Свобода людям, независимость нациям!

Hal şahidləri, çuğullar, üzərrik tüstülədənlər

1496 26.07.2022 15:10 Колумнисты A A

O gün, jurnalistlərin peşə bayramının qeyd olunduğu 22 iyulda sosial şəbəkələrdə həmkarlarımızın ünvanına yazılan təbriklərdə belə bir ifadə vardı: “Şərəfli peşə...” Bəzi hallarda bu təyinatla razılaşmayan şəxslər bir bidonluq təbrik balına iki qaşıq zəhər qataraq yazmışdılar: “Düzgün söhbət deyil, məgər başqa peşələr şərəfsiz peşələrdir?”

Doğrudan da qulağa da xoş gəlirdi, ədalətli irad kimi də görünürdü. Biri hətta irəli gedib yazırdı ki, şərəfsiz peşə yoxdur, peşəsinin şərəfini qorumayan nadürüstlər və özləri şərəfsiz olan adamlar var.

Əslində bu da düz söhbətdir. Ona qalsa, bizim peşəmizi də gözdən salan, bəzi hallarda özünü xərac tələb edən reketir, bəzi hallarda isə sədəqə istəyən dilənçi kimi aparanlar var. Bu heç, onlarla nəinki biz, heç hökumət də bacarmır, bəlkə öhdələrindən fələk gələ bilər, o da reketir ilə oğrunun söhbətini xırdalamaq fikrində deyil. Statusuna uyğun gəlmir.

Amma şərəfsiz peşələr də var axı. İndi yadıma düşənlərdən bir-bir sayacam. Bunlar dövlət reyestrində, məşğulluq idarələrində rəsmi qeydə alınmış peşələr deyil, amma mövcuddurlar və xeyli adam bu işlərlə məşğuldur.

Məsələn, hal şahidləri deyilən peşəkar şahidlər var, hüquq-mühafizə orqanlarının qeydiyyatında, əməliyyatçıların əlinin altındadırlar, hər gün məhkəmə-məhkəmə gəzib üzə dururlar. Onlar üçün fərqi yoxdur, adamın üstündən narkotik maddə və ya silah çıxsın, ya da onu oradan götürənlərin özləri qoymuş olsun, veclərinə də deyil, sənədə qol çəkirlər ki, gördük, adamın üstündən (və ya evindən) filan şey çıxdı, sonra da gedib məhkəmədə ifadələrini təsdiqləyirlər.

Hər bir hal şahidi mütləq neçə-neçə günahsız adamın evinin yıxılmasında (və ya satdırılmasında) iştirak edib. Lap tutaq ki, belələri qatı residivistləri tutulub mühakimə edilməsi işinə də “töhfə” veriblər, bəs onların oğul-uşağı camaat içində deyə bilərmi ki, atamız məhkəmələrdə “hal şahidi” işləyir? Deyərlərmi? Deməzlər. Niyə deməzlər? Çünki bu şərəfli peşə deyil.

Bir müddət əvvəl bəzi sürücülər zərurətdən doğan hərəkətlər edirdilər, avtomobillərini 3-cü, 4-cü dərəcəli küçələrdə park edib 10-15 dəqiqəliyə harasa girdilər, çıxanda görürdülər ki, maşın nə gəzir, evakuatora yükləyib aparıblar. Hətta bir dəfə xərçəng xəstəsi olan anasını qucağında onkoloji xəstəxanadan çıxarıb səkidə saxladığı maşına aparan və avtomobilinin yerində olmadığını görüb dəli olan adam görmüşəm. Elə olmuşdu ki, artıq ağına-bozuna baxmırdılar, harada yiyəsiz maşın görürdülər, götürüb aparırdılar.

İndi bu işi necə “şərəfli peşə” adlandırmaq olar? Bu yaxınlarda bir evakuatora işim düşmüşdü, yarıyolda ehtiyatla soruşdum ki, o da avtomobillərin cərimə meydançasına daşınmasında iştirak edibmi? Adam səmimi şəkildə and içdi və dedi ki, bir dəfə də elə şərəfsizlik, oğraşlıq etməyib. Ta bunu da mən demədim ki?

Hələ bəzi taksi sürücülərinin evakuator işlədənlərə hansı avtomobilin yiyəsiz olduğunu xəbər vermeləri, sonra piyada qalmış adamı maşınının dalınca cərimə meydançasına aparmaları şərəfli işdirmi?

Xəbərçiliyə gəlincə, ötən əsrin 30-cu illərindən ta bu günə qədər davam edən çuğullar ordusunun peşəsi şərəflidirmi? Onlar on minlərlə insandan donos yazıb, həyatlarını məhv ediblər və ya başlarına oyun gətiriblər. Bu, şərəfli işdirsə, qoy onlardan birinin züryəti çıxıb desin ki, babam sovet vaxtı hökumətin agenti olub, çox adam tutdurub.

Bax, görürsünüz, yazdıqca çıxır. Səhər-səhər çoxlu dilənçini şəhərdəki “toçka”lara paylayan, axşam yığdıqlarını əlindən alanlar var, şərəfli işlə məşğuldurlar? Xeyr. Nə dilənçilik, nə də onların rəhbəri olmaq şərəfli iş deyil, hərçənd özləri üçün faydalıdır. Bu parazitlər universitet professorundan on qat çox qazanırlar.

Toylarda yeni peşələr əmələ gəlib: bir məcməyidə üzərrik yandırıb qonaqların arasında gəzdirən və pul tələb edənlər. Bu da “şərəfli peşə” qrafasına girməz. Göz-görəsi dilənçilikdir.

Daha bir yeni və “şərəfli toy peşəsi”ni isə üç gün əvvəl görmüşəm. Müasir görünüşlü bir oğlan Anadolu türklərinin Ramazanda döyəclədiyi yekə bir nağaranı qayışlarla boynundan asıb, çomaqla döyə-döyə oynayan qonaqların arasında gəzir, pul tələb edirdi. Qonaqlar əllərini ciblərinə atmayanda gədə tələbinin nə dərəcədə ciddi olmasını bildirməkdən ötrü çomağı nağaraya daha zərblə çırpırdı. Yazıq nağaranın ortasındakı qara dairə artıq bu zərbələrdən deformasiyaya uğramışdı. Məncə, nağaranın dili olsa, o nağaraçıya “ay şərəfsiz, yavaş vur dəə” deyərdi.

Hələ mən narkotacirlərdən, bank hesablarından pul çəkən hakerlərdən, sutenyorlardan, dələduzlardan, trollardan, şantajçılardan və sair və ilaxır sarsaq peşələrə qulluq edənlərdən danışmadım.

Axtarsan, belə “şərəfli peşə”lər çoxdur. Özünə hörmət edən, şərəfi olan heç kəs o işlərlə çörək qazanmaz. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости