Свобода людям, независимость нациям!

Hər zada inanmaq mərəzinin fəsadları

1837 28.09.2022 14:00 Колумнисты A A

 

“Müsyö Jordan” tamaşasında gözəl və unikal bir epizod var, Hətəmxan ağa fransızları və bizi müqayisə edir. Ağanın müqayisələrindən biri belədir: “Fransızlar heç zada inanmırlar, biz hər zada inanırıq”.

Əlbəttə, deyilənə görə, inanclı olmaq yaxşı şeydir, amma ta o dərəcədə də yox ki, dələduzun birini “12-ci imam Mehdi” hesab edəsən, hər ay ona zəkat, xərac ödəyəsən və qarşısında qul olasan.

Hazırda Ağır Cinayətlər üzrə Məhkəmədə qalmaqallı bir məhkəmə işi gedir və prosesin hər iclası insanları təəccübləndirir.

Düşünürsən ki, 21-ci əsrin 22-ci ilində necə ola bilər ki, ağıl və fərasəti çoxlu pul qazanmağa çatan ali təhsilli şəxslər kimisə müqəddəs hesab eləsin, ona o qədər pul versin və qarşısında müti olsun.

Məhkəmə prosesində şahidlərin ifadəsində bəzi çıxarışlar edim, mətləbə yəqinlik gəlsin:
“Biz onu “12-ci imam Mehdi hesab edirdik, qarşısında danışmırdıq”;
“Cavabını qaytaranda deyirdi ki, səni cəhənnəmə göndərərəm, onda başa düşərsən";

“Hərdən danışanda özünü ifşa edirdi. Amma biz ona bir söz deyə bilmirdik. Elə bil ki, bizi ofsunlamışdı";

“Aqil Babayevin mobil telefonundan iki qadına pornovideolar göndərilməsi məsələsini soruşanda dedi ki, ifritlər onu yatızdırıb, telefonundan həmin videoları göndərib".

Deyirdi ki, xəstə adamın belinə əlini çəkib, o da sağalıb. Onun cinlərlə iş gördüyünü də fikirləşirdik";

"Son vaxtlar çox haqsızlıqlarını görürdüm. Allahdan qorxurdum ki, başımıza daş düşəcək”.


İndi siz təsəvvür edin ki, kor inanc bu şəxsləri nə günə qoyub. Onlar təkcə müttəhim Aqil Babayevə yox, qeybə çəkilmiş imama da inanırmışlar (indi kimsə öz-özünə deyəcək ki, aha müəllif özü inanmır, hə, elədir, inanmır), cinlər də, ifritlərə də, bir dələduzun onları cəhənnəmə göndərə biləcəyinə də. Bir sözlə, Hətəmxan ağanın dediyi məsələ...

Yaxşı, hər şey qoyaq qırağa, yəni bu ifritlər o qədər oğraş məxluqlardır ki, birlikdə iş gördükləri adamın telefonundan onun yaxın adamlarının qadın qohumlarına pornovideo göndərsinlər? Cin olanda nə olar, gərək seksual manyaklıq edə? Biz görmüşük ki, lampadan və ya butulkadan çıxan cinlər onları azad edən adamın köləsi olurlar, minimum üç arzusunu yerinə yetirirlər. Babayevin cinləri isə onu yuxuya verir, gedib pornomaterial yayırmışlar.

Məgər adam inanclı olanda önündəkinin yalan danışdığını bilə-bilə müticəsinə durmalıdır, hələ ona yenidən inanmalıdır? Adam, görürsən ki, bu yalan danışır, özünü ifşa edir, ta niyə qorxursan ki, Allah onun sözü ilə sənin başına daş salacaq.

Əslində isə bu şəxslərin başına onda daş düşübmüş ki, bu şəxs onları ofsunlayıbmış. Gerçəkdən də bu cür vaqiə yalnız ofsun nəticəsində baş verə bilər. Həkimlər Aqil Babayevi müayinə etməlidirlər ki, görsünlər onun hipnoz qabiliyyəti varmı, yoxmu. Çox ola bilər ki, ondan fitrətdən belə bir qabiliyyət var. Əks təqdirdə universitetdə beynəlxalq hüquq ixtisası almış adam ona bu qədər dərindən inana bilməzdi.

Amma hiss olunur ki, o qədər pulu bir dələduza qapdırandan, adları məhkəmədə hallanıb rüsvay olandan sonra zərərçəkənlərin ağılları başlarına gəlib, daha Babayevi nəinki 12-ci imam, ümumiyyətlə, fırıldaqçı hesab edirlər və üzünə dururlar.

Elə axırıncı məhkəmədə onlar sözügedən müttəhimi görər-görməz, "şəhidin pulunu yeyən", "şərəfsiz", "biqeyrət", "dostunun arvadına sataşan tərbiyəsiz" adlandırıblar, ona qarğış da ediblər, deyiblər, “səni Allahın lənətinə gələsən”. Hələ hakim müdaxilə etməsə, zərərçəkənlər adamın üzünə daha pis söyüşlər söyəcək, qarğışlar edəcəkmişlər.

Əcəb işdir, bir neçə il adamın qarşısında müticəsinə dayan, hər dediyini et, qorxundan mıqq eləmə, sonra gəl, lənət oxu, söyüş söy.

Halbuki bunlar onun köləsi olan vaxt bir oxumuş adam çıxıb desəydi ki, qardaşlar, ona inanmayın, nə imam, nə ifrit, adam fırıldaqçıdır, axırda sizi aldadacaq, o zaman bu müridlər ona görüş verib “razborka”ya çağırar, gəlməsə, axtarıb tapar, tutub döyərdilər ki, fərmandehimizə böhtan atırsan. Ya da sosial şəbəkədə adamı hoydu-hoyduya götürərdilər, yazardılar ki, Allah səni hidayət eləsin, ey cahil, bəlkə bu kafirliyindən əl çəkəsən.

Bu iş burada bitməyəcək. O fərasət və qabiliyyət ki, Aqil Babayevdə var, o türmədə də xüsusi hörmət-izzət sahibi olacaq. Orada da hər zada inananlar çoxdur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости