Свобода людям, независимость нациям!

İlk proqnozu fıs çıxan mundial

2731 21.11.2022 11:14 Колумнисты A A

 

Növbəti futbol mundialı bir neçə gün öncədən verilən proqnozların darmadağın olması ilə başlandı. Deyirdilər, Qatar (bəziləri Qətər deyir, yazır, amma ərəb dilini bilənlərə görə, ölkənin adı məhz Qatardır) oyunu Ekvadordan pulla alıb və hesab 1:0 meydan sahiblərinin xeyrinə bitəcək.

Amma oyunun lap başlanğıcında Ekvadorun Valensiya adı oyunçusu bu proqnoza kəllə atdı. Onun vurduğu halal qol sayılmayanda, düzü, mən də elə bildim, Qatar oyunu alıb. Amma Valensiya dincəlmədi, ard-arda daha iki qol vuraraq bukmeker kontorlarının da, dünyanın futbol bilicilərinin də, sui-qəsd nəzəriyyələrini sevənlərin də gümanlarını heç-puç elədi.

Oyunun ilk günündə başqa proqnozlar da düz çıxmadı. Deyirdilər, stadiona qadın buraxılmayacaq, amma stadionda qadınlar vardı, hətta yerli qadınlar da gözə dəyirdi. Düzdür, onlar o biri mundiallardakı kimi çox və fəal deyildilər, amma əsas odur ki, ordaydılar. Əvvəlki çempionatlarda rejissorlar eyzən müxtəlif ölkələrin gözəl qızlarını iri planda göstərir, futbol azarkeşlərinin zövqünü oxşayırdılar.

Ümumiyyətlə, mundialın açılışı gözlənildiyindən yaxşı oldu. Çoxları aşağılayıcı tərzdə deyirdilər, ərəblərin əlindən yaxşı iş gəlməz, amma açılış şousu pis olmadı. Avropa ölkələrinin müsəlman ölkələrinə ənənəvi üstdən aşağı baxma davranışı bu kimi söhbətlərdə də özünü göstərirdi. İnanın ki, o mundial bizdə olsa, təbii ki, spirtli içkiyə yasaq-filan olmayacaqdı, amma avropalılar yenə özlərini təkəbbürlü aparacaq, təşkilatçılığımızı gözdən salacaqdılar. Biz elə fimlərlə bir-iki dəfə baxmışıq. Eurovision-2012-də Avropa ölkələrinin çoxu nəyə görəsə bizə düşmən kəsilmişdi, media qurumları gecəbəgündüz əleyhimizə yazırdılar. Amma sonra sakitləşdilər.

Düzdür, Qatarın mundiala ev sahibliyini pulla alması 100-də 100 faiz doğru söhbətə oxşayır, amma baxaq, görək, o dövlətin böyükləri meydan sahibi olmaq üçün külli miqdarda rüşvəti kimlərə veriblər? Bəli, avropalılara. Blatterlərə, platinilərə.

Əslində belə söhbətləri o biri mundiallarda da olub. Məsələn, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında öncədən Fransanın dünya çempionu olacağını, özü də Braziliyaya qalib gələcəyini deyənlər vardı. Axırda elə də oldu. Amma bu, proqnozdan çox, arzunun gerçəklik kimi qələmə verilməsi və legitimləşdirilməsiydi. O boyda Braziliya çempionat boyu bütün komandaları çiləyə-çiləyə gəldiyi halda, finalda Fransa ilə oyunda “Şamaxı” kimi oynadış Təşər-təşər “pentakampeon” adlandırılan oyunçular künc zərbələri zamanı Zidana şərait yaratdılar ki, iki qol vursun. Proqnozlar beləydi ki, hesab 2:0 qurtaracaq, amma artırılmış dəqiqələrdə Petit adlı fransız daha bir qol vurdu. Bax, onda braziliyalılar xeyli pərt oldular, az qala Petiti döyəcəkdilər ki, iki qol danışmışdıq, üçüncü hardan çıxdı.

Yox, mundiallarda öncəgörmələrin düz çıxdığı vaxtlar da olub. Məsələn, 1982-ci ildə Braziliya ilə SSRİ yığmasının oyunundan qabaq dünyaca məşhur bir falçıdan soruşmuşdular, demişdi ki, Braziliya SSRİ-ni 2:1 hesabı ilə udacaq, qolları da Sokrates və Eder vuracaq. Bu barədə xəbər o dövrün “Kommunist” qəzetinin 4-cü səhifəsinin aşağısında dərc olunmuşdu. Oyun günü gəldi, çatdı, Braziliya SSRİ-ni 2:1 hesabıyla uddu, qolları da Eder və Sokrates vurdu. Mat qalmalı iş idi.

1986-cı ildəki mundialda bir danimarkalı azarkeş öz proqnozunun və dilinin bəlasına düşmüşdü. Danimarkalı pab sahibi hesab etmişdi ki, ölkəsinin komandası Uruqvayı 1:0 və ya 2:1hesabıyla udacaq və öz müştərilərinə vəd vermişdi ki, milli komanda neçə qol vursa, hər müştərini o sayda parç pivəyə qonaq edəcək. Danimarka isə Uruqvaya 6 qol vuraraq pivə barının sahibini müflis günə qoymuşdu.

2014-cü il mindialında isə bir oktapod (sprut) dünyanın ən biləndar proqnozçularından daha fəhmli olduğunu göstərirdi, hansı ölkənin bayrağını seçib ona yaxınlaşırdısa, həmin ölkənin komandası qalib gəlirdi. Axıra qədər də elə oldu. Nə sirri-xudaydısa, bir kəs baş açmadı.

Bu il də maraqlı proqnozlar var, deyirlər, finalda Braziliya ilə Belçika oynayacaq və Brazliya qalib gələcək. Amma mən istəyirəm ki, finalda Argentina ilə Portuqaliya (Messi ilə Ronaldo) qarşılaşsın və hansı yaxşı oynayırsa, o qalib gəlsin. Biz də birdəfəlik bilək ki, Messi güclüymüş, yoxsa Ronaldo.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости