Свобода людям, независимость нациям!

Gündüzün şəri

3554 30.08.2023 09:05 Колумнисты A A

 

Orta məktəbin 10-cu sinifində oxuyanda satirik divar qəzeti çıxarırdım, karikaturalarını özüm çəkirdim. Bir dəfə məktəbin ucqar hissəsindəki qarğılıqda siqaret çəkən şagirdləri nəzərdə tutaraq “BT” markalı siqaretin qutusuna girən şagirdlərin karikaturasını çəkmişdim, qəzeti divara yapışdırdım, dərsə girdim, tənəffüsə çıxanda gördüm ki, qəzetin karikatura hissəsini cırıblar. Kim edib? Filankəslər. Niyə? Deyiblər, bizi çəkib, qarğılıqda ən çox siqaret çəkən bizik.

O vaxtdan bəri mənim üçün karikaturaçı rəssamlar bir tərəfədir, o biri rəssamlar o tərəfə. Gözəl sənətdir.

Karikatura sözü latıncadan gəlir, “carrus” şişirtmək deməkdir. İctimai-siyasi və məişət mövzularında satirik və ya yumoristik rəsmlərə karikatura deyilir.

Əvvəllər “Kirpi” və rusca çıxan “Krokodil” jurnallarında əla karikaturalar olardı. Sovet dövlətinə daxil olan bütün müttəfiq respublikaların və federal subyektlərin hamısının satirik jurnalları çıxırdı və hamsı karikatura çap edirdilər.

Aləm şeylər vardı. Məsələn, sürətlə silahlanmanın qızğın vaxtı (1980-ci illər) gərək ki, Hollandiyadan olan karikaturaçı rəssam Herluf Bidstrup belə bir karikatura çəkmişdi: kibrit çöpünün kükürdlü hissəsində qlobus təsvir olunmuşdu. Baxan dərhal anlayırdı ki, Yer kürəsini bu hala salıblar, bir qığılcıma bənddir ki, alışsın. Bu karikaturaya görə Bidstrup mükafat almışdı. Həmin karkatura hələ də aktualdır, Rusiyanın eks-prezidenti Dmitri Medvedyev hər gün Apokalipsisdən danışır. Elə çıxır ki, Apokalipsis olanda hamı qırılacaq, bircə ruslar sağ qalacaq.

Bir də 23 il öncə rəssam dostumuz Soltanın bir rəsmi çox xoşuma gəlmişdi, bəlkə o qədər də satirik deyildi, amma çox yumoristik idi. Beləydi: dəri-zöhrəvi həkimin qəbuluna gələn kişi üzünü doktora tutub Füzulidən qəzəl deyir: “Eşqdən canımda bir pünhan mərəz var, ey həkim”.

Şəhriyar Sarıca qardaşımızın da çox gözəl karikaturaları var – düşündürücü, satirik, yumoristik.

Bir də bir Gündüz Ağayev var. Qabiliyyətinə, istedadına söz yoxdur, amma adam illərdir düşmən dəyirmanına su axıdır. Hətta axır illər, görür ki, su ilə işləyən dəyirmanları azalıb, götürüb onların elektrik dəyirmanlarına tok verir, onlar da rəssamın öz xalqına, dövlətinə qarşı çəkdiyi rəsmləri paylaşır, üyüdürlər.

2017-ci ildə jurnalistlərə mənzil paylananda da Gündüz sarsaq bir karikatura çəkmişdi, biədəb bir şey idi, amma jurnalistlərin bədxahları o biəbəb karikaturanı sosial şəbəkədə paylaşdıqca paylaşırdılar. O vaxtdan sonra da Gündüzün karikaturalarında insan sağrısı (rusca desək, “zadnitsa”) motivi aparıcı xətt təşkil edirdi. Adam mat qalırdı ki, bu adam nədən mövzunu, mətləbə ordan girərək izah etməyə çalışır.

Dünən o, daha bir karikatura çəkib yayıb, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər üçün ərzaq göndərən ölkəmizə sataşıb, “Yol verin! Humanistlər gəlir” deyə, öz aləmində rişxənd edib, öz xalqını şərləyib.

Adamı bu işinə görə sosial şəbəkədə yerlə bir edib, şəlpəyə döndəriblər, itdən alıb itə verirlər, elə sözlər, söyüşlər yazırlar ki, onları hansısa bir az emosional adama desən, gedib özünü öldürər.

Çünki bədnam sənətkar bilə-bilə, qəsdən insanların yaralı yerindən vurub, bizi düşmən qarşısında “haqsız” çıxarıb, humanistliyimizi şübhə altına alıb.

Yazıçı Ələkbər öz statusunda qeyd edir ki, onun da çörəyi belə şeylərdən çıxır. Rəssam xaricdə yaşayır, elə dairələrlə çalışır ki, onlar nə sifariş verirlər, bu da onların sifarişinə uyğun karikaturalar çəkir. Sifariş verən əclaflar da bizimlə düşmənçilik edirlər, bu da keçib onların tərəfinə. Məsələ budur.

Amma bir məsələ də var. Sən heç bu millətdən deyilsən, həbəşsən, zulussan, tuareqsən, Qafqazda baş verənləri də yaxşı bilirsən və həmişə haqsızın tərəfində yer alırsan. Bəs vicdan, bəs obyrktivlik necə oldu?

İndi Azərbaycanın humanistliyini şübhə altına alan oğlan, ermənilərdirmi humanist? Ermənilər Xocalıda, Ballıqayada, Meşəlidə, Ağdabanda, Kərkicahanda, Qaradağlıda, Başlıbeldə, işğal etdikləri yerlərdə minlərlə mülki adam güllələyiblər, əsir götürdükləri şəxsləri aparıb erməni əsgərlərin məzarı üstündə başlarını kəsiblər. 3 ildir müharibə qurtarıb, hələ də işğaldan azad olunmuş yerlərdə kütləvi məzarlıqlar aşkar olunur... Heç bu xalqın oğlu deyilsən, bu bəşər faciəsidir axı. Hesab elə ki, bu ölənlər Ruandada xutular tərəfindən kütləvi qətl edilən tutsilərdir, sən niyə xutuların tərəfini tutursan, yaramaz?

Yeri gəlmişkən, Qafqazda ermənilərə qahmar çıxan Fransa Ruandada xutulara tərəf olmuş, tutsilərin qırğınına kömək etmişdi.

Biz humanist olmayıb nə etmişik, vicdanslz? Bayrağımızı təhqir edən erməni gədələrini tutduq, asmadıq, kəsmədik, 10 sutka iş və bir balaca qulaqburması verdik, bir həftədən sonra çıxıb cəhənnəm olacaqlar xarabalarına. Bizim yerimizdə ermənilər olsa, nə edərdi? Hamısını yığıb Erablur qəbristanlığına aparardılar və sonra ilim-ilim itirərdilər. Necə ki onların əsir götürdüyü 4 min adamdan 30 ildir xəbər yoxdur.

Dünənəcən vay-nöfsə qoparırdılar ki, humanitar fəlakətdir, acından ölürük, amma bu gün 40 ton ərzağa yiyə durmurlar. Demək, acından ölmürlər, “ac qılınca çapar” deyiblər, bunlar kor atı minib köndələn çapırlar, bizim gündüzkimilər də onlara dəstək verir.

Vallah, bu manqurtluq da deyil, kollaborasionistlik də deyil, nəsə başqa şeydir, daha iyrənc, daha murdar bir şeydir.

Bilən varsa, desin, yazsın, ermənilərin içində də öz xalqına qarşı bu cür hərəkət edənlər, bizim dəyirmanımıza su tökənlər var? Yoxsa belə edənlər yalnız bizimkilərdir?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости