Свобода людям, независимость нациям!

Haylar üstümüzə yeni “day-day” gətirirlər

3630 16.11.2023 14:45 Колумнисты A A

 

İki ay öncə, sentyabr ayının 3-cü ongünlüyündə bur sutka çəkən lokal antiterror əməliyyatından dərhal sonra Qarabağda yaşayan ermənilər ellikcə toparlanıb köçə qərar verəndə və bir həftənin içində Azərbaycan torpaqlarını tərk edəndə, bu, siyasətdən baş çıxaran adamların mühitində eyforiyaya səbəb olmadı. Heç kəs “bununla da münaqişə birdəfəlik həll olundu” illüziyasına qapılmadı.

Çünki bu insanların əlinin altında 35 illik əyani təcrübə vardı. Onlar bu illərdə xalqımıza qarşı düşmənçiliyin ən şiddətlisini etmiş, ağlasığmaz qəddarlıqlar törətmiş qövmün hər addımının bir plan, bir hiylə olduğunu çoxdan bilirdilər. Ona görə də çox adam əmin idi ki, çox çəkməyəcək, elliklə köçün səsi dünyanın qüdrətli dövlətlərinin paytaxtlarında əks-səda verərək üstümüzə qayıdacaq.

O günlərdən hələ iki ay keçməyib, qızışmış ehtiraslar soyuduqca, ermənilərə qahmar çıxan xarici havadarların səsi ordan-burdan eşidilir: Fransa öz daxili problemlərini bir kənara qoyub, özünü “erməni işi”nə həsr edib, ABŞ “Dağlıq Qarabağın gələcəyi”nə dair dinləmələr keçirir, Avropa İttifaqı yeni-yeni planlar üzərində düşünür. Hələ araya Qəzza-İsrail müharibəsi girməsəydi, “erməni məsələsi”nə dair ajiotajın əsl miqyasını görəcəkdik.

ABŞ-ın Ermənistana yönəlik siyasətində bu cür fəallaşma təsadüfi deyil. Bu dövlət artıq öz köhnə arzusuna çatmağın bir addımlığındadır, Ermənistanı Rusiyanın ağuşundan çıxarıb, əgər hər hansı bir fors-major hal (məsələn, dövlət çevrilişi, Rusiyanın işğalçı hücumu) baş verməsə, Ermənistan Rusiya ilə arasındakı son ipləri də qoparacaq və onları Vaşinqtonun əlinə verəcək.

Bayden administrasiyası Ermənistanın supergüclər arasında etdiyi transfer zamanı məruz qaldığı itkiləri kompensasiya etmək üçün ona indiyə qədər olmamış miqyasda maddi və siyasi dəstək verməyə məcburdur. Ancaq bu yetmir. Ermənilər müharibə məğlubiyyətinin də necəsə kompensasiya edilməsini umurlar. Onlardan olsa, ABŞ Cənubi Qafqaza qoşun yeridər, onların əvəzindən Azərbaycanla vuruşar, Qarabağı alıb onlara verər. Amma bu, mümkün görünmədiyinə görə, ermənilər istəyirlər ki, ABŞ əlindəki təzyiq rıçaqlarını işə salaraq Azərbaycanı ən azı bu ilin sentyabrına qədər olduğu mövqelərə qaytarsın.

Bəri başdan deyək ki, bu, mümkün olmayacaq. Sabah ermənilər kütləvi şəkildə getdikləri kimi kütləvi şəkildə də geri qayıtsalar, Laçın sərhəd-keçid məntəqəsindən səliqəli-sahmanlı şəkildə keçəcəklər, gəlib Azərbaycanın hüquq-mühafizə orqanlarının nəzarətində olan yaşayış məntəqələrində yaşamağa başlayacaqlar. Daha heç kəs onlara bu torpaqlarda silahlanmaq, qanunsuz birləşmələr yaratmaq, gecələr gizli evlərdə toplaşaraq məkrli planlar tərtib etmək imkanı verməyəcək. Hələ Qarabağa qayıtmaq istəyən ermənilərin nə qədərinin zəruri filtrasiyadan keçəcəyi, nə qədərinin keçməyəcəyi başqa məsələdir.

Ona görə də ABŞ və ya başqa bir ölkə “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr təşkil edəndə gərək Dağlıq Qarabağın sahibinin mövqeyini də dinləyəydi. Ev yiyəsinin xəbəri olmadan onun həyətində çadır qurmaq mümkün olmadığı kimi burada da ölkəyə qayıtmaq istəyənlərdən, onların niyyətindən dövlətin xəbər olmalıdır, ya yox?

ABŞ tərəfinin bu davranışında isə “dünya hegemonluğu” tövrü qabarır. Sanki Qarabağın dağlıq hissəsində kimlərin necə yerləşməsi sırf onun iradəsindən asılıdır, qərarı verəcək, məsələ həll olunacaq. Status istəyirsiniz? Buyurun. Azərbaycan ordusu regionu tərk etsin? Problem deyil.

Əslində isə bu özünəinam şarının partlaması üçün Azərbaycan dövlətinin bir iynəli imtina cavabı kifayətdir. Bu cavabın biri hələ 2020-ci ilin bu vaxtları verilib. Azərbaycan dövlətlərinin rəhbərliyi açıq mətnlə bildirmişdi ki, Qarabağda yaşayan ermənilərə heç bir siyasi status verilməyəcək. Bu fikir sonrakı aylarda və illərdə bir neçə dəfə təkrar edildi və məlum oldu ki, bu, heç də gəlişigözəl sözlər deyil, arxasında ali siyasi iradə durur.

Ermənilər bu haqqı hələ uzun illər əvvəl, Azərbaycanın təklif etdiyi “dünyadakı ən yüksək muxtariyyat” statusundan imtina edəndə itiriblər. O zaman onlar elə bir eyforiyayada idilər ki, kompakt yaşadıqları ərazilərlə də kifayətlənmirdilər, işğal etdikləri rayonları qaytarmaq istəmir, hətta bəzi mahallarımıza da iştahla baxır, onların işğalını isə “sonrakı zamanların işi” hesab edirdilər.

Uzun sözün kəsəsi, ermənilər üstümüzə yeni “day-day”larla gəlirlər. Əllərindən gələn iş budur. Amma bizim də artıq “əsgərlikdən yeni gəlmiş zəhmli day-day”dan qorxacaq vaxtımız deyil.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости