Свобода людям, независимость нациям!

İndi seçim anıdır: ya sabahı düşünməli, ya da Sabbah düşmənçiliyi...

1882 19.05.2024 10:25 Колумнисты A A

Müxalifət partiyalarının nümayəndələrinin Prezident Administrasiyasında toplantıya qatılmaları bəzi dairələrdə təqdir olunsa da, bu görüşün tənqidçiləri də az deyil.

Hətta bu görüşə öz təmsilçisi ilə ilk dəfə qatılan Musavat partiyasını “sınmaq”da, “öz nüfuzuna dəhşətli zərbə vurmaq”da qınayanlar da var.

Neçə illərdir belədir: iqtidarla bu kimi görüşlərdə iştirak etməyən, hansısa məsələnin müzakirəsinə qatılmayan partiyalar özlərini “əsl müxalifət” adlandırır, o birilərə ya “cib müxalifəti”, ya da “avtobus müxalifəti” kimi həqarətli damğalar vururlar.

“Avtobus müxalifəti” dedikdə Azərbaycan dövlətinin təşkilatçılığı ilə ictimai-siyasi fəalların avtobuslarla ölkəmizin işğaldan azad olunmuş rayonlarına aparılması nəzərdə tutulur. Hansı müxalifət partiyası bu səfərdə iştirak edirsə, avtomatik “avtobus müxalifəti” olur. Kim bu səfərdən imtina edirsə, “gerçək müxalifət”dir – təsbit belədir.

Əslində təşkilatçının kim olmasından asılı olmayaraq Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərlər iqtidar-müxalifət münasibətlərinin fövqündə olmalıydı. Fəqət, bunu da lakmus kağızına döndərənlər var və bu, yaxşı hərəkət deyil. O torpaqlar da bizimdir, dövlət də, avtobusu kimin təqdim etməsinin isə dəxli yoxdur.

Onlar yalnız bir məsələdə haqlıdırlar ki, hələlik iqtidar-müxalifət münasibətləri mədəni dünyadakı analoji münasibətlər səviyyəsində deyil. Gerçəklik budur ki, hələlik iqtidar komandası müxalifətin mövcudluq haqqını tanısa da, siyasi uğur qazanmaq şansını sıfırın üzərində saxlamağa çalışır.

Ancaq bu münasibətlərin normallaşması əvvəl-axır hansısa bir görüşdən, dialoqdan, bir yerdən başlamalıdır və prosesin sonunda umulan, gözlənilən, lazım olan situasiya yaranmalıdır.

Yoxsa düşmənçilik münasibətlərini sürdürə-sürdürə getməyin axırı yoxdur. Bu halda bəziləri inqilabi şəraitin yaranacağına ümid edə bilər, amma müasir dünyada 100 il əvvəlki inqilabların eynisinin təkrarlanması çox çətindir. Çünki zaman, dövran, həyat çox dəyişib. İndi o cür inqilabların qarşısını almaq üçün hər cür (o cümlədən siyasi) texnologiyalar, vasitələr var. O zamanlar xalq inqilabları ona görə baş tutub ki, xalq kütləvi aclıq, kütləvi hüquqsuzluq və kütləvi qırğın təhlükəsi qarşısında qalıb.

Ayrıca götürülmüş bir ölkədə siyasi dəyişikliyə məhz bu yolla nail olmağı düşünmək bolşevizm əlamətidir. Ölkəmizin siyasi arenasındakı münasibətlər göstərir ki, bolşevik təfəkkürlü adamlar var. İqtidar komandası düşmən elan olunursa, bu düşərgə ilə hər hansı bir təmas satqınlıq, reneqatlıq sayılırsa, siyasi uğur qazanmağın yolu “Qərb kömək edəcək”də görülürsə, bunun başqa adı yoxdur. Bolşeviklər də belə ediblər və hakimiyyətə məhz xarici dövlətlərin maddi yardımı ilə gəliblər.
Hazırda məhz ona görə bəzi qonşu dövlətlərdə “xarici maliyyə” və “xarici agentlər” məsələsi gündəmə gəlib. İdarə edənlər təhlükənin haradan gəldiyini bilirlər və o kanalları, yolları, eləcə də “dağ cığırları”nı kəsmək əzmindədirlər. Başqa sözlə, bolşeviklərin “əngin təcrübəsi” bu dəfə işə yaramayacaq. Xüsusilə də 2020-ci ildən sonra bu yolun uğurluluq əmsalı kəskin şəkildə azalıb.

Yeganə yol iqtidar-müxalifət münasibətlərinin normallaşmasına, mədəni dünyanın standartlarına uyğunlaşmasına təkamüllə, tədricən nail olmaqdır. Obrazlı desək, xəstənin tələsməsi azdır, armud vaxtında yetişəcək. Tərs kimi, armudun yetişməsini sürətləndirmək mümkün deyil – süni şəkildə inqilabi situasiya yaratmağım mümkün olmadığı kimi.

Ona görə də iddialı siyasi partiyalar özlərini sistemdənkənar duruma salarkən iki dəfə düşünməlidirlər. Sistemin daxilində olan, bu və ya digər şəkildə parlamentdə, bələdiyyə şuralarında təmsil olunan partiyalar pis-yaxşı inkişaf etmək imkanı əldə edəcəklər. Çünki ən azı dövlətdən maliyyələşəcək, “xaricdən maliyyələşmə” ittihamından qurtulacaqlar.

Sistemdənkənar partiyalar isə narazı fərdlərin toplanış yeri olsa da, seçkilərdə uğur qazanmaq, ictimaiyyətin problemlərinin həllinə yardımçı olmaq baxımından əllərindən bir şey gəlmədiyi üçün getdikcə dərnəyə, sektaya çeviləcəklər.

İndi ayrıca Alemut qalası da yoxdur ki, Həsən Sabbahın “xaş-xaşilər” dəstəsi kimi oraya çəkilib mübarizəni davam etdirmək mümkün olsun.

Uzun sözün kəsəsi, inqilabi romantizm dövrü keçmişdə qalıb, indi dialoq aparmaq, anlaşmaq, uzlaşmq, razılaşmaq, radikal yanaşmalardan əl çəkib, mötədil davranışlarıa start vermək lazımdır. Bunun nə vaxt səmərəli olacağını bilmək olmaz, o birisinin axırının fiasko olduğu indidən bəllidir.

Bir də heç kəsə elə gəlməsin ki, “avtobus müxalifəti” adlandırılanlar öz ambisiyalarından vaz keçib, büdcə təşkilatlarından maaş alan məmurlara dönüblər. Elə deyil. Sadəcə, onlar qalın və hündür divara kəllə vurmaqdan vaz keçiblər, baryeri nərdivanla aşmaq istəyirlər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости