Свобода людям, независимость нациям!

Hər "qorşok"a 5 uşaq düşür

2093 09.09.2022 10:00 Колумнисты A A

Nazirlikdən aldığımız informasiya belədir ki, hazırda Bakıda və Abşeron yarımadasında havanın nisbi rütubəti... Zarafat edirəm, mövzumuz hava deyildir. Sadəcə, yeri gəlmişkən buna da diqqət yönəltməyinizi istədim ki, görəsən, niyə biz “Bakıda və Abşeron yarımadasında” ifadəsindən sonra yalnız hava məlumatı eşitməyə öyrəşmişik? Şübhəsiz, burada hikmət vardır.

Bəli, nazirlik deyir Bakıda və Abşeron yarımadasında uşaq bağçalarında cəmi 6 min boş yer olsa da, 30 min valideyn müraciət etmişdir.

Mən vaxtilə uşaq bağçası axtarmış və bunu “şirinlik” hesabına birtəhər həll eləmiş xeyli valideyn tanıyıram. Doğrudan da hazırda uşağa bağça tapmaq böyük problemdir. Söhbət dövlət bağçasından gedir. Özəl obyektlər itinə tök qədərdir. Hərəsində də bir büzmədodaq direktor oturub uşaqların qanını içir.

Əlbəttə, dövlət bağçalarında da uşaqlarımızı çırpırlar, lakin burada yenə heç olmazsa vətənpərvər şəkildə döyülmə, patriotik işgəncə üsullarından istifadə edilir. Məsələn, uşaq səs salanda onu muğamata qulaq asmağa vadar edirlər. Kaşasını vaxtında yeməyən balacalar əsgərliyə yola salınır və sairə.

Bəs indi biz 6 min yerə 30 min uşaq problemini nə cür həll etməliyik? Böləndə hər yerə 5 uşaq düşür. Bəlkə çarpayıları enli düzəldək, hərəsində 5 uşaq uzansın? 5 nəfərlik qarşoklar, 5 nəfərlik yelləncək və sürüncəklər qoyaq? (Bəlkə də sürüşkənlər - mən, açığı, sözləri düz yazmaqda son zamanlar çətinlik çəkirəm, bir neçə dəfə anbar yerinə ambar, şaftalı yerinə şöytəli yazmışam və ola bilsin müəllim işləmək üçün sənəd verdim).

Ancaq nazirliyin nümayəndəsi problemin həlli üçün müəyyən işıq ucu göstərmişdir. Deyir bölgələrdə tərsinə durumdur, bağçalara qoymağa uşaq tapılmır. Əlbəttə, hamı qaçıb toplaşıb Bakıya və (dalını özünüz bilirsiniz), regionlarımızda qoca-qarılar qalıbdır. Yaşlı adamları uşaq bağçasına göndərə bilmərik ki? Məcburuq bağça boş qalsın. Çünki bağçada çoxlu adamın adı işçi kimi keçir. Uşaq yoxluğundan bağça bağlansa, o zaman xalq işsiz qalacaqdır. Ciddi sosial məsələdir. Məsələn, mən bu yaxında öyrəndim ki, bölgədə bir məktəbimizdə 300 uşağa 125 müəllim dərs keçir. Təsəvvür elə. Hər uşağa 2,4 müəllim düşür (0,4 müəllim təzə işə düzələnlərdir, hələ arıqdır). Bunlara dərs deyib çatdırmaq böyük əziyyətdir.

Xülasə, nazirliyin açıqlamasından belə çıxdı ki, Bakıda və A.y.-da uşaq bağçasında yer tapa bilməyən valideynlər öz balalarını rayon bağçalarına qoysunlar.

Doğrudan da, olduqca müdrik qərardır. Səhər gedirsən avtovağzala, uşağı aparırsan Lerikin Zuvand kəndindəki bağçaya qoyursan. Axşam da tapşırırsan, kimsə avtobusla göndərir, gedib vağzalda alıb gəlirsən. Gör nə qədər mütərəqqi üsuldur.

Yoxsa vəziyyətimiz ağırlaşır. Qanun da bir tərəfdən xalqı sıxır. Çünki uşaq məktəbə gedənəcən mütləq bağça üzü görməlidir, hərfləri tanımalı, rəqəmləri saymalı, ingiliscə bilməlidir (bizim uşaq birinciyə imtahanla qəbul olmuşdu, yadımdadır, onun biletinə loqarifmik tənliyin həlli üzrə misal düşmüşdü, lakin burada şəxsi şeyləri yazmaq istəmirəm).

Təhsil, xalqın təlim-tərbiyə işlərində özbaşınalığa qətiyyən yol vermək olmaz və fikrimcə, uşaq bağçalarını biz çoxdan yol polisinin, ya da vaxtları varsa bandotdelin tabeliyinə verməyə borcluyuq. Yoxsa görürsən bir deputat da dünən danışıb, deyir, ay camaat, uşağa hansı paltarı istəyirsiniz alın, lap kefiniz çəkirsə lüt getsin, çantasına da ilan-qurbağa qoyub göndərin. Guya konstitusiyamız buna icazə vermişdir. Təmiz anarxiya çağırışlarıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости