Свобода людям, независимость нациям!

II Müqəddəs Georgi - Jukova nədən “qənimət adam” demək olar

1678 26.05.2022 11:55 Колумнисты A A

Belə anladım ki, biz Rusiyada yaşasaydıq, biləndar (“znatok” sözünü belə tərcümə edirəm) Rövşən Əsgərov kimi bizə də cinayət işi açar, hah eləyib Samur sərhəd-keçid məntəqəsindən ölkəmizə keçənə qədər tutub qoyardılar içəri.

Çünki yerə gələndə Jukova dair nələrsə yazmışıq. Marşala dair cümlələrimizin içində yaxşıları da olub, yamanları da. Nə öyüb dağın başına qaldırmışıq, nə qaralayıb yerin dibinə soxmuşuq. Adam həyatda necə olubsa, elə yazmışıq. Ümumiyyətlə, tarixi şəxsiyyətlərə münasibətdə ifrata varmaq, onları nə öymək, nə söymək lazım deyil, oxumuş adamlar demişək, obyektiv reallığı yazmaq yaxşıdır.

Hazırda isə elə görünür ki, Jukovdan danışanda soyadının qarışısında “qələbə marşalı” ünvanı yazmadınsa, artıq sərkərdəyə hörmətsizlik eləmiş olursan.

İndi baxaq, görək, Jukov kimdir və biləndar həmvətənimizi ona görə niyə dolaşdırıblar. Zarafat deyil, sabah adam hansı ölkənin aeroportunda ensə, tutub Rusiyaya verəcəklər. Ona görə ki, Jukova qarşı nəsə xoşagəlməz sözlər deyib.

Jukov doğrudan da balaca adam olmayıb, kriminal jarqonla desək, “blatnoy” kişi olub. Stalin də ona hörmət edib, sözünü eşidib. Marşal 4 dəfə qəhrəman adı, 2 dəfə “Qələbə” ordeni (SSRİ-nin ən yüksək mükafatı) alıb, 4 çağırış deputat olub, iki il müdafiə naziri işləyib. Nə Xruşova, nə də Brejnevə yaltaqlanmayıb. Yəni ümumiyyətlə götürsək, onu müsbət xarakterizə etmək olar, sadəcə, marşal pis dövrə düşüb, eyzən başıxarab liderlərlə işləyib.

Amma elə söhbətlər var ki, sübutlu-dəlilli şəkildə tarixdə yer alıb. Birincisi odur ki, yoldaş Jukovun qazandığı qələbələr prinsip etibarilə “Pirr qələbəsi” olub, astarı üzündən baha başa gəlib. Məsələn, elə olub ki, bir adsız təpəni almaq üçün marşal heç bir ehtiyac olmadan bir diviziya əsgəri qırğına verib.

İkinci tarixi fakt odur ki, marşal Berlinin və digər Almaniya şəhərlərinin qarət olunması barədə şifahi əmr verib. 3 gün ərzində sovet ordusunun işğalı altında olan şəhər və qəsəbələrin sakinlərinin naləsi ərşə dirənib. Ta əsgərlər o camaata nə ediblər, nə etməyiblər, burada yazmağın yeri yoxdur, çünki çox adam deyəcək ki, yaxşı ediblər, bəs nemeslər elə edəndə yaxşıydımı. Əlbəttə, yaxşı deyildi, ikisi də hərbi cinayətdir.

Üçüncü fakt odur ki, marşal Almaniyadan vətəninə özü üçün 19 vaqon qənimət gətirib. Biz tərəflərdə yaxşı, faydalı insanlara “qənimət adam” ünvanı verirlər. Bax, o, ifadənin ikinci mənasını Jukova aid etmək olar. Çünki müharibədən ondan çox qənimət gətirən olmayıb.

Özü də onlar hərbi qənimət (məsələn, alman zabitlərinin üstü yazılı tapançaları, top-tüfəng və s.) yox, alman qadınlarının boynundan, qolundan, barmağından zorla çıxarılan qızıl-zinət əşyaları, əyinlərindən soyundurulan xəz kürklər, evlərindən götürülən pianolar, mağazalardan çırpışdırılan parça topları, kostyumlar, paltolar olub. Hətta marşal özünə təzə, yağın içində “Mersedes” avtomobili (katalizatoru da üstündə) də gətirib, sonra aparıb Odessada sürüb.

Odessa demişkən, Jukov bu şəhərdə bir yaxşı iş görüb, hərçənd sovet qanunlarını kobudcasına tapdayıb. O vaxt SSRİ üzrə ən böyük mütəşəkkil cinayətkar qruplaşma Odessada imiş. Stalin Jukovun “blat”ından çəkinərək onu Odessa hərbi dairəsinə komandir göndərib. Jukov gəlib Odessaya, görüb ki, şəhərdə sovet hökuməti yoxdur, “oğrubaşı”lar at oynadır. Marşal səlahiyyət çərçivəsini aşaraq qarnizonun əsgərlərini dəhmərləyib, şəhərdəki canilərin hamısını məhkəməsiz-filansız güllələdib qırdırıb. Amma ta buna görə ona nə pis bir söz deyiblər, nə də durub təzədən qəhrəman adı veriblər.

Ağsaqqal şəxsi həyatında da farağat adam olmayıb, ailəli ola-ola, müharibə dövründə də, ondan sonra da gənc qadınlara, indiki terminlərlə desək, “həcilik”, “rəislik” edib. Amma bunu ona minus kimi yazsaq, xalqın hetereseksual kəsimi adamı qınayar, deyər, yaxşı eləyib, kişidir də, nə etməliydi.

Yəni Jukov elə bir adam olub ki, onun haqqında 50 seriyalı film çəkmək olar, amma yenə də həyatını, başına gələnləri tam əhatə etmək olmaz.

Belə bir həyat yaşayan adamın isə təbii ki, qüsurları da olub, özünün xəcalət çəkə biləcəyi addımları da.

İndi bunlardan biri haqqında danışan həmvətənimizin haqqında qiyabi “həbs qərarı” vermək o deməkdir ki, sən onu müqəddəs elan edirsən. Daha nə edək, II Müqəddəs Georgi də belədən gəldi. Çoxlu ordenləri də var. Bir orden də onun adına qayrılsa, türkün sözü, tam isabət olar.

 

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости