Свобода людям, независимость нациям!

Hər qəpiyin hesabatı

1896 11.12.2022 15:59 Колумнисты A A

“Dama-dama göl olar, yığa-yığa pul”

(ata sözü)

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlamalardan hər gün maraqlı xəbərlər alırıq. Ən son dəfə teatrın müdiri bu münasibətlə mətbuat konfransı keçirdi. Deyir yoxlamaya gələnlər kuklaların tikildiyi sapların qiymətinə, pəncərəyə vurulan jalüzlərin dəyərinə qədər hər şeyi soruşurlar. Guya bu çox pis haldır.

Vallah, əhsən. Mən buna bir vətəndaş olaraq çox sevinirəm. Deməli ölkəmizdə xalqın hər qəpiyinin qədri bilinməyə başlamışdır. Daha oliqarxlarımız xaricdə ofşor şirkət aça bilməyəcəkdir. Biz belə şeyləri adətən xarici ölkələrdə görüb həsəd aparardıq. Amerikada bir məmur idarənin telefonundan evinə zəng vurduğu üçün cərimə edilmişdi. Kanadada müdafiə nazirliyi üçün alınan mıxların sayında şişirtməyə yol verildiyi üçün nazir istefa vermişdi. İsveçdə kral saraya yelsəpetlə gedib-gəlirdi. Və sairə və ilaxır. Belə paxıllıq çəkdiyimiz şeylər çox olardı. O cümlədən, ölkəmizin daxilində bir sürü axmaq liberal-zad vardır ki, vaxtaşırı işləri ana yurdu aşağılamaq, “o xaricdəki əjdahadan bizdə niyə yoxdur” deyə mırıldanmaq olurdu. Budur. Alın, sizə mütərəqqi cəmiyyət. Yoxlama sapın uzunluğunu ölçür.

Əslində, sap deyib keçməyin, biz şərqliyik, burda qədim dövrlərdən sapın çox əhəmiyyəti olmuşdur. Bütün saplardan söhbət gedir. Məsələn, balta sapı. Deyir bir gün icra başçısı meşəni qırıb yerində villa tikirmiş, ağacdan intervü alırlar, ağac sarı yarpaqlarını tökə-tökə ağlayır: “O baltanın sapı bizdəndir”. Anlayan üçün burda böyük hikmət yatır.

Yaxud, bizdə paltarları ya gümüş, ya qızıl saplarla tikmək adəti olmuşdur. İndi yoxlama bilmək istəyir, bəlkə kukla teatrında Cırtdanın paltarını qızıl saplarla işləmişlər? Yeri gələndə, heç Cırtdan o paltara layiq deyil. Guya neyləyib? Divə kələk qurub. Əvəzində xalqın uşağını nökər kimi işlədibdir. Sən odunu yığ, sən şələ bağla, bu biri daşısın, dördüncüsü lap məni belinə mindirsin. Uşaqda fərasətə bax. Özünü elə aparırmış, sanki uçaskovıdır, ya da, nə bilim, JEK-in müdiridir.

Qızıl sapla Məlikməmmədə paltar tikmək olar. Bu başqa məsələ. İndiki vaxtda hər adam qardaşın saldığı quyudan çıxa bilmir. Bir də ən pis halda Göyçək Fatmaya bahalı paltar layiqdir.

Ümumiyyətlə, sənət aləmində dövlət büdcəsinə nəzarətin bərpa olunması sevindiricidir. Keçən il kinoya 300 min manat ayırmışdılar, onun üstündə qırğın düşdü, hətta bir neçə deputatın düyməsi qırıldı. Deməli gələcəkdə nazir uşaqlarına 500 min manatlıq avtomobil alınmasına da xalq nəzarəti təmin ediləcəkdir. 

Yaxud, o boyda yazıçılar ittifaqı qurultay keçirdi, ədəbiyyat, Anar müəllimin əsərlərinin müzakirəsi, Nobelə təqdim edilən şairələrimiz və sairə qıraqda qaldı, hamı qurultay üçün ayrılan 200-300 min manatdan qırıldatdı. Anar müəllimin həyatını zəhər elədik. Halbuki, bugünlərdə memarlar qurultay elədilər, Elbəy müəllimi Azərbaycan Memarlar İttifaqına sədr seçdilər – gör bundan bir nəfər danışdı? Sanki memarlıq ikinci dərəcəli işdir. Ev almaq üçün qırğın salırlar, kitabı isə müftə verirlər, alan yoxdur, lakin memarların qurultayına xalqın diqqəti sıfırın altında oldu. Bəlkə memarların qurultayında da yeyinti olub? Niyə bunu araşdıran yoxdur? Yəqin memarlığa xalq nəzarətinin zəifliyinə diqqəti yönəltmək üçün Anar müəllim öz romanına “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adını qoyubdur. Eyham vurub ki, sizin tikdiyiniz ev elə bu kökdə olar.

Nəhayət, Hesablama Palatası mina təmizləmə agentliyində yeyinti aşkarladı. Bu artıq nəsə başqa temadır. Ehtiyatlı yazmalısan. Yoxsa partlayarsan.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости