıqlı cocuqlarda qəribə SSRİ məhəbbəti vardır. Dərin mövzudur. O növbələr isə bir lətifəyə görə yadıma düşdü. Deyir bir gün camaat çörək növbəsinə düzülübmüş, üstəlik, çox basabas imiş. Təfərrüatlara varmıram, lətifəmiz müəyyən qədər on səkkiz üstüdür - basabasda bir manyak da yer tutubmuş. Qəfildən növbə dağılır, qarşısındakı adam da gedir, manyak təəccüblə ətrafa baxıb bunun səbəbini soruşur. Deyirlər ki, mağazada çörək qurtardı. Manyak deyir: “Çörək qurtardı, neynək, ta gül kimi növbəni niyə dağıdırsınız?”

İndi koronavirus pandemiyasından sonrakı durumumuz təxminən ona bənzəyir. Dünya Səhiyyə Təşkilatı bu yaxında Bakıda pandemiyaya həsr olunan beynəlxalq tədbirdə rəsmi şəkildə pandemiyanın bitdiyini elan etdi. Ancaq bizim operativ qərargah üçün, hökumət üçün pandemiya hələ bitməmişdir. Özü də maraqlıdır ki, pandemiyanı ilk dəfə elə ÜST elan etmişdi. Belə çıxır sabah, məsələn, Roma papası katolisizmi ləğv etdiyini bildirsə, bizim Qafqaz Müsəlmanları İdarəsi qərar çıxaracaqdır ki, heç elə zad yoxdur, katoliklik bizim baş tacımızdır. 

Görünür, pandemiya rejimi hökumətin çox xoşuna gəlmişdir. Öz aramızdır, pandemiyanın hesabına sərhədlər bağlı qaldı, nə qədər zərərli ideyalar və tiplər son 3 ildə ölkəmizə girməkdən məhrum oldu. Pandemiya dövründə camaatı obyektlərdən, küçə-bazardan tutub polis idarəsinə aparmaq, toplu “vinyetka” fotoları çəkib yaymaq dəbə minmişdi, indi bu işi narkotik cinayətlərinə uğurla tətbiq edirlər. Bəzən bir gündə 70 adamın şəkli çəkilir, xalq öz “qəhrəmanlarını” tanıyır.

Əslində burada bir haşiyə çıxaraq koronavirus temasında beynəlxalq səviyyədə çoxlu sui-istifadələrin olmasını qeyd etməliyik, tək bizim başımıza gəlmir. Örnək üçün, elə lap təzəlikcə ABŞ Federal Təhqiqatlar Bürosunun başçısı Kristofer Rey intervü vermişdi, demişdi ki, COVİD-19 virusu məhz Çindəki, Uhan şəhərindəki adı bədnam bioloji laboratoriyadan sızıbdır. Halbuki ötən üç ildə amerikalı hökumət nümayəndələri və həkim-alimlərin çoxu qəsdən bu fikrə qarşı çıxırdılar. Hətta Trampın vaxtında bu pandemiya işlərinə nəzarət edən bir baş həkim vardı, onun göstərişi və tapşırığı ilə Facebook, Tvitter kimi sosial şəbəkələrdə virusun Çindəki laboratoriyadan qaçması haqda xəbər, status yayanlar blok edilirdi. Guya bu, sui-qəsd nəzəriyyəsi xəbəri idi, feyk-xəbər idi. Bəs nə oldu? Niyə indi birdən-birə FTB şefi belə kəskin, türk qardaşlarımız demişkən, net açıqlama verir?

Mümkündür ki, bu iş “birdən-birə” olmadı. Sadəcə, son çağlar ABŞ və Çin növbəti dəfə dünya hegemonluğu üstündə kəllələşirlər. Xüsusilə Çinin anti-Rusiya blokuna qoşulmaması Qərbi qıcıqlandırır. Nəticədə virus “laboratoriyadan qaçır”...  Əgər sabah Çin sivil dünyanın oyunlarına qatılsa, şübhəsiz, virus təzədən hansısa yarasanın meşədəki qarnına “dönəcəkdir”.

Görünür, hökumətimiz beynəlxalq oyun qaydalarını uzun illər nəticəsində yaxşı mənimsəmişdir. Bizə də nə qalır? Hökumətə qoşulub növbədə durmaq. Gül kimi növbədir, təki ölüm-itim olmasın. Dünyanın pandemiyası qurtarmaz. Bir neçə vaxt keçsin, gördün təzəsi çıxdı. O zaman biz hamıdan hazırlıqlı olacağıq, sərhədi bağlamaq lazım gəlməyəcək. Ulu dədələrimizdən Molla Nəsrəddin də ipdə qalan dananı o məntiqlə döymüşdü.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости