Свобода людям, независимость нациям!

Fransalı həmsədrin İrəvan sərgüzəştləri – Bakının cavabı sərt olacaq

1672 16.04.2022 12:52 Колумнисты A A

ATƏT-in “bioloji ölüm” keçirmiş Minsk Qrupunun fransalı həmsədri Bris Rokfeyl neçə gündür İrəvandadır. XİN rəhbəri Ararat Mirzəyandan tutmuş, Baş nazir Nikol Paşinyana, prezident və parlamentin spikerinədək hamı ilə görüşüb. Guya rəsmi Paris bununla bölgədə böyük sülhə töhfə verməklə məşğuldur.

Belə “töhfələrin” nədən ibarət olduğunu 44 günlük müharibə zamanı və ondan sonra əyani gördük. Beynəlxalq hüquqa tüpürən Fransa az qala, oyuncaq qurumu “dövlət” kimi tanıyacaqdı. Düzdür, daha çox özlərinə zərbə vuracaq pozucu, təxribatçı kursdan az sonra geri döndülər. Amma imtina da eləməyiblər. Bu da növbəti dəlil.

Bəzi məlumatlara görə, Rokfeyl Ermənistana həmsədr qismində deyil, Fransa XİN-in Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə kimi səfərə gəlib. Bununla bağlı APA-nın Fransa XİN-ə göndərdiyi sorğuya cavabda bildirilir ki, Paris ikitərəfli tərəfdaş kimi (həm Azərbaycan, həm də Ermənistanın), Avropa İttifaqı Şurasının Prezidenti, həm də Minsk Qrupunun həmsədri kimi Fransa Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşviqinə tam sadiqliyini bir daha təsdiqləyir.

Ardınca isə deyilir: “Öz fərqli rollarında Fransa humanitar məsələlərdə irəliləyiş əldə eləmək, sərhədlərin müəyyənləşdirilməsi, regionun açılması, mədəni irsin qorunması, iki ölkə arasında sülh müqaviləsinin təmin edilməsi və Qarabağ probleminin həlli istiqamətində (?! – Z.S.) səyləri dəstəkləmək üçün Ermənistan və Azərbaycanla işləməyə davam edir. Minsk Qrupunun fransalı həmsədri hazırda İrəvanda işgüzar səfərdədir”.

Yəni ki, ay camaat, ay dığalar, inanmayın, Minsk Qrupu ölüb-zad eləməyib, sağ-salamatdır, nəfəsi gəlir, ən azından Fransa onu diri sayır! Rokfeyl də məhz həmsədr statusunda İrəvandadır.

Burda deyiblər, “İt əl çəkdi, motal əl çəkmədi...”

Əvvəla, Rokfeyl özünü MQ-nin həmsədri, ABŞ prezidenti, nə hesab edir, özü bilər. Lap Roma Papası sayıb Papadan artıq katoliklik eləsin. Amma bununla əlahəzrət gerçəklik dəyişmir: ATƏT-in ekzotik Minsk Qrupu daha yoxdur, olmayacaq, çünki cəhənnəmlikdir və nida işarəsi!

Qəribədir, bir diplomat, bir XİN özünə, ölkəsinə bunca sayğısız olarmı? Yaxşı, tutaq ki, Rokfeyl həmsədrdir. O zaman nədən İrəvandan Bakıya gəlmir? Cavab bəsitdir: ona görə ki, burda heç kəs onun yolunu gözləmir, illah da həmsədr qismində kimsə onu qəbul edib ciddiyə almağa hazırlaşmır!..

Yenə Rusiyanın sonuncu həmsədri İqor Xovayev bu basabasda vəzifəsini dəyişib Azərbaycan-Ermənistan danışıqlarında “xüsusi nümayəndə”yə çevrildi. Yalnız ondan sonra o, Bakıya ayaq basa biləcək yəqin ki.

Hərçənd bizə bu qəbildən “köməkçilər” lazım deyil. Zira, praktika göstərir ki, vasitəçilərin bolluğu elə yoxluğu deməkdir. Minsk Qrupu həmsədrləri timsalında bunu bir dəfə görmüşük. “Başına gələn başmaqçı olar”.

Üstəgəl, Rusiya və Fransadan olan “köməkçilər” bizə heç gərək deyil. Sülhə verəcəkləri “töhfə” başlarına dəysin, ondansa “sülh qatarı”nın relsləri üzərinə şpallar düzməsinlər, sönməkdə olan ocağa yağ tökməsinlər, əl-ayağa dolaşmasınlar, yetər!..

İkincisi, görəsən hansı “Qarabağ probleminin həllinə dəstək”dən dəm vurur Fransa XİN-i? Fransız diplomat və siyasilər erməni revanşistlər kimi göylərdə süzməkdən, erməni ağzı ilə danışmaqdan bezmədilərmi? Yoxsa cənab Rokfeyl Bakıda da bizə “Qarabağ problemi” haqda moizə oxumağı, İrəvandakı sərgüzəştlərini davam etdirməyi xəyal edir?

O zaman üzləşəcəyi sərt reaksiyaya da gərək hazır olsun. Hərgah, bundan ötrü öncə Azərbaycana gəlmək lazımdır. Həmsədr qismində! Gələ biləcəkmi?..

Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости