Свобода людям, независимость нациям!

Genetik kod məsələsi

2543 19.10.2022 12:09 Колумнисты A A

 

Vitse-spiker Fəzail müəllim düz deyir, bu ölkədə hamı hamını tanıyır, hamı da hamının genetik kodunu, ayaqqabısının ölçüsünü bilir.

Hərçənd ayaqqabı ölçüsü məsələsində bir az quşqum var, çünki elə cantaraq adam var, kiçik ölçülü ayaqqabı geyir, elə arıq, cürəpəsiz adam da var, 45 ölçülü ayaqqabıda gəzir. Amma bu ölkədə belədir ki, 18-68 yaş arasındakı kişilərin tam əksəriyyəti 42 ölçülü ayaqqabı geyir. Bu parametrlərdən çıxış edərək Fəzail müəllimin sözünü qəribçiliyə salmaq olmaz.

Ayaqqabı ölçüsünü qoyaq qırağa, amma müəllimin dediyi genetik kod məsələsi ciddi məsələdir. İntəhası, bunu da hamı bilmir, bilsə-bilsə, ali məktəbdə “genetika” fənni keçən əlaçılar, bir də bu sahənin mütəxəssisləri bilər.

Genetika orqanizmlərin genlərini, irsiyyət və gen dəyişkənliyini öyrənən biologiyanın bir sahəsidir (müəllif bunu və sonrakı iki cümləni Vikipediyadan götürüb). Molekulyar səviyyədə genetik tədqiqatların əsas obyekti nuklein turşuları, DNT və RNT molekullarıdır. Bunlar irsi informasiyanın saxlanılmasını, ötürülməsini və realizə olunmasını təmin edir.

Gördüyünüz kimi, çox duzsuz, eləcə də qəliz söhbətdir. Biz gərək söhbəti anlaşılan dildə davam etdirək. Çünki gen yaddaşı deyilən bir şey var və genlərdəki informasiya, yəni qanacaq, qabiliyyət, istedad nəsildən-nəsilə ötürülür.

Məsələn, səfirin oğlunun səfir, nazirin oğlunun nazir, prokurorun oğlunun prokuror, qəssabın oğlunun qəssab, fəhlənin övladının fəhlə (və s.) olması sırf genetik kodla bağlı məsələdir. Burada sonradan qazanılan savad, dünyagörüş rol oynamır. Müəyyən qədər partiya və mahal identikliyi də rol oynaya bilər.

Əslində kresloya bağlılıq, yüksək rütbələrə canatma, iddialılıq məsələsi sırf genetik kodla bağlıdır. Adam var, babası çar dövründə pristav olub, atası sovetin pis vaxtında kampaniyaya düşüb deyə elə bir vəzifə qamarlaya bilməsə də, özü pristav babanın nəvəsi olaraq pristavlığa uyğun gələn rəis vəzifəsi tutur.

Ötən əsrin 30-cu illərində donos yazan, üzə duran, ev yıxan adamlar vardı, araşdırın, görəcəksiniz ki, nəvələrinin ən azı biri eyni işlə məşğuldur. Demək, mərdiməzar babanın genetik kodunun daşıyıcısı odur.

Məşhur futbolçuların övladları niyə məşhur futbolçu olur? Genetik koda görədir. Çezare Maldininin oğlu Paolo atasından da ötə oldu. Peter Şmeyxelin oğli Kasper də eləcə. Zidanın oğulları da yavaş-yavaş dənzərir. Menecerlər indidən Maradonanın nəvəsi və Aqueronun oğlu olan balacanın peşindədirlər, türkün sözü – hesab edirlər ki, o, yekələndə babası və atası kimi yaxşı futbolçu olacaq.

İstedadlı olmaq, yazı yazmaq məsələsi də elədir. Əgər baba və ata yazı-pozu işində piyada olubsa, şagird olduqları vaxt ondan-bundan köçürübsə, ali məktəbdə kurs və diplom işlərini pulla alıbsa, alimlik dissertasiyasını başqasına yazdırıbsa, nəvəsi də elə olacaq, gedib 4 dəfə dərc olunmuş məqaləni götürüb öz adından verəcək.

Bu işdə sapıntılar da ola bilər. Məsələn, ona qalsa, aktrisa Amalya Pənahovanın oğlu rejissor, yazıçı Anarnın oğlu şair (ən azı ədəbi tənqidçi) olmalıydı, amma ikisi də səfir oldu.

Yaxud, məşhur sənətçi Zeynəb Xanlarovanın oğlu müğənni olmaq əvəzinə gedib prokuror olub. Görünür, Ramin müəllimə məmurluq kodu mərhum atasından keçib. Bəlkə də heç onun müğənniliyə yarayacaq səsi yoxdur.

Axtarsaq, bütün vəzifəli, imkanlı və məşhur adamların övladları bu və ya digər şəkildə yaxşı vəzifələrdə çalışırlar. Əslində bir xeylisinin o vəzifələrə gəlişi genetik kodla bağlı deyil, əli hər yerə çatan valideynin əlaqələrinin nəticəsidir. Yoxsa bəziləri öz qabiliyyət və bacarıqlarına görə, prinsipcə, santexnik, malyar, taksi sürücüsü olmalıydılar. Amma elə birinə rast olmaq mümkün deyil. Hamısı elit mövqelərdədir.

Əvəzində Luçano Pavorotti kimi səsi olan ulu babasının genetik kodunu daşıyan, eyni cür səsə malik olan biri adamı olmayıb deyə özünü reallaşdıra bilməyib, indi gedib “Meyvəli” bazarında araba sürür və hərdən bariton səslə “boş arabaaa” deyə bağırır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости