Свобода людям, независимость нациям!

İNCİTSƏK BAĞIŞLA...

5681 11.10.2009 01:43 Колумнисты A A

Təkcə bu fakt - həbsdəki jurnalistlər mövzusu az qaldığımızı o qədər aydın göstərir ki...
Minnət-zad qoymuram bunları yazmaqla. Sən olsaydın, bəlkə də daha artığını edərdin və etmisən də. Sadəcə onu demək istəyirəm ki, ölkədə hələ də iki qəzet var ki, iqtidardan kimlərinsə onlara hətta ən həssas mövzularla bağlı göstəriş vermək imkanları yoxdur. İstisna deyil ki, müstəqil qalmağı bacarmış, icazəsi özündə olan başqa qəzetlər də var və onlar sadəcə, fərqli mülahizələrdən çıxış edərək Azərbaycan jurnalistikasının bir saylı problemini hər gün gündəmə daşımırlar...
Belə halda bu qəzetlər əlbəttə ki, bir-birinə daha sıx sarılmalı, əl-ələ verib mövcudluğu qorumalıdırlar. Təəssüf ki, alınmır.
Qənimət bəy. Rəsmən baş redaktoru olduğun «Azadlıq» qəzeti son aylarda bizə, necə deyərlər, «göz verir, işıq vermir». Qərəzin də bir həddi olar. Hər nömrədə «Yeni Müsavat»ın kollektivi, köşə yazarları, şəxsən mən özüm təhqir olunuruq, satqınçılıqda, başqa ağır əməl və cinayətlərdə suçlanırıq. Bəzən barəmizdə gedən yazılar tərbiyəsizlik səviyyəsi baxımından, bəzənsə say baxımından əndazəni aşır. Məsələn, sənə məktub yazdığım 9 oktyabr günü «Azadlıq» qəzetində «Yeni Müsavat» qəzeti ilə bağlı 5 yazı dərc olunub. Biri 3-cü səhifədə, biri 5-də, biri 9-da, ikisi isə 11-ci səhifədə. Hətta adi agentlik xəbərində də orijinal başlığı dəyişdirərək «Yeni Müsavat»ın əleyhinə çeviriblər (Məndən götürülmüş açıqlama elə təqdim olunub ki, verilməsəydi, daha yaxşı idi).
Qənimət bəy. Qəzetində bizim əməkdaşlara, konkret olaraq Zamin Hacıya müraciət olunur ki, orada hamı satqındır, çıx gəl bizə, burada azadlıqdır. Eyni nömrədə Müsavat başqanı İsa Qəmbərə müraciət olunur ki, ya qəzetin təsisçiliyindən istefa ver, ya da Rauf Arifoğlunu işdən çıxart. Həmin nömrədə sənin qəzetində barəmdə rüşvətxor, yerlibaz ittihamları da yer alıb...
Qardaş, bu, nə düşmənçilikdir belə, bəlkə sən aydınlaşdırasan? Artıq uzun sürədir davam edir. Ayrı qəzet olsaydı, məhkəməyə verib şərəfimizi, ləyaqətimizi, adımızı qoruyardıq. Amma bu halda sənə görə bunu edə bilmirəm.
Hər qəzetə gələnlər də olur, gedənlər də. Media quruluşları belə detalları adətən qabartmırlar - həmrəylik nümunəsi göstərirlər. Bu arada qəzetdən gedənlərimiz var. «Azadlıq»dan da bizə köşə yazarı timsalında gələn olub. Zamin Hacı, Fərhad Məmmədov da vaxtilə «Azadlıq» qəzetində çalışıblar - indi bizdədirlər. Bütün bunlar o qədər adi məsələdir ki, xəbər yapılmağa belə layiq deyil.
Bu cür detalları «Azadlıq» qəzeti bilirsənmi necə təqdim edib? («Azadlıq»dan başqa heç bir qəzet bu mövzuya toxunmayıb-red.) «Yeni Müsavat»da Müsavat üzvlərinə qarşı repressiya faktı kimi! Və ən pisi də budur ki, istər köşə yazılarında, istərsə də xəbər janrında barəmizdə gedən hər hansı bir iddiaya, böhtana... görə bizdən bircə cümləlik də olsa, rəy almırlar.
Demək olar, hər nömrədə ittiham olunuram ki, mən Ramiz Mehdiyevi və Ramil Usubovu qəzetimdə qoruyuram. 9 oktyabr tarixli «Azadlıq» qəzetində də yenə eyni ittihamlar var. Və baxıram «Yeni Müsavat» qəzetinin 9 oktyabr tarixli sayına, birbaşa Ramiz Mehdiyevin tənqidi ilə bağlı 2 yazı var (1 yazı isə polisin tənqidinə həsr olunub.) Və artıq bir həftədir ki, hər gün Ramiz Mehdiyevin məlum məqaləsinə dair tənqidi yazıları dərc etməkdəyik. Bütün bunları görməzdən gələrək hər gün eyni iddiaları təkrar etməyin mənası nədir, səncə?
Bir qəzetin nəyi necə yazmasını, öz işini, informasiya və bazar siyasətini qurmasını ona başqa bir qəzet necə öyrədə bilər? Üstəlik, öyrətmək nədir, «mənim kimi yazmırsansa, satqınsan» iddiasını açıq şəkildə ortaya qoymaqla.
Mediada Allahını, dinini, millətini danan bir qrup yazar var. İllərdir ki, ayrı-ayrı qəzetlərdə barəmdə olmazın şeylər yazırlar. Son vaxtlar onların bəziləri «Azadlıq»da tribuna tapıb. Və bunlar o qəbildəndirlər ki, mən adlarını çəkib onları şərəfləndirməyi özümə sığışdırmıram. Amma «Azadlıq»ın tribunasını da onlara yaraşdırmıram.
Mənə «Azadlıq»dakı bəzi dostlar qeyri-rəsmi olaraq deyirlər ki, məsələ bizlik deyil, sənə və qəzetə qarşı yazıları AXCP sədri Əli Kərimli yazdırır, səbəbi də Fuad Mustafayev Cəbhədən gedərkən «Yeni Müsavat»ın bu olaya çox yer verməsidir; indi Əli bəy bunun qisasını alır, «Yeni Müsavat»ın bəzi əməkdaşlarını da o, yerindən oynadır guya... Əli bəyi yaxşı tanıdığım və bələd olduğum üçün bu rəyə inanmağa meylliyəm. Çünki mənim «Azadlıq»da çalışan bir kimsə ilə heç bir problemim yoxdur və onlardan heç birinin haqqında güldən ağır bir kəlmə də dərc olunmayıb qəzetimizdə...
İndi qalmışam belə. Qəzetimlə yaşıd olan uşaqlara cavab vermək istəmirəm. Əli Kərimliyə də cavab versəm, bu dəfə çox ağır olacaq...
Allah qapını açsın, Qənimət bəy. Tezliklə bayırda görüşək. Buralarda yerin yaman görünür.
Amma o vaxta qədər səni bu mövzularla əlaqədar üzsək, arxasında imzan gedən qəzetlə çəkişəsi olsaq, bəri başdan səndən üzr istəyirəm.

***

Sən də kimsən, lan, adam bağışlayasan...

Bu yazı «Azadlıq» qəzeti üçün nəzərdə tutulmuşdu. Baş redaktorun müavini Azər Əhmədov dedi ki, Əli Kərimli ilə bağlı hissəni çıxartmasan, dərc edə bilmərəm. «Siz məni ittiham edirsiniz ki, İlham Əliyevin adını şəkə bilmirəm qəzetdə. Siz heç Əli Kərimlinin adını çəkə bilmirsiniz ki... Bu nə, iddialarınız nə? Hanı sizin azadlıq prinsipləriniz?»
«Yaxşı, - dedi, - qoy bir də oxuyum...»
«Yeni Müsavat»ın redaktorlarına dedim ki, yazını göndərəcək Əli Kərimliyə, o da icazə verəcək, amma mütləq yanında da bir cavab yazacaq.
Elə də oldu. Mənim yazımı «Azadlıq»ın dünənki sayında şəxsən Əli Kərimlinin yazdığına zərrə qədər də şübhə etmədiyim tərbiyəsiz və şər-şəbədə bir cavabın müşayiəti ilə dərc etdilər.
Qənimətə yazdığım məktuba «Azadlıq» adlı firqə qəzetinin gerçək sahibi Əli Kərimli həzrətləri cavab verdi: «Bağışlamaq olmur, incimə...»
Sən də kimsən, lan, məni bağışlayasan!!!

***

Məsələ bu qədər bəsitdir. Bu qəzet tamamilə hikkəsi və iddiaları xəstəlik səviyyəsinə gəlmiş, içində hər zaman 3 tuza sıxan uğursuz bir siyasətçinin nəzarətindədir. Orada azadlıq deyilən bir şey yox - sadəcə Əli Kərimliyə rəng yaxan iqtidarı, onun bəzi rəhbərlərini söymək azaddır. Bir də Əli Kərimlinin 2005-ci ilin noyabrında «İsa Qəmbəri burax, qəzetinlə mənim yanımda ol» təklifinə «yox» deyən, bu səbəbdən də düşmənə çevrilən Rauf Arifoğlunu söymək, təhqir etmək, böhtana salmaq azaddır «Azadlıq»da. Bu qəzet bir partiya qəzetidir - Əli Kərimli kimi düşmən hesab edirsə, onu düşmən, kimi keçici dost hesab edirsə (ADAMIN BİRCƏ NƏFƏR DƏ GERÇƏK, CAN DOSTU YOXDUR!), onu dost bilir... Qəzetə formal olaraq rəhbərlik edənlər görüşərkən tokalaşdıqları, mehriban olduqları həmkarlarını belə cənab Kərimlinin şər-şəbədəsindən qoruya bilmirlər...

***

Mənim Qənimətə yazdığım məktub şikayət-filan deyil. Bu məktub Əli Kərimliyə və onun mediadakı mirzələrinə bir xəbərdarlıqdır. Ki, mən artıq dözmək fikrində deyiləm. Ölkədə yeganə tam müstəqil olan, baş redaktor da daxil olmaqla yalnız redaktor korpusunun yönəltdiyi, heç bir siyasətçinin əlinin girmədiyi «Yeni Müsavat» qərar qəbul edib ki, bu qədər həqarətlərə dözməyimiz yetər. Və xəbərdarlıq etmişdik ki, bu dəfə cavab çox ağır olacaq...

***

2000-ci ildə MTN-in qapalı təcridxanasında 45 günə bir kitab yazdım. Daha doğrusu, 45 gün ərzində vəkil vasitəsi ilə dışarıya çıxartdığım məqalələri həbsdən sonra bir kitaba topladım.
Tanınmış siyasətçilərdən biri mediada dəfələrlə iddia etdi ki, MTN-də mənə kitab yazmaq üçün kompüter veriblər...
Cavab yazdım ki, Allah qismət eləsin, sən də get bir oraları gör, bir-iki dənə də kitab yaz, biləcəksən ki, burada çətin bir şey yoxdur...
Allah qismət elədi... 13 ay Bayılda onunla birgə yatdıq, qardaş olduq, sirdaş olduq, «xlebnik» olduq. Adama da 1-2 kitab yazdıq. Üstəlik, məqalələr, rəylər, müsahibələr...
İndi eyni şeyi Əli Kərimli yazır. Ki, mənə orada kitab bağlamaq üçün şərait yaradıblarmış...
Nə deyirəm, Allah bilsin. Amma Allahdan bircə təvəqqem var. Bunu ona başa salmaq üçün məni də onunla bir kameraya salmasın...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости