Свобода людям, независимость нациям!

Haylar, bunu istəyirdiniz? - “Dəmir Yumruğ”un ardınca havadan “Osmanlı tokatı!”

3429 03.05.2023 16:55 Колумнисты A A

Hansı ağıllı adam oturduğu budağı kəsər? Cavab məlumdur. Bəs, hansı normal dövlət əsr boyunca qonşuları ilə gərgin münasibətlərdə yaşamaqdan zövq alar, bu gərginliyi davam etdirməyə çalışar? Bu dəfə də cavab aydındır. Bu mənada görünən budur ki, nə Ermənistan hakimiyyətində normal düşüncəli bir kimsə yoxdur, nə də bu ölkə normal statusunu qazanmağa azı can atmır. Əks təqdirdə, 44 günlük müharibədə aldığı Dəmir Yumruq zərbələrindən sonra da Azərbaycana qarşı avantürist addımlara meyl etməzdi, həmçinin Türkiyəyə qarşı sərsəm iddialarında imtina edər, bölgənin taleyi üçün həlledici rola malik bu, iki Türk dövlətindən əfv diləyərdi.

Baxın, rəsmi İrəvan Türkiyə ilə 30 ildən çoxdur bağlı qalan sərhəd qapısını açmaq istədiyini elan edir, bu qapıya büdcədən 72 min dollar vəsait ayırır. Amma qəfildən hansısa ağlın məhsulu bazara çıxarılır: Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı olur. Absurddur, deyilmi? Osmanlı və Azərbaycanın onlarla dövlət xadimlərini, hərbi rəhbərlərini terrorla aradan götürən, 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetirənlər, 1980-ci illərin sonundan etibarən Azərbaycanda metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədənlər, mülki əhalini alçaqcasına hədəfə alanlar terror təşkilatına abidə ucaldırlar. Faşist Njdeyə ucaldılan abidə azmış kimi...Münasibətləri normallaşdırmaq istəyən ölkə sülhə çağırışı simvolizə edən abidə qoymalıydı, terrorçu ənənənin yaşadılmasına meyillənməməliydi. O abidənin önünə gedən erməni uşağı yenə də “türk mənim düşmənimdir” düşüncəsi ilə böyüyəcək. Belə olan təqdirdə nə sülh, nə barış, nə açıq qapı?!

Azərbaycan dövləti Laçın yolunun üstündə özünə aid ərazidə sərhəd-nəzarət məntəqəsini quraşdırır, haylar hay-küy salır, bəziləri də onlara havadarlıq edirlər. Amma İrəvandakı terror təbliğatını görməzdən gəlirlər, çünki bu vaxtadək ermənini qızışdırıb ortaya salanlar məhz onlardır. Hətta erməni terrorçularına açıq və gizli dəstək verən, hətta həbsdə olanları da sərbəst buraxanlardır bu cinayətkar fəaliyyəti stimullaşdıranlar. Amma bu dəfə əvvəlki kimi olmayacaq!

Azərbaycan Prezidenti Şuşadan bir daha bəyan etdi: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”. Aydın və qəti mövqe. Bundan əvvəl də deyilmişdi: “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq”.

Artıq qardaş Türkiyə də Ermənistanın nazı ilə çox oynamaq niyyətində olmadığını rəsmən bəyan etdi: İrəvanda “intiqam” adlı terrorçu təşkilata abidə qoyulmasından sonra özünün hava məkanını Ermənistanın üzünə qapatmaqla!  

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Amma “Azərbaycan Ermənistana sülh təklif edib. Ermənistan isə başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”. Bu, “Bir millət, iki dövlət”in ortaq siyasət yürütməsinin növbəti təzahürüdür. Yəni İrəvanın Türk birliyini pozmağa nə gücü, nə də imkanı var, yerini bilsin!

“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik”-deyən Çavuşoğlu bildirib ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı iddia və hərəkətlərini davam etsə, yeni addımlar atacağıq.

Belə yerdə Ermənistana “lan, sən nə yapdığının farkındasanmı”-sualı yerinə düşür. Ermənistan hakimiyyəti və xalqı hələ də nə istədiyini dəqiqləşdirə bilməyib. Sərhəd qapısının açılmasına 72 min dollar, saxta soyqırım iddialarının davamına, yəni faktiki olaraq sərhədlərin əbədi qapalı saxlanmasına 2 milyon dollar ayırır bu anormal ölkə! Türkiyəyə qarşı saxta iddialar davam edəcəksə, qapı açıla bilərmi? Düzdür, Türkiyə XİN rəhbəri Ermənistanla saxta “soyqırım” mövzusunu müzakirə etmədiklərini söyləyib. Amma axı, adamın və ölkənin üzündə həya olar, nə olar hay(astan) olanda!!! Bu, nə turşu, bu, nə pəhriz?! Türkiyə ilə normal münasibət qurmaq istəyirsənsə, onu necə ittiham edə bilərsən? Və bu ittihamların cavabı da olacaq: “Osmanlı tokatı!”

Normal həyatı seçmirsənsə, onda al, ye doyunca Azərbaycandan “Dəmir Yumruğ”u, Türkiyədən “Osmanlı tokatı”nı!!! Bu dəfə havadan gəldi qapaz, Türkiyənin hava qapısını bağlaması səbəbindən İrəvan-Paris-İrəvan təyyarəsi “Zvartnos”da keyləşib, qalıb. Bundan əvvəlki reys Kişinyov yolu ilə birtəhər özünü yetirdi İrəvana. Bundan əvvəl Türkiyə çox güzəşt etdi, adam olacaqlar deyə, ara-sıra hava dəhlizi verdi, amma olmadılar...

Mövlud Çavuşoğlu Türkiyə dövlətinin mövqeyini çatdırdı, həm də Azərbaycan adından: baxmasınlar Vaşinqtonda görüş gedir, Ermənistan növbəti dəfə aldatmağa cəhd göstərməsin, baş tutmayacaq! Ermənistan Konstitusiyasından Türkiyə və Azərbaycana  qarşı ərazi iddialarını nəzərdə tutan maddələr çıxarılmalıdır, özü də dərhal referenduma çıxarılmaqla! Yoxsa əsas qanununda bir ölkəyə ərazi iddiası elan edəsən, sonra da “mən sülh tərəfdarıyam” deyəsən, bu, necə olur?!  

Ermənistan hələ kimlə, kimlərlə oyun oynamaq istədiyini anlamır deyəsən. Azərbaycan Prezidentinin dediyi kimi, ““Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”. Hələ üstəlik havaya “Kaan” qırıcıları qalxır. Ayaq altında qalar Ermənistan! Və dövlət başçısının söylədiyi kimi, “yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq”. “Bir millət, iki dövlət”+ “Bir yumruq” var, unutmasın hay(astanlı)lar!!!

Azərbaycan vətəndaşı olaraq sayın Mövlud Çavuşoğluna təşəkkürlərlə! Ermənistana cavabı 3 May - TÜRKÇÜLÜK GÜNÜ üçün möhtəşəm birlik nümunəsi və tarixi təbrik oldu!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости