Свобода людям, независимость нациям!

Əyri yolların yolçuları

1580 01.04.2022 10:10 Колумнисты A A

“Gedirsən imtahana, nə qədər bilsən də, ən azı iki şablonda yanılacaqsan. Elə düzəldiblər. Axırda pulunu verib pravanı alırsan. Başqa yolu yoxdur. Mində bir adam özü keçir”;

“Yaxınlaşırsan, həkimlərdən birini kənara çəkirsən, deyirsən, vaksin vurdurmaq istəmirsən, amma pasport almaq istəyirsən, düzüb-qoşurlar, pulunu verib, sənədini alırsan”;

“Maşını boksa salmağa ehtiyac yoxdur, yaxınlaşırsan, nə deyirlər, neçə deyirlər, verirsən, 5 dəqiqəyə texniki baxış kağızını verirlər”;

“İndi mühacirət məsələsi çətindir, ona görə də bahadır. Adamlar var, tapırsan, hansı sənədlər lazımdır, düzəldirsən, pulunu verirsən, viza-miza alırlar, getdiyin ölkədəki adamlarının yanına göndərirlər. Dövlətə təslim olursan. Sonrası öz fərasətinə qalıb”;

“Orada çətin bir şey yoxdur. Uşağın sənədlərini götürüb gedirsən səfərbərlik idarəsinə, orada bu işlərə baxan biri olur. Tanışlıqla soraqlayıb tapırsan, pulunu verirsən, komissiya təşkil edirlər, ”neqodnı" yazırlar, götürüb gəlirsən";

“Elə çox bal toplaya bilmirsə, uşaqla birlikdə gedirsən Dərbəndə. Türkiyədə, Kiyevdə də belə universitetlər var. Pulunu verirsən, uşağın adını istədiyi fakültəyə yazırlar. Bir ildən sonra pulunu verirsən, perevod etdirirsən öz universitetimizə. Sonra da tanış tapırsan, pulunu verib sistemə düzəltdirirsən”.

“Nə sosial ev, a kişi? Bir şey ki 500 evi 5 saniyədə satırlar, sən orada ev ala bilərsən? Xüsusi adamlar var, 3, 5, 7 minə bu işi həll edirlər, pulunu verirsən, həll edirlər. Gərək düzgün adam tapasan. Ona 3-4 min qalır, amma sən 25-30 min qabağasan”;

Bu ölkədə hər gün minlərlə adam on minlərlə adama bu cür tövsiyələr verir, içəriyə arxa qapıdan keçməyin sirlərini öyrədir, rüşvətlə başqalarından qabağa düşməyin, haqqı çatmayan şeyi əldə etməyin yollarını göstərir.

Aşağı-yuxarı hər işimiz belədir. Belə şeylərə beynimiz iti işləyir. Hətta düz işimizin düzəlməsi üçün də əyri yollar axtarırıq. Bunsuz olmur.

Universitetin bakalavr və magistratura pillələrini uğurla tamamlamış, dövlət qulluğuna imtahanda 100 faizlik nəticə göstərmiş məzun belə halal haqqı olan vakansiyaya işə düzəlmək üçün “dayday” axtarıb tapmalı olur.

Hələ yaxşı ki, son illər müəllimlərin işə qəbulu məsələsi imtahanladır, savadı olanlar keçir, yoxsa əvvəl daha bərbad idi, öz adını yazanda səhv buraxan “müəllim”lər pul-para hesabına məktəblərdə işə düzəlirdilər, uşaqları kor edirdilər (bəlkə bu sferaya da artıq barmaq ediblər - bilmirəm).

Ölkədə bir-birinə sarmaş-dolaş olan problemlərin səbəbi başqa yerdə deyil, bu xasiyyətimizdə, şakərimizdə, vərdişimizdədir.

Yolu iki addımlıq məsafədə olan yerüstü və ya yeraltı keçiddən yox, maşınların şütüdüyü yerdən keçən və bu səbəbdən ildə bir neçə yüzü vurulan, bir neçə mini, hətta on minlərləsi vurulmaqdan birtəhər qurtulan və möhkəm qorxan, adi işıqforun yaşıl işğının yanmasını gözləməyən adamların əlindən başqa nə gələsidir ki?

Özü hər addımda başqalarına yalan danışa-danışa, fırıldaq gələ-gələ, kəmfürsətlik edə-edə, xalqın cibini, dövlətin büdcəsini soya-soya 5 manat qabağa düşmək istəyən insanlar heç vaxt irəli durub azad seçki tələb etməz, qanun-qayda hayında olmaz.

Belələrinki odur ki, “iş düzəldən tanış” soraqlasınlar, “pullarını versinlər”. Budur, 30 ildir tələbə qəbulu test üsulu ilə, maksimum halallıqla aparılır, hər il minlərlə abituriyent öz savadı hesabına ali məktəblərə qəbul olunur, amma əlində külli miqdarda pul “tanış” axtaran minlərlə adam var, gecə-gündüz fikirləşirlər: nə etsinlər, necə etsinlər ki, uşaqlarını əziyyət çəkmədən, oxumadan “yaxşı fakültələr”ə qəbul etdirsinlər. İndiyədək fırıldaqçılar minlərlə belə adamın pullarını qamarlayıb yeyiblər. Çoxu heç qorxusundan şikayət də etmir.

MİDA-nın satışa çıxardığı sosial evlərin 500-nün 5 saniyədə satılıb qurtarması məsələsinə məhz bu prizmadan baxmaq lazımdır. Biz belə məsələlərdə çox pərgarıq. Bizə düz və kəsə yol göstərməsinlər, bizimki dolambadolam, enişə-yoxuşa baş vura-vura getməkdir.

Nə qədər ki, bu ölkədə əyri yolla, hiyləgərliklə başqalarının haqqına girənlərin qarşısını alan mexanizm olmayacaq, bu ölkədə halallıq, dürüstlük, ədalət də olmayacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости