Свобода людям, независимость нациям!

Görməmişin oğlu oldu, 600 milyonluq toy etdi

26551 15.07.2024 09:22 Колумнисты A A


Yarısını geridə qoyduğumuz bu il başlayandan bəri vaxtaşırı xəbərlər gəlir:

“Asiyanın ən varlı adamı övladına toy edəcək”;

“Hindistanda möhtəşəm nişan mərasimi”;

“Dünyanın ən bahalı toyu olacaq! 2500 ayrı-ayrı menyu hazırlanacaq”;

“Hindistanda "ilin toyu" başladı”;

“Rihanna bu toyda oxumaq üçün 10 milyon dollar aldı – Video”;

“Bu toya 153 milyon dollar xərclənib – FOTOLAR”;

“Asiyanın ən zəngin adamı oğlunun toyundan əvvəl məclis qurdu: Zukerberq və Bill Qeyts hind geyimində – FOTO”;

“Dünyanı lərzəyə salan toyun şok təfərrüatı – FOTOLAR”;

“Hind toyu marafonu bütün dünyanı heyrətə gətirir” və sair və ilaxır.

On minlərlə bu cür yazı, xəbər, başlıq, foto, video...

Bu, bitmək bilməyən elçilik, həriverdi, nişanqoydu, xınayaxdı, qız toyu, oğlan toyu, yerlilər üçün toy, xaricdən gələnlər üçün şənlik və sair məclisləri milyarder Mukeş Ambani oğlu Anand üçün edir.
Anandla sevgilisi Radhikanın ilk izdivac məclisi olan gün evlənən başqa cütlüklər artıq oğul-uşaq yiyəsidirlər, bəziləri ikincini gözləyirlər, amma Anand hələ gərdəyə girib Radhikaya “xoş gəlmisən” deməyib.

Zalımoğlu, sənin eloğlun Vişvanatan Anand şahmat oynayanda gedişləri bu qədər fikirləşmir, toyunu elə qurtar də. Qız qarıdı, getdi e, bu gün-sabah üzünü Demis Russosun cavanlığına oxşayan nişanlısına tutub “bəs bizim toyumuz nə vaxt qaldı, ay Anand, nə vaxta qaldı” mahnısı oxuyacaq.
Yəni hər şeyin bir ədəbi var. Harda görünmüşdü ki, toy başlasın, amma bitməsin. Elə bil, Mukeş Ambani qarşısına məqsəd qoyub, əhd edib ki, oğluna dünyanın ən uzun çəkən toyunu edəcək. Görünür, ona görə dünya mətbuatında “toy marafonu” yazırlar.

Özü də necə işdirsə, bu toya dünyanın ən varlı, məşhur adamları gəlməlidir. Bu, Bill Qeyts, o onun adaşı Klinton, bu biri Mark Zukerberq, anrıdakı Kanadanın keçmiş baş naziri Stiven Harper, bu yankı Avstraliyanın keçmiş baş naziri Kevin Rudd, daldakı Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson (ailəvi) böyürdəki Disney şirkətinin rəhbəri Bob İqer, bu da İvanka Tramp. Cəmi 1200 nəfər məşhur qonaq.

Sanki onların hamısıyla Mukeşin tanışlığı, dostluğu varmış. Sadəcə, bu məşhur adamlar onun adını eşidiblər, o da onları mediadan tanıyır, vəssalam. Amma atıla-atıla durub gediblər Hindistana ki, dəvət edilən yerdən qalmazlar. Nə veclərinə, təyyarə biletləri alınıb, lüks otelləri bron edilib, ekzotik ölkədə bir həftədelikates təamlardan yeyib kefə baxacaqlar, toya nəmər salmayacaqlar, hələ yəqin ki, Mukeş hərəsinə dollarla dolu keys də verəcək – nədən getməsinlər?

İki gəncin ailə qurmasına 600 milyon dolların xərclənməsinə normal adamların münasibəti belədir ki, bu, görməmişlikdir. Necə deyərlər, görməmişin oğlu oldu... Bu, öz var-dövlətini, sərvətini, səxavətini dünyaya görk etdirməkdir. Təntənə və təmtərağa ifrat meylilik nəsə bir psixi sapıntı əlamətidir.
Özü də belə bir hərəkətin Hindistanda edilməsi təkcə ikrah doğurmur, eyni zamanda hiddət də doğurur. Çünki Hindistan dünyanın ən çox kasıb əhalisi olan ölkəsidir. Bu ölkədə 900 milyon insan kasıblıq həddindən aşağıda yaşayır.

Ambanilər və onun kimilər bir toya xərclədikləri milyonları məqsədyönlü şəkildə yoxsulluğun azaldılmasına yönəltsələr, Hindistan dünyanın ən çox kasıbı olan ölkəsi olmaz. Bundan ötrü heç nə yox, beş-altı rezin məmulatları istehsal edən zavod açmaq, onun məhsullarını aşağı kastalara - şudralara və pariyalara müftə paylamaq olar ki, artımınızı tənzimləyin, hər ailəyə iki uşaq bəsdir, yoxsulların sayını artırmayın.

Heç görün, ABŞ-nin, Avropanın milyarderləri belə toylar təşkil edir, dünyanın məşhurlarını ölkəyə daşıyır, millətə müftə ziyafət verirlər? Vermirlər. Onlar, birincisi, pullarının qədrini bilirlər, ikincisi, məşhurlarla oturub-durmağa ehtiyacları yoxdur.

Məsələn, pandemiya ilə bağlı olaraq adı ölkəmizdə pisə çıxmış Bill Qeyts 25 ildir dünyanın kasıb ölkələrinə ildə yarım milyard dollara qədər yardım edir ki, uşaqlar məktəbdə oxusun, yoxsulların vəziyyəti yaxşılaşsın. Həmin pulla o, hər həftə itinə, pişiyinə də ad günü keçirə, hər dəfə də Rihannanı çağırıb oxuda bilər.

Mukeş kimisinin biri də bizimkiydi. Onda eşidirdin ki, Telman İsmayılov özünə yubiley keçirib, məşhurları Moskvaya çağırıb. Bir-iki ay keçirdi, xəbər çıxırdı ki, Telman İsmayılov oğluna toy edir, qonaqlar arasında Hollivud ulduzları, Şakira, Makira kimi müğənnilər var. Təkcə “Mardan-palas” otelinin açılışına Riçard Girdən tutmuş Şaron Stouna qədər N sayda məşhur qonaq çağırmışdı. Vur-çatlasın, çal-oynasın, kef-damaq ərşdə-gürşdəydi.

Şakira və Telman | Youtube Azerbaijan

Düzdür, Telmanın öz həmvətənlərinə, yerli müğənnilərə diqqəti də böyük idi, arada onları da öz yanına apartdırırdı, amma bu məsələ ilə bağlı xoşagəlməz xatirələr, iddialar var, üstündən keçsək, yaxşıdır.

İndi heç bilinmir ki, Telman İsmayılov hansı ölkədədir, necədir, nəylə dolanır. Moskvadakı biznesi əlindən alınıb, “Mardan-palas” dəyər-dəyməzinə başqalarına satılıb, Rusiyanın hüquq-mühafizə orqanları adamı hərim-hərim hərləyir.

Telman İsmayılovun oğlunun 2 milyonluq avtomobilinə həbs qoyuldu (VİDEO)

Amma həmvətənimizin başına gələnlərlə Ambani ailəsinin məsələsi bir deyil. Hindistan hüquq dövlətidir, sabah baş nazir Narendra Modi Ambaninin sərvətini əlindən almaq istəsə gücü çatmaz, milyarder qucaratlılar köməkləşib onu aşırarlar.

Bir sözlə, ümid edək ki, Ambani dünyanın məşhur qadınlarını Radhikanın “üçgünlüyü”nə çağırmaz. Amma doğulacaq nəvə üçün nə pəstəhalar çıxaracaqlar, onu təkcə Krişna bilir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости