Свобода людям, независимость нациям!

Generalın kupçaları

2245 05.10.2022 10:10 Колумнисты A A

“Dağlar ilə, taşlar ilə çağırayın, Mövlam, səni,

Səhərlərdə quşlar ilə çağırayın, Mövlam, səni.

Su dibində mahi ilə, səhralarda ahu ilə,

Abdal olub yahu ilə çağırayın, Mövlam, səni".

(Yunus Əmrə)

Keçmiş MTN-in generalı Mövlam Şıxəliyevə təzəlikcə 12 il həbs cəzası verildi. Lakin general ümumilikdə proses zamanı özünü ağıllı apardı, ona yuxarıdan tapşırıq verənlərin adını çəkmədi, ən uzağı prokurorun keçmiş müavini Usubovdan danışdı. Budur, belə quzu davranışı artıq bəhrəsini verir. Dünən məhkəmə Şıxəliyevin ailəsinə məxsus, təxminən 2 milyon manatlıq əmlakın üzərindən həbsi götürüb ailəyə qaytarmışdır.

Əlbəttə. Kim şübhə edir ki, Bakının Nizami küçəsində 2 zırpı mənzili Şıxəliyevin xanımı şəxsi pulları ilə alıbdır? Bəlkə o, İlon Maskın “Tesla” şirkətinin aksioneridir? Bəlkə Britaniyadakı, başqa ünlü dustağımız Cahangir müəllimin arvadı Zamirə xanımın milyonlarla dollarlıq alver elədiyi “Harrods” univermağı Mövlam müəllimin həyat yoldaşına məxsusdur? Hətta o da mümkündür ki, xanım əfəndi Bakı metrosunda çalışıbdır, Metro Tağı kimi maaşını xərcləmədən 3 milyon toplayıbdır. Bizim ölkədə nə desən olar. Təki ədalət zəfər çalsın. İnsanların halal pulu geri verilsin.

Pul demişkən, Şıxəliyevin ailəsi evləri geri alan kimi onun vaxtilə soyduğu biznesmenlərdən qışqırtı qopdu, nalələr asimana bülənd oldu. “Bəs bizə vurulan zərər haçan qaytarılacaq?” - tema budur.

Niyə darıxırlar, başa düşmürəm. Hər şeyin zamana ehtiyacı var. İnşallah, təcridxananın həyətində qaratikan kolları əkilib, hər general tutulanda onun yunundan bir çəngə ilişib kollarda qalır, hökumətimiz həmin yunları yığacaq, əyirib sap düzəldəcək, o saplardan corab toxuyub satacağıq, zərərçəkənlərin pulunu qaytaracağıq. Səbirli olmaq lazımdır. Atalarımız demişkən, səbr ilə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından. Hərçənd bu il baramaçılarımız da zibilə düşdülər, orada gəlirlər və məhsul azalıbdır, belə getsə ipək köynək geyməyimiz qaldı o biri dünyaya. Niyə bunu əminliklə yazıram? Çünki bizim kimi ölkələrdə yaşayanlar cəhənnəmi sağlığında gördüyü üçün öləndə mütləq cənnətə düşməlidir. Qum müctəhidi ağayi Xal-xal Qul-qulinin bu temada hədisi var, kimə lazımdırsa köhnə qəbiristanlığa gəlsin, orada mollanın dəftərində baxsın.

Mövlam müəllim özünü yaxşı aparmaqda davam eləsə, mən proqnoz edirəm, uzağı gələn Novruz bayramında İsa bulağından su içə bilər. On ikidə birlə. Bu, təzə hüquqi anlayışdır, indicə prosessual (necə də gözəl səslənir: proses və sual) məcəlləyə daxil eləmişəm. Cəzanın üçdə birini çəkib, türmə rəisinə şirinlik verib azadlığa çıxmaq adi üsuldur. O üsula qoy cüvəllağı müxalifətçilər, vələdüzna siyasi məhbuslar, nə bilim, reket jurnalistlər ümid eləsin. Unikal, nadir şəxsiyyətlərimiz üçün yeni qaydalar var. Məsələn, 12 il cəza almısansa, 1 il “yatıb” on ikidə birlə azad olursan. Onda bir, səkkizdə bir, altıda bir və sairə də mümkündür. Dustağın, məhkəmə-ədliyyə sisteminin riyazi savadından asılı kəsirlərdir.

Məhkəmə Mövlam müəllimi general rütbəsindən və təltiflərindən məhrum etmişdi, ümid edək bu adlar da tezliklə qaytarılsın. Çünki rütbəsiz adamın Nizami küçəsində nə iti azıb?

Hətta yaxşı olar Mövlam müəllimin bilik və bacarıqlarından hüquq-mühafizə sistemimizdə istifadə edilsin, o cür faydalı şeylər it-bata düşməsin. Demirəm MTN-i təzədən qayıraq, bu heç zəruri də deyil. Artıq onun yerində başqa dükanlar açılıbdır. Sadəcə, Mövlam müəllimin adına fond, QHT, orta məktəb, texnikum, bələdiyyə, sayt, univermaq, ət dükanı, qəzet redaksiyası, nə bilim, şadlıq sarayı açmaq məqsədəuyğun olardı. Mövlam müəllim də azadlığa çıxandan sonra həmin müstəvilərdə gənclərimizin, yetişməkdə olan nəslin təlim-tərbiyəsinə səy göstərərdi.

İndi söz, bildiyiniz kimi, əlaqədar təşkilatlarındır. Yazsınlar görək onların Nizami küçəsində neçə evi var?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости