Свобода людям, независимость нациям!

İçimizdəki Ərdoğan devrimi – biz onu niyə sevdik...

8888 08.08.2016 15:11 Колумнисты A A





Dostlarım arasında onun ən böyük heyranı Pənah Hüseyndir. İllər öncədən “Ərdoğan Türkiyəni böyüdür, Yeni Osmanlı gəlir, Türkiyə dünya gücü olur...”, deyə tutdurmuşdu. 

Biz Türkiyə adına MHP-ni sevərdik; bu təşkilatdan gələn dostlarımız 1992-93-cü illərdə Azərbaycan uğrunda bizimlə bərabər savaşmışdılar; əfsanəvi lider Alparslan Türkeş bu partiyanın qurucusu idi -  biz də onun heyranı... AK Parti bizə uzaq dururdu; qısqanılacaq dərəcədə ərəbçi idi; Fələstini Qarabağdan çox müdafiə edir, deyə, iradımızda, gileyimizdə idi...

Amma Pənah bəylə əsil mübahisə o zaman başladı ki, Türkiyəni “Ergenekon” həbsləri bürüdü, bir çoxunu mənim də şəxsən tanıdığım dəyərli zabitlər, jurnalistlər, siyasətçilər, iş adamları həbsə atıldılar. Onların Türkiyəni və eləcə də Azərbaycanı sevdiklərinə şübhəm yox idi. Tayyib Ərdoğan heyranı P.Hüseynə sualım bu idi ki, dostun niyə vətənpərvərləri, Türkiyə Ordusunun şanlı generallarını, jurnalistləri, yazarları  zindanlara doldurur? Bunların Türkiyəni sevməkdən ayrı suçu yoxdur, axı...

****

Başqa məsələlərdə Ərdoğanı ölümünə müdafiə edən Azərbaycanın sabiq baş nazirinin “müdafiə səddini” məhz bu fraqmentdə yara bilirdik. Dost çevrəsindəki mübahisələrin, beyin fırtınalarının əsas personajlarından biri olan dəyərli dostum, Tovuzun Elçibəy dövründəki polis rəisi olmuş Novruz Həsənli isə hər dəfə deyirdi: “Pənah, bax görəcəksən, “Ergenekon”la bağlı içəridə heç kim qalmayacaq, onları tutanların hamısı da vətən xaini kimi içəri tıxılacaq...” 

Novruz bəy Türkiyə siyasi mühitini hamımızdan yaxşı bilirdi, 13 il bu qardaş ölkədə mühacirət həyatı yaşayıb; qatı MHP-lidir;  Bahçeli və Atilla Kayanı çox sevər - Pənah bəy Ərdoğanı sevdiyindən, bəlkə də daha çox. 

İndi Novruz Həsənli tam haqlı çıxıb. “Ergenekon” işi ilə bağlı həbs olunanlar azadlıqda, bu işi düzüb-qoşanlar, Türk Ordusuna xain qəsdi həyata keçirənlərsə ya türmələrdə, ya da qaçaqdırlar, cinayətkar kimi aranırlar.  

Tarix və möcüzəvi gedişatlar Pənah Hüseyni də haqlı çıxardıb; biz də haqsız sayılmarıq... 

Çünki bizim mübahisəmizə, Pənah Hüseynin də zəif müqavimətinə səbəb olan fraqment Türkiyə prezidenti cənab Ərdoğanın özü tərəfindən etiraf olunub, peşmanlıq ifadə edilib. Prezident deyib ki, bu işi “paralelçilər” edib, bütün Türkiyəni, o cümlədən də onun özünü aldadıblar. Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən tərəfdarları ilə 10 il Türkiyə iqtidarını paylaşdığına, onların əli ilə törədilənlərə görə isə hər kəsdən, xüsusi ilə də türk millətindən üzr istəyib. Biz də türk irqindən olduğumuzdan, Türkiyəni sevdiyimizdən, mesaj bizə də aiddir. Prezident Ərdoğan son mitinqdə də dedi ki, “paralelçilərin” önünü açan, onların istintaq və hərbi sektorda irəliləməsini təmin edən cinayət işlərinə yenidən baxılacaq, zərərçəkmişlərin haqları bərpa olunacaq...

Bu, inqilab xarakterli bir dönüşdür. Üstəlik, hər liderə də nəsib olmur ki, bu cür dönüşləri özü həyata keçirtsin, özünün və iqtidarının yanlışlarını şəxsən özü düzəltsin. Bu baxımdan, Ərdoğan Allahın şanslı bəndəsidir. 

****

Onun şansı həm də ondadır ki, böyük və uca bir millətə rəhbərlik edir və bu millət də onu sevir! Ərdoğan Atatürkdən sonra türk millətinin bunca könüldən sevdiyi ikinci böyük liderdir. Artıq son illərdə neçənci dəfədir, Türk milləti Ərdoğanı, Ərdoğan da Türkiyəni qoruyur. Bu bağlılıq ilahidən gələn bir xətt kimi, hər dəfə Türkiyəni fəlakətin astanasından döndərir.

Son çevriliş cəhdi hər kəsin gözünü açdı və bu liderin miqyasını dünyaya göstərdi. Ərdoğan olmasaydı, o duruş olmasaydı, xain çevrilişi törədənlər Türkiyəni batıracaqdılar; bütün dünya türklərinin sevgili və gözəl vətəni xaraba qalacaqdı, qan gölündə boğulacaqdı. Azca məlumatı olanlar bilirlər ki, bu xain cəhdin arxasında dayanan qüvvə əslində şərti adı “FETÖ” olan təriqət hörgütü deyil; qüdrətli dövlətlərdir və onlar Ərdoğanı ona görə istəmirlər ki, qarşılarında əyilmir, öz maraqlarını və Türkiyənin çıxarlarını təmsil edir...

****

Mənim ona bütün neqativim, barəsindəki bütün suallarım 15 iyul gecəsi silindi. Hər kəsin gözü qarşısında Türkiyəni fəlakətdən qurtardı, cəsur davrandı, virtuoz siyasət yeritdi; ölümü gözə alaraq, şəhadəti qəbullanaraq, xuntanın üstünə getdi. Xalqını meydanlara, müqavimətə səslədi -  çünki onun iqtidarını və mövcud hökumətini faktiki olaraq, yıxmışdılar; bütün rıçaqlar iflic idi; ən əsası, özü də xalqın önünə çıxdı, müqavimət hərəkatını bilavasitə, həm də küçədən yönəltdi, bir Paşa, hərbi komandan zəkası nümayiş etdirdi. Həmin gün Türkiyə Tayyib Ərdoğanın timsalında ikinci İstiqlal Savaşı verdi və çox şükürlər olsun ki, onu da qazandı...

****

İqtidarı və ölkəni üsyandan, çevrilişdən qorumağın bu modeli 1994-cü ilin 4 oktyabr gecəsi Bakıda da sınaqdan çıxarılıb. Gənclər xatırlamazlar, ya da bunu filmlərdən görmüş olarlar; mərhum Azərbaycan prezidenti Heydər Əliyev Surət Hüseynovun və hərbi müxalifətin qiyamını məhz bu yolla məğlub etmişdi. Biz o zaman onun iqtidarına qarşı ən radikal müxalifət idik; lakin Heydər Əliyev efirdən xalqa müraciət edirdi, hər kəsə, elə bizə də ehtiyacı vardı; o zaman Azərbaycan risk altında idi; Elçibəy iqtidarını devirən xunta bu dəfə də Heydər Əliyevi devirmək istəyirdi. Azər Ayxanla eyni evdə qalırdıq; çağırışa biz də getdik və bütün müxalifəti də o zaman orada, Prezident Aparatının qarşısında gördük. 

****

Türkiyənin nəhəng müxalif qüvvələri də Tayyib Ərdoğanın yanında idi. Çünki mövzu-bais vətəndir! Bu baxımdan, Tayyib Ərdoğanın 7 avqustda dünyaya göstərdiyi “tək ürək Türkiyə!” modeli də alqışa layiqdir. Dostlar, “Yeniqapı”dakı meydanda o mənzərəni göstərən millət bizim millətdir! O səhnə həm də bizə aiddir! İstər soy ağacı ilə götürək, istər din ağacı ilə! Tayyib Ərdoğan hər birimizin adından dünyaya, Türkiyəni, türk-islam arealındakı ən qüdrətli məmləkəti qarışdırmaq istəyən güclərə strateji bir mesaj verdi. Ərdoğan o meydanda özünü və həm də türk millətini dünyaya göstərdi! İstanbulu fəth edən bir irqin yekə bir mesajı idi bu! İç xainlərə, daxili maşalara görə deyildi bu nümayiş - onlarlıq əslində heç nə yox idi, “Yeniqapı”da. Onlar istintaq və Türkiyə ədaləti qarşısında hesab verəcəklər. Ərdoğan və türk xalqı dünyaya göstərdi ki, onlar üçün vətən ən qutsaldır! Və bu millət vətənə təhdid refleksi ilə ayağa qalxanda, ona elə gəlir ki, tankı-topu, təyyarəni cismi ilə, yumruğu ilə əzər, güllə ona batmaz, ölüm ona şərbət gələr...

****

Mən bu səhnələri daha əvvəl görmüş, yaşamışam, qardaşlar! Bakıda, türk irqinin yaşadığı digər məmləkətdə - Azərbaycanda! 1988-90-cı illərdə. O zaman da azərbaycanlılar rus tanklarının qarşısına əliyalın çıxdılar, güllələrdən qorxmadılar, toplardan qaçmadılar, şəhidliyi şərbət kimi başlarına çəkdilər! Təsadüfi deyil ki, 1989-cu ildə meydanlarda apardığı mübarizəsinə görə Azərbaycan xalqı dünyada “İlin xalqı” elan olundu! 

İndi ilin xalqı türk xalqıdır. (İçində də biz varıq!) Gözümdə o meydan qədər böyüyən və məni özünə heyran buraxan Tayyib Ərdoğansa ilin lideri, baş komandanı, prezidentidir. 

****

Türkiyədə mövcud sistem devrilsəydi, ölkə param-parça olacaqdı. Türkiyə olmayacaqdı. Bizim sevdiyimiz, sevə-sevə getdiyimiz, bizə qucaq açan, arxamızda duran, güvənc yerimiz, millətimizin adını daşıyan müqəddəs məkan. 

Tanrı türk-islam beşiyini, paytaxtını,  qorusun və daha da ucaltsın.

Rəcəb Tayyib Paşa, çox yaşa!    
 



Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости