Свобода людям, независимость нациям!

Harın məmurların iştirakıyla yol əhvalatı - 1234

4484 27.04.2022 08:45 Колумнисты A A

 

Paytaxtımızda sürücülük mədəniyyəti, yol hərəkəti qaydalarına riayət elə bir səviyyədədir ki, hər gün evindən çıxıb işinə, eləcə də işindən çıxıb evinə gedən sürücü azı yeddi dəfə münaqişəyə girə bilər.

Bu yol davası şəraitinin yaranmasının detalları çoxdur: işıqforun qırmızı işığının yanmasına 5 saniyə qalmış “sür dəə” mənası verən işıq və səs siqnalından istifadə, sağdan gəlib qəfildən orta yolda gedənin qarşısına burulmaq, dairədə hərəkət hüququ olmadan sürüb keçmək və bu zaman haqlı olan tərəfə təhqiramiz işarə göstərmək, ara yollardan şığıyaraq ana yolla sürətlə gələn avtomobilin yoluna çıxmaq, yolun solunu tutub gedərək asta sürmək və tələsənə yol verməmək və sair və ilaxır. Buraya avtoxuliqanlıq edənlərin, eləcə də bilərəkdən və ya bilməyərəkdən qəza şəraiti yaradanların da müxtəlif səciyyəli hərəkətləri daxildir.

Hər qəza və dava şəraiti yarandığı zaman sürücülər avtomobillərindən düşüb əlbəyaxa davaya başlasalar, əmin olun ki, hər gün onminlərlə qovğa faktı qeydə alınar və insanların günü polis bölmələrində, xəstəxanaların travmatoloji şöbələrində keçər.

Ona görə də bu ölkədə, xüsusilə də onun iri şəhərlərində yol hərəkətinin iştirakçıları bir-birini yola verirlər, mində bir halda belə avtomobillərindən düşüb dalaşmırlar, ən uzağı bağlı şüşələrin arxasında bir-birinin ünvanına təhqiramiz ifadələr işlədir və sürüb işlərinin ardınca gedirlər. Reallıq budur.

Bu baxımdan dövlət vəzifəsi tutan Sultan Dadaşovun motosikletçiyə qarşı etdiyi hərəkət, avtomobilindən düşərək onu döyməsi, təhqir etməsi sıradan hadisə deyil. Birincisi, adam özü həmin situasiyada haqsız idi, yol hərəkəti qaydasını pozmuşdu və ən yaxşı yalda susmalı, üzrxahlıq etməliydi. İkincisi, ona irad bildirən motosikletçinin qabağını kəsib təhqirə, fiziki təzyiqə məruz qoymamalıydı.

Əslində motosikletçi də gündə yüz dəfələrlə rastlaşdığı adi bir yol vaqiəsinə görə provokativ jest etməməliydi. Amma bu, haqq vermir ki, dövlət məmuru öz iyerarxik durumuna, əlaqələrinə arxayın olaraq, sadə vətəndaşın üstünə yerisin. Əlbəttə, o vəzifəsiz, orta statistik bir vətəndaş olsaydı, haqsız olduğu halda bu hərəkəti etməz, özündən daha qıvraq bir gənci fiziki üsulla cəzalandırmaq fikrinə düşməzdi.

Demək, öz cəzasızlığına inam amili ilə yanaşı, bir harınlıq faktı da var. Tanıyanlar müsbət xarakterli insan kimi səciyyələndirsə də, adamın sürdüyü avtomobilin qiyməti, özünün hərəkəti başqa qənaətlərə yer qoymur. Hərçənd hadisədən sonra peşmançılıq ifadə etməsi onun qəbahətini bir az yumşaldırdı. Bəlkə də dediyi kimidir: təzyiqi qalxıbmış, əsəbiymiş, adi bir hərəkətdən sinirlərdə ani “partlayış” baş verib.

Bir bu, olsa, nə vardı ki? Adətən, yollarda yastı və ucuz avtomobillərin, motosikletçilərin sürücülərini, hətta arada yol polislərini qapazlayanlar məhz hündür və bahalı avtomobil sürənlərdir. Onlar hesab edirlər ki, həmişə haqlıdırlar, heç kimsə onların önüylə gedə bilməz, hamı çəkilib yol verməlidirlər, onlar maşınlarını hər yerə soxa, qırmızı işıqda keçə, qoşa xətti kəsərək qarşı yola çıxıb irəliləyə bilərlər. Bu zaman kimsə onlara mane olarsa, irad tutarsa, nəsibləri eynilə bu cür olmalıdır: şillə-qapaq, dürtmə-təpik, söyüş-təhqir.

Əgər motosiklet sürücüsündə qeydiyyat kamerası olmasaydı və o, başına gələn olayı videolentə alıb ictimailəşdirməsəydi, yəqin ki, bu söhbət tezliklə yat-yut olacaqdı. Onun özünü haqsız çıxaracaqdılar, Dadaşova isə bir söz deməyəcəkdilər. İnternet resurslarında yayılan və ölkənin gündəminə oturan videokadrlar isə məsələnin mahiyyətini dəyişib.

Bütün bunlar korrupsiyanın, dövlətdən, xalqdan oğurlanan çirkli pulların bəzi insanları öz təbii məcralarından çıxarmasının, onlarda özlərini başqalarından üstün saymalarının, bir sözlə, harınlığın, qudurğanlığın nəticəsidir. Belə hadisələrə görə cəzasızlıq mühitinin lazım olduğundan daha uzun sürməsi sonda mütləq partlayışa səbəb olur. Ona görə də cızığından çıxan, insanlara kasta münasibəti bəsləyən hər kəs tutduğu əmələ görə cəzalandırılmalıdır. Gələn xəbərlərə görə, Dadaşov bu aqibətdən kənar qalmayıb, ona 25 sutkalıq cəza veriblər (Ancaq bu xəbər təsdiqlənmədi).

Korrupsiya ilə mübarizəyə gəlincə, bir çox ölkələr korrupsiyaya qarşı proqramların həyata keçirilməsinə milyonlarla dollar həcmində vəsait ayırır və həmin pullar da korrupsionerlər tərəfindən yeyilir. Yalnız Çin korrupsiya ilə mübarizəyə pul ayırmır, patron ayırır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости