Свобода людям, независимость нациям!

Hamı əl çəkdi, ABŞ əl çəkmir... - Erməni sevdalıların yeni özünüifşası

1562 28.06.2022 16:48 Колумнисты A A

Mediada Rusiya və Fransa prezidentləri arasında fevralın 20-də - Ukrayna müharibəsinə 4 gün qalmış baş tutmuş söhbətin stenoqramı dərc olunub. Bizcə, orda Azərbaycana dəxli olan bəzi prinsipial məqamlar da var.

Ən çox diqqət çəkən nüans odur ki, Emmanuel Makron Putinə Donbasdakı qanunsuz qurumlar haqda danışarkən dəfələrlə “separatçılar” sözünü işlədir. Orada Makronun belə bir fikri də yer alıb - Fransa lideri Putinə irad şəklində bildirir: “Ukrayna qanunlarına düzəlişlər edilməsi baxımından separatçılar təklif verməyə haqqı çatan tərəf deyil. Separatçıların təklifləri bizi maraqlandırmır. Biz xahiş edirik ki, onlar ukraynalıların təkliflərinə cavab versinlər. Hər şey məhz bu şəkildə edilməlidir, çünki qanun - qanundur!”

Yəni, Fransa rəhbəri “dnr” və “lnr”-i hansısa söz sahibliyinə malik hüquqi subyekt saymadığını və Ukrayna dövlətinin qanunlarına hörmət edilməli olduğunu net şəkildə ortaya qoyur.

Çox gözəl. Onda bəs həmin o Makron, bütövlükdə Fransa dövləti, onun parlamenti, ümumən siyasi elitası niyə Qarabağdakı erməni separatçılarını da öz adı ilə çağırmır, onları və qurduqları mifik “dövləti”, quldur rejimini beynəlxalq qanunlardan kənar, söz sahibliyi olmayan elan eləmir?

Əksinə, 44 günlük müharibə zamanı Makon, digər fransız siyasiləri hansı oyundan çıxmadılar ki. Azərbaycanı hətta “artsaxa qarşı təcavüz”də suçladılar. Fransa parlamenti isə utanıb-qızarmadan oyuncaq rejimi “müstəqilı dövlət” kimi tanımaqla öz imicinə silinməyən, tarixi bir ləkə vurdu!

“İkili standartlar”? Bişəkk...

İndi də keçək özünü ermənidən çox erməni kimi aparan, 2 il öncə uydurma erməni “soyıqırmı”nı tanımaqla guya Qarabağ məsələsində daha ədalətli vasitəçi olacağını zənn edən digər qərəzli “həmsədr” dövlətə - ABŞ-a.

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunun yaydığı əcaib açıqlamada “təəssüf hissi ilə” bildirilir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri “Qarabağın gələcəyini” müzakirə etmək üçün dəvəti qəbul etməyib: “Minsk Qrupunun amerikalı həmsədri bu gün Qarabağın gələcəyini müzakirə etmək üçün öz həmkarları ilə danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirəcəyinə ümidliyik”.

Erməninin haqsız torpaq iddialarına dəstək olmaq üçün ABŞ-ın çağırışını rus həmsədr sən demə, qulaqardı edibmiş! Nə böyük faciə!

Bunlar öz yerində. Görən Qarabağın hansı “gələcəyi”ndən söhbət gedir? Azərbaycanın bölgəsinin gələcəyini niyə də ABŞ, Rusiya və Fransa yığışıb müzakirə eləməlidir? İş-gücləri qurtarıb?

İkinci yandan, biz eşitmişik ki, adətən vasitəçi ölkə mövcud olan problemin həlli ilə məşğul olur. Yoxsa ki, olmayan yerdən problem, münaqişə icad edib onun “həlli” üçün vasitəçiliyə can atmaq, bundan ötrü hətta dəridən-qabıqdan çıxmaq! Bu yəqin riyakarlığın fəth edilməmiş yeni zirvəsidir! 

Yada salaq ki, az öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Denfridin “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsindən bu qənaət hasil olmuşdu ki, ABŞ və Rusiya bir-birinə düşmən kəsilsə də, Vaşinqton Minsk Qrupunu yaşatmaqda maraqlıdır, buna səy edəcək. Yəni ermənidən çox erməni kimi görünmək istəyi.

Ancaq elə bilirsiniz ermənilərə canları yandığı üçün ABŞ Minsk Qrupu üstündə belə əsir? Əlbəttə yox. Dərdi nədir, təxminən bəlli: MQ vasitəsilə Qarabağa “dal qapı”dan girmək, Türkiyəni, Rusiyanı bölgədən sıxışdırmaq və Bakıya yeni təzyiq rıçaqı əldə eləmək.

Gəl ki, gecdir. Qatar çoxdan gedib, “dal qapı” da mismarlanıb. Hərgah, Rusiyanın bölgədən çıxmasında biz də maraqlıyıq. Amma əgər onu qatı ermənipərəst ABŞ, ya da Fransa əvəzləyəcəksə, onda Rusiya elə öz yerində qalsa yaxşıdır.

Beləcə, nəticə hasil olur ki, Qarabağ mövzusunda əslində, Rusiya özünü hələ ki, Qərbdən daha abırlı aparır. Hərçənd, bizim üçün çoxdan “ilan”ın qara və ya ağ “rəngdə” olmasının önəmi qalmayıb...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости