Свобода людям, независимость нациям!

Əzrayılla ralliyə çıxmağın fəsadları

2882 16.08.2023 13:00 Колумнисты A A

 

Mərhum satirik Mixail Jvanetskinin sırf avtoxuliqanlara ünvanlanan bir ifadəsi var, deyir, maşını elə sürün ki, qoruyucu mələyinizin uçduğu sürətdən artıq olmasın.

Yəni qoruyucu mələk adamın arxanızca çatıb onu qoruya bilməlidir. Çata bilməyəndə sadəcə hadisə yerinə baxış keçirir, uçub gedir, dərgahda hesabat verir ki, ta neynim, çata bilmədim, mənlik olmadı.

Bax, elə bu detalı mülahizə edərək qoruyucu mələyin sürətini hesablamaq olar. Yadınızdadırsa, 6-7 il əvvəl AMEA-nın bir alimi bu işə girişmişdi, amma müvafiq spidometr əldə edə bilməmişdi.

Baş verən qəzalardakı sürətiin həddini öyrənəndə isə plyus-minus edərək qoruyucu mələyin sürətini bilmək olur. Bu, təxminən 70-80 km/saat civarındadır. Ondan artıq olanda yazıq mələk gücə düşür, uçub çata bilmir, güman ki, forsajı-filanı da yoxdur. Əlbəttə, saatda 70-80 km sürət bir mələk üçün aşağı sürətdir, amma ta neynəmək olar, insan gərək özünü mələyə uyğunlaşdırsın, mələyi özünə yox.

Yeri gəlmişkən, başqa bir mələk də var, bax, onun sürəti səsdən iti gedən qırıcı təyyarəninki kimidir. Hələ onunla ötüşmək istəyənin biri də onu ötə bilməyib, üstəlik travmatologiyaya salamat sümük aparmayıb.

Xüləs, fövqəlbəşər qüvvələrdən əl çəkək, göyün bir qatından qayıdaq Bakı şəhərinin avtomobil magistrallarına, görək, bu cayılların fikri nədir, nə etmək istəyirlər.

Məlum olduğu kimi, srağagün enli, 3 zolaqlı prospektdə ağır yol qəzası baş verib, iki gəncin oturduğu maşın, elə arasında adına TIR deyilən yük maşınının altına girib. Faciə olub, bir nəfər ölüb, sürücünün isə qolu amputasiya edilib.

Həmvətənlərimiz bu hadisəyə görə çox pəjmürdə olublar, peşəkar və sosial mediada ajiotaj qopub. Düzdür, Allahın verən günü ölkənin yollarında minimum 3 ölümlü qəza baş verir, amma ajiotaj olmur. İş belədir ki, bu ajiotaj şoqərib qəzaya düşənin tanınmış və imkanlı şəxs olması zamanı baş verir. Çox adama elə gəlir ki, lüks avtomobili olan, pullu gənclər qəza törətsələr də, uzağı kimisə vura bilərlər, onları heç kəs vura bilməz.

Göründüyü kimi, elə deyil. Heç kəs bu taledən sığortalanmayıb. Söhbət, əlbəttə, kasko və digər sığorta növlərindən getmir. Xüsusilə də avtomobili bərk sürməyi sevənlər üçün sığorta-mığorta söhbəti yoxdur, bu Əzrayılla ralliyə çıxmaq kimi bir şeydir.

“Bərk sürənlər” dedim, yadıma “Prius” sürücüləri düşdü. Bu markadan olan maşınları bir zavodda yığırlar, o üzdən rəngləri fərqli olsa da, hamısı eynidir. Bəs necə olur ki, “Prius” sürücüləri də hamısı bir-birinə oxşayır: hamısı təxminən eyni boyda, eyni çəkidə, hamısı əsasən qara köynəkli, hamısı qara saqqalı, hamısı siqaret (və ya nəsə) çəkir, ən ümdəsi, hamısı da avtomobili çox sürətlə sürür, hamısı qıvraq və təhlükəli manevrlər edir. Get-gedə onların maşınları da daldan, böyürdən, qabaqdan əzilmiş olmaları ilə bir-birinə bənzəyir. Bu gün-sabah şəhərdə salamat, vurulmamış “Prius” qalmayacaq.

Lüks maşınlarda lotuluq (avtoşluğun köhnə adı) edənləri başa düşdük, onları pul və başqa şeylər havalandırır, uçmaq istəyirlər, bəs bu “Prius” sürənlərə nə olub, hara tələsirlər, hara soxulurlar? Qazandıqlarını niyə dəmirçilərə, malyarlara və qayda pozuntusuna görə cərimələrə verməlidirlər? Bir az ağıllı olsalar, olmazmı?

Yollarda hərəkət sürəti həddini endirəndə deyirdilər, bu, qəzaların sayını minimuma endirəcək. Nə oldu, endirdimi? Əksinə, qəzaların sayı artıb. Çünki 3-5 nəfər intizamlı sürücü maşənlarını qaydaya uyğun (sürəti həddi 60-dırsa, 60-65, 70-dirsə, 70-75) sürürlər, arxadan 100-120 ilə gələn hövsələsiz gənclərə mane olurlar və qəza baş verir. Fikir vermişəm, hər gün 100 sürücüdən yalnız 5-6-sı avtomobili sürət həddi çərçivəsində sürür, qalanları uça-uça gedir.

Yenə gəldik, çıxdıq, uçmaq söhbətinə. Bu xüsusda yüz dəfə öyüd-nəsihət ver, xeyri yoxdur. Hələ indiyəcən sürətə meylli birinin öyüd-nəsihətlə yavaş sürməyə başlamasını görməmişəm. Yolları travmatoloq və dəmirçilərdən keçməyincə, özlərinə yığışmırlar.

Bir tanış adam var, avtomobili sürətlə sürməyi ilə fəxr edirdi, hamıya deyirdi ki, Gəncə Bakıdan elə də uzaq deyil, sizin sürüşünüzlə 4 saat, mənim sürüşümlə 2 saatlıq yoldur. Amma 2-3 aydan bir zəng gəlirdi ki, maşını vurmuşam, 2 min xərci var, nə qədər verə bilərsən. İndi bir az ağıllanıb, başa düşüb ki, qazandığının hamısını maşın düzəldənlərə verə bilməz. Hələ bunun qəzadan salamat qurtardığı üçün qurban kəsməyi-zadı da var.

Sonda Jvanetskinin sözünü bir daha təkrar edirəm, bəlkə kimsə bunu qulağında sırğa elədi. Mərhum yazıçı deyib ki, maşını elə sürün ki, qoruyucu mələyinizin sürətindən artıq olmasın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости