Свобода людям, независимость нациям!

İkinci Topxana dirçəlişi: xalq yenidən səhnəyə çıxır

5522 20.07.2020 08:36 Колумнисты A A

Tanış gəlirmi? Bu həmrəylik, bu millilik, bu yandımcanlıq, xalqın bir yumruq kimi eyni hədəf ətrafında birləşməsi! Və hamının ellikcə eyni şüarları səsləndirməsi...

İxtiyarlar, ağbirçəklər - həmyaşıdlarım və daha yaşlılar, sizlərə xitab edirəm: Meydan hərəkatını xatırlayırsınızmı?

O zaman Azərbaycan xalqı möcüzələr yaratmışdı...

İndi yaşananlar da bir möcüzə deyilmi, sizcə? Məsələn, düz bir ay bundan əvvəlki halımızla müqayisədə? Lap elə, 11 iyul tarixi ilə 19-20 iyul tarixini müqayisə edək. Biz cəmiyyət, millət, dövlət və ...diaspor olaraq, 11 iyuldakı kimiyikmi? Və hansı halımız sizə daha simpatik görünür?

12 iyul 2020-ci il. Tovuzun Ağdam kəndi ermənilər tərəfindən bombardıman edildi. Dövlət sərhədində yerləşən Qaraqaya postları və əsgərlərimiz qəfil hücuma məruz qaldılar. Şəhidlər verdik. Sonrakı günlərdə korpus komandanı, general Polad Həşimov şəhadət şərbətini içdi...

Hər şey anındaca dəyişdi. Azərbaycan dəyişdi. Tovuzdakı, Bakıdakı, Gəncədəki, Şəkidəki, Masallıdakı, Qazaxdakı, Biləsuvardakı, Qəbələdəki, Təbrizdəki, Torontodakı, Londondakı, Cenevrədəki, Nürnberqdəki ... azərbaycanlılar dəyişdilər. Bütün fərdi qayğılar, hətta koronavirus qorxusu, maska məcburiyyəti, xüsusi karantin rejimi arxa plana keçdi. Gündəmə milli məsələ kimi orduya dəstək, Tovuza - Vətənə yardım ehtiyacı gəldi. Bir an kimi qısa bir zamanda millət içindən reaksiya verdi, vahid reflekslər işləməyə başladı və...

Xalq yenidən səhnəyə çıxdı, onu meydanlarda gördük! Sanki 1988-ci ilin noyabr ayıdır. Topxana meşələrinin qırılması ilə başlayan milli müqavimət, milli oyanış və milli həmrəylik prosesləri bir başqa versionda yenidən yaşanır!

Amma bu dəfə bir neçə üstün fərqlə! Topxana meşələrini kəsib, milli heysiyyatımızla oynayanda, bizim dövlətimiz yox idi! Ordumuz yox idi! Sovet dövləti vardı - bizim deyildi! Sovet ordusu vardı, o da bizi meydanlarda mühasirəyə alıb, dəyənəklə döyür, daha sonra isə gülləboran edərək, öldürürdü. O zaman sərhəd xətti Bakıdan keçirdi! Düşməni dəstəkləyən qoşunlar bizi paytaxtımızda vururdu!

O zaman milli mediamız yox idi. İnternet yox idi. İnformasiya blokadasında idik. Bəsit, amma gerçək bir xəbəri yaymaq dünyadakı ən çətin işlərdən biri sayılırdı. İndi bunu telefonu və Facebookda səhifəsi olan istənilən azərbaycanlı edə bilir. Həm də görüntülü olaraq...

O zaman Türkiyə arxamızda idi, lakin dövlət olaraq deyil, xalq olaraq; bizimsə heç bundan xəbərimiz də yox idi. O zaman dövlət başçısı, ordu generalları bizdən deyildi. Bizim deyildi! İndi dövlətimiz var, onun rəhbəri bizdəndi, həm də bizim olan ordunun Ali Baş Komandanıdır; ordumuzun generalı xalq üçün düşmənlə təmas xəttində döyüşür və şəhid olur! İndi Türkiyə var! Onun ordusu ordumuz kimidir! İndi dövlətimizi sayan və bizimlə dostluq edən dövlətlər var...

1988-ci ildə uğrunda canımızı nəzir dediyimiz və əlçatmaz görünən bir çox hədəflərə qovuşmuşuq. Sadəcə ermənilər heç dəyişmədən yenə də qarşımızdadırlar! Həmin namərd, həmin şərəfsiz və daha da murdarlaşan xislətləri ilə...Sovetlərin varisi olan Rusiyanı da unutmuruq, lakin bəzi səbəblərdən çox da şey eləmirik...

O zaman Bakıdan kənardakı dünya ölkələrinin paytaxtlarında müdafiəmizə qalxacaq, sözümüzü söyləyəcək kimsə yox idi, yalnız Moskvada toplu halda azərbaycanlılar vardı, atdıqları hər addım bizə ruh verirdi...

İndi möhtəşəm bir diasporumuz var! ...Var imiş! Bu gerçəyi son bir həftədə bildik! Siyasi mövqeyindən, rəsmi Bakıya münasibətindən asılı olmayaraq, dünyanın bir çox ölkələrinə səpələnən azərbaycanlılar birdən-birə, çox sürətlə təşkilatlandılar, Avropa qitəsinin, Amerika materikinin bir sıra şəhərlərinin küçələrindən ana vətənlərinə dəstək oldular! Canlı yayınlar, verilişlər, paylaşım və statuslar!

Dünyada bir Azərbaycan həftəsi yaşanır! Azərbaycan cəmi bir həftədə dünyanı və həm də özünü silkələdi! Bakıda siyasi səhnəyə çıxan xalq dosta-düşmənə öz mesajlarını verə bildi! Bu xalq heç zaman işğalla və erməni ilə barışmayacağını ən inandırıcı bir dəlillə ortaya qoydu!

...Yeni nəsildən bədbinlik vardı, şikayət vardı! Bizim kimi hərəkatdan və müharibədən doğulmuşlar yeni nəsildən, gənclikdən şikayətçi idik!

Düşünürdük, onlar bizim kimi deyillər. Vətəni də bizim kimi sevə bilmirlər. Erməniyə münasibətləri də sanki bizimki kimi deyil...

Bir sözlə, yanıldıq! Və Allaha şükür! Yeni nəsil bizdən ötə vətənpərvərmiş! Daha tez təşkilatlanan, yaranmış böhranlarda daha yaxşı variantlar tapan, daha da fədakar!

Millətimin içində elə nəhəng bir enerji, elə güclü bir yanğı var ki! 26 ildən çoxdur, onun ifadə olunmasına imkan yaranmamışdı. İlk imkandaca, bax, belə bir səhnə yarandı! Həmin səhnəyə də əlahəzrət xalq çıxdı!

...Son günləri Tovuzda, sərhəd kəndlərində keçirdim. Orada, savaş gedən o torpaqlarda bir milli həmrəylik modeli yaranıb. Müəllifi millət özüdür!

...Elə hekayələr var, elə nümunələr var, başqa millətdən olsaydım da, bu xalqın qarşısında ''şapka'' çıxardardım. İndi sadəcə, baş əyirəm.

Tovuzun timsalında, onun adı ilə Azərbaycanda və ondan kənarda ciddi bir proses başlayıb. O qədər ciddi ki, yəqin yaxın gələcəkdə 12 iyul tarixi dünya azərbaycanlılarının xüsusi bir günü kimi tarixə yazılacaq.

Azərbaycan onu vətən bilən hər kəsindir! Erməni amili, Ermənistan faktoru bu vətənə təhdiddir. Həm də dəyişməyən, azalmayan, geri çəkilməyən bir təhdid.

32 il öncə bu münaqişə təkrar start götürəndə hələ doğulmayan azərbaycanlılar bu gün həmin təhdiddən vətənlərini və xalqını qorumaq üçün şəhid olurlar! Belə davam etsə, daha 32 il sonra da yeni nəsillər bu taleni yaşayacaqlar.
Bu təhdid yox olmalıdır! Bu, bir milli vəzifədir. Buna gücümüz və potensialımız çatar!

Almaniyada 19 iyulda çəkilmiş bu fotoya baxın, düşünün və anlayacaqsınız ki, ...var ümid gələcəyə!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости