Свобода людям, независимость нациям!

İndi nə xanı var...

1861 28.12.2022 09:22 Колумнисты A A

Naxçıvanın təzə müdiri köhnə müdirin qoyduğu qadağaların ləğv olunacağı müjdəsini vermişdir. Deyir ərazidə Vasif müəllimin kefi istədiyi qanunlar qəbul edilibdir, bu cür olmaz.

Bu arada qeyd edim ki, Talıbov azarlayıb ömrünün yerdə qalan hissəsini veteranlar çayxanasında domino oynamağa bağışlayan gündən bəri Naxçıvan əməllicə çiçəklənir. Göz dəyməsin. Lap o sovet vaxtındakı “Canlanır hər qarış yer Sumqayıtda, Xarüqələr yaradır el Sumqayıtda” mahnısı yadıma düşür. Təbii, Sumqayıtın yerinə Naxçıvan oxumaq şərti ilə.

Hərçənd Naxçıvanın özünün də yaxşı mahnıları var, məsələn, “Barı Naxçıvan”. Sözgəlişi, bu saat o mahnının sözləri fısqırıq şəkildə yerinə düşür, inanmırsınızsa gəlin birlikdə qulaq asaq, lap qol qaldırıb oynayaq:

“Səndə tarixlərin çox nişanı var,

Hər daşın köksündə ox nişanı var.

İndi nə xanı var, nə sultanı var,

Ey könül mülkümün barı, Naxçıvan, ay balam,

Ellərin sevgili yarı, Naxçıvan".

Bəli. Artıq xan yoxdur. Xan öldü, yaşasın xan - orta əsrlərdə deyilən kimi. Lakin çox uzağa getməyək.

Mən son günlər Naxçıvandan hansı reportaja baxıramsa, çoxlu adamlar görürəm. Sanki uzun illərdir onlar Vasif müəllimin qorxusundan küçəyə çıxa bilməyibdir. Həmişə Naxçıvandan hazırlanan fotoreportajlar bizə Şimali Koreyanı xatırladardı. Kadrlarda Vasif müəllimdən başqa ins-cins gözə dəyməzdi. Bu yerdə bir Vyetnam ata sözünü yazaq, oxucularımız ləzzət alsın: “Sular enəndə qarışqalar balıqları yeyir, sular qalxanda balıqlar qarışqaları. Gərək bu dünyada nə balıq, nə qarışqa olasan. Su olmaq lazımdır”.

Vasif müəllimin kefi istəyən şəkildə qəbul elədiyi qərar və qanunlar isə bir qədər mübahisəli temadır. Mən doğrusu onlardan camaatın narazılığını bəzən anlamıram.

Məsələn, deyirlər Talıbov təndirləri, ipdən paltar asmağı (ipəzor vasitəsilə - şpilkanın milli adı alimlərimizə görə hazırda belədir, biləsiniz; təklif edirəm belə sadist üsulla söz qayıran filoloq alimlərimizə də diləzor adı qoyaq), yas yerində yemək verməyi, nə bilim, taksiçilərin küçədə bağırmağını qadağan etmişdir.

Bəyəm bunlar pisdir ki? Sivil qaydada, Parisdəki kimi yaşamaq təklif edirdi da bə. Hərə bir təndir qalayanda tüstüdən göz çıxır, üstəlik, Naxçıvanda təndir odununu haradan alasan? Meşə az, çöp yox... Hələ nə qədər gəlin təndirə çörək yapanda yıxılıb tələf olur, yanır. Çörəyi az yeməliyik. Xüsusən Naxçıvanda əti ətlə yemək yaxşıdır. Ya da kürü ilə. Biz özümüz Bakıda çörək olmayanda tort yeyirik.

Küçədə ipdən paltar asmaq da bizə yaraşmır. Bəzən Bakıda harasa gedirsən, görürsən ipdən çoxlu, üzr istəyirəm, tuman asılıbdır. Bəs abır-həya? Xalqın anası-bacısı var. Neçə gənclərimiz o paltar asqısı mövzusunda bıçaqlanıbdır.

Yas yerində ehsan qadağası bir ara hətta Bakıya gəlib çatmışdı. Lakin uca şeyximizin çoxlu belə obyektləri, mərasim evləri vardı deyə mərkəzi hökumət qərarı çox sərtləşdirmədi. Ancaq dərindən fikir verəndə görürsən müdrik qərardır. Buna görə Vasif müəllimi qınayanlara ar olsun.

Taksi sürücülərinin vahid geyimi, küçədə adam kimi sakitcə durması da yaxşı qaydalardır. Yoxsa bizdə, Bakıda bəzi metroların başından, körpülərin altından keçmək olmur. Taksi sürənlər adamı zorla tutub harasa aparmaq istəyirlər. Mənim özümü neçə dəfə “20 Yanvar”ın yanından tutub Sumqayıta, Lənkərana, Cəlilabada aparıblar.

Elə bu yazını Ələtdə düşüb, qaçıb yazdım. Biz gedənin dalıyca, gələnin qabağıyca danışmaq azarımızdan əl çəkməliyik - sözüm budur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости