Свобода людям, независимость нациям!

Gəlinliyə girişin əsasları

1388 13.12.2023 12:11 Колумнисты A A

Kürdəmirdə 14 yaşlı şagirdi ərə vermək istəyirdilər, kamali-ədəblə nişan mərasimi olmuşdu, ancaq mərdimazarlar imkan vermədi, nahaq səs-küy saldılar, nəticədə dövlət idarələri araya girdi. Uşağın valideynlərinə xəbərdarlıq elədilər. Vəziyyət nəzarətə götürülmüşdür, nisbi sakitlikdir, insan tələfatı yoxdur, qoy millətdə ruh yaşasın! Yurdum, yuvam, ey əziz kəndimiz! Gözəl olur səndə yay, yaz, qış, toy-mağar...

Burada bir neçə ciddi məsələ ortaya çıxmışdır və şərh zərurəti yaranmışdır. 

Birincisi, müqəddəs dinimiz balaca uşaqları ərə verməyə icazə verir. Hətta vərir. Məsələn, bir neçə il bundan əqdəm Səudiyyə Ərəbistanında 58 yaşlı erkəyi 6 yaşlı qız uşağıyla evləndirdilər. İranda da vaxtaşırı bu cür nikahlar baş tutur. İranda evlənmək işləri ümumiyyətlə sərbəstdir, buna Hollandiya-filan həsəd aparar. Təsəvvür elə, yarım saatlığına evlənməyə də icazə vardır. Sonra boşanırlar, hərə çıxır gedir işinin dalıyca. 

Bizdə inqilabdan qabaq elənçik idi, lənətə gəlmiş Şura hökuməti qurulanda müəyyən qədər ara verilmişdi. Bu temada Mirzə Cəlilin “Bizim şeyxin 32 arvadı var” adlı maraqlı, triller üslubunda felyetonu var, orada şeyx kəndləri gəzir, hər kənddə qulunc olur, bunun belini ovxalamaq üçün balaca qızları siğə edirlər və sairə. Kim istəsə tapıb oxusun, ya da Netfliksə ötürün, kinosunu çəksinlər. 

Yəqin kommunistlər balaca qızları pambıq yığımına basdıqları üçün ərə verilməklərini istəmirdilər, yoxsa orada başqa humanitar məna-zad yox idi. Tərbiyəsiz dövlət idi, arvadların başını necə açıbsa, 30 ildir bağlaya bilmirik. Ona görə qurban olduğumun lənətinə gəldi, cəmi 70 il yaşayandan sonra cəhənnəmə vasil oldu. 

Qız uşağını göbəyi kəsilən kimi ərə vermək məqbuldur. Buna göbəkkəsmə üsulu deyilir. Yoxsa qaldıqca zayı çıxır. Əgər beşikdə imkan olmayıbsa, ulu dədələrimizin başqa maraqlı üsulu işə düşməlidir: qız uşağını papaqla vurursan, əgər yıxılmasa, deməli, ərə vərilmək vaxtıdır. Əlbəttə, burada beysbol şapkasından, sombrerodan söhbət getmir, əsl kişi papaqları - qaragül, əmmamə, buxara, norka və sairədən danışırıq. Yoxsa çeçenka ilə uşağı səhərə qədər vur, yıxılmaz. 

Yeri gəlmişkən, hörmətli oxucularımıza çox vacib bilgi verməliyəm. Qaragül papağı tüklərinin qıvrımı açılmamış quzunun dərisindən hazırlanır. Bunun üçün hamilə qoyunu öldürürlər, qarnını yarıb quzunu çıxarırlar, dərisini soyurlar. Əks halda, qaragül papaq alınmır, qoyun yalayıb balasının tüklərindəki qıvrımı açır. Başında belə tarixçəsi olan papaq gəzdirənlər, şübhəsiz, əsl ağsaqqal kimi yetişirlər. 

İkincisi, guya o kürdəmirli balacanı ərə verməyə qoymadınız, böyük qəhrəmanlıq elədiniz, hə? Gedin o tərəfdə oynayın. Sizin o qızın gələcəyi üçün heç bir planınız, proqramınız yoxdur. Həmin qız 14 olmasın, 24 olsun, hansısa gicin birisini tapıb ərə gedəcək, ya evdə çuval kimi küncdə çürüyəcək, ya da tarlada beli əyri işləməkdən 30 yaşında 30 xəstəlik tapacaq. Ən pis halda gədə bunun üzərində vatsaplı telefon tapıb doğrayacaq. Azərbaycanda qız uşaqları, qadınlar ən alçaq, ən murdar işlərdə işlədilir və ən aşağı maaşı da onlara verirlər. Ən yaxşı halda dükanda 14 saat ayaq üstdə dayanıb aylıq 350 manat alırlar, harada işləsələr cürbəcür manyak müdirlərin seksual istismarına məruz qalırlar. 

Qadına hörmətdən dəm vurursunuz, o zaman sayın görək neçə qadın nazir, icra başçısı var? Özü olmayıb adı olan özəl sektorda qadın başçıların payı, faizi nə qədərdir? Saymağınıza ehtiyac yoxdur. Sıfıra yaxındır. 

İmkan verin camaat bildiyini eləsin. Onlar vəziyyəti yaxşı bilirlər. 

P.S. Səy-səy, mənasız, xeyirsiz dərsliklər əvəzinə də orta məktəblərdə “Gəlinliyin əsasları”, “Ərə getmək qaydaları”, “Toy gecəsi” kimi zəruri dərslər keçilsə yaxşı olar. Uşağa triqonometriya yox, qayınana ilə münasibətlər vacibdir. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости