Свобода людям, независимость нациям!

Gizirin gizlənməsi

1843 20.04.2022 10:10 Колумнисты A A

“Qurd ilə yeyər, yiyəsi ilə şivənə oturar”

(Azərbaycan ata sözü)

Baş Prokurorluq ümumən “Tərtət işi” adlanan hərbi cinayətlərin istintaqı haqda yeni açıqlama yayıb. Deyir bu iş 2021-ci ilin dekabrında təzədən istintaqa qaytarılandan filan-filan işləri görmüşük.

Məsələn, işgəncə və başqa qanunsuz əməllərə məruz qoyulmuş 397 zərərçəkən müəyyən edilib. Bunlardan 280 nəfəri son 4 ayda tapılıb - izahatdan belə çıxır (“280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb” - yeri gəlmişkən, bu hüquq-mühafizə orqanlarından xahiş edirik daha millətin anasını və dilini ağlar qoymasınlar, bu “şəxs qismində” mənasız, zibil söz birləşməsindən nəhayət imtina etsinlər).

2017-ci ildə dövlətə xəyanətdə, hərbi cinayətlərdə suçlanan 16 nəfər haqda hökm ləğv edilib, təzədən istintaqa qaytarılıb, əlavə olaraq bu qəbildən 10 şəxsə açılan 10 cinayət işi də qanunsuz olduğu üçün ləğv edilib, 1 nəfər işgəncədən ölən bəraət alıb, işgəncə verən 7 nəfər həbs edilib və onlardan biri qaçdığı üçün axtarışa verilib.

Necə deyərlər, çox gözəl, çox pakizə. Ədalət zəfər çalır, zəhmətkeşlərimiz əl çalır, aşıqlar bu münasibətlə saz və zurna çalır. Ancaq bu açıqlama çox alayarımçıq bir zaddır axı.

Birincisi, işgəncələrin miqyası şokedicidir. Necə ola bilər ki, 397 nəfərə işgəncə verilsin, lakin onların qışqırtısı Bakıda əlaqədar orqanların - ombudsmanın, Məhkəmə Hüquq Şurasının, nə bilim, hərbi prokurorun, administrasiyada hərbi sektora baxan yoldaşın və sairə və ilaxırın qulağına çatmasın? 397 nəfərə işgəncə verilib, lakin əlaqədar orqanlarda 1 (!!!) nəfər də tapılmır ki, çıxıb desin üzrlü sayın, mən mundirin şərəfini qoruya bilməmişəm, çalışdığım, başçılıq etdiyim sahədə belə çirkin işlər olduğu üçün istefa verirəm. Yəni mən hələ mənəvi məsuliyyətdən danışıram, hüququ qırağa qoyuram.

2020-ci ilin payızında dava təzədən qızışanda ermənilər Tərtəri də bombardman elədilər, nəticədə 17 nəfər öldü, 63 nəfər müxtəlif xəsarət aldı. 2017-ci ilin məşum “istintaqı” zamanı, may-iyun aylarında, “Tərtər işi”ndə 13 nəfərin işgəncələrdən öldüyü məlum idi. İndi prokurorluq zərərçəkənlərin 400 nəfərə yaxın olduğunu da açıqladı. Mən bu müqayisəni aparmağa məcbur idim, üzrlü sayın.

400 nəfərə işgəncə verilib, 13 nəfər ölüb, 30 nəfərin məhkəməsinin tam qanunsuz aparıldığı məlum olub, lakin o işləri aparmış müstəntiqlər və hakimlər tüklərindən yağ dama-dama azadlıqda gəzirlər, başqa bədbəxtlərə qanunsuz hökmlər kəsirlər. “Həbs edilənlər”, “axtarışa verilən” söhbətləri sizi aldatmasın. Onlar hamısı hərbçilərdir. Bu boyda qanunsuz əməliyyata görə 1 nəfər müstəntiq və hakim də cəzalanmayıb, belə görünür cəzalanmayacaq.

Cəza demişkən, ortada başqa tragikomik faktlar var. Baş Prokurorluğun indi həbsə atdığı hərbçilərin çoxu vaxtilə dövlət təltifləri alıblar. Məsələn, polkovnik-leytenant Rəşid Niftəliyev 2019-un iyununda “Hərbi xidmətlərə görə” medalı alıb. Leytenant Ruslan Mikayılov 2020-nin dekabrında “Döyüşdə fərqlənməyə görə” medalı alıb. Gizir Sənan Maşıyev isə 2020-nin dekabrında “Ağdamın azad edilməsinə görə” medalına layiq görülüb. Adamları necə döyürmüşsə, Ağdamı da elə “azad edib”. Bəs indi bu təltiflərin axırı necə olacaq? Təklif edirəm saxlanılsın. General Rövşən Əkbərovdan əskik oğlanlar deyillər ki? Adam bu dəqiqə general və Milli Qəhrəman adı üstündə, 10 il cəza ilə türmədə oturur.

Uzun sözün qısası, “Gizir axtarışa verildi” deyə gözümüzə kül üfürməyin. Hakimlər və müstəntiqləri ortalığa çəkin. Yoxsa onlar da qaçıb gizlənir? 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости