Свобода людям, независимость нациям!

Ey mənim ana dilim

1576 02.08.2022 09:10 Колумнисты A A

“Kor kora deyər çırt bu yandakı gözünə”

(Azərbaycan ata sözü)

Öncə mən zəhmətkeşlərimizi 2 avqust Milli Kino Günü münasibətilə təbrik edirəm. Azərbaycan kinosu dünyada çox vacib yerlərdən birini tutur. Mən dəqiq bilirəm, Fransada universitetlərdə tələbələrə “Necə kino çəkmək olmaz” mövzusunu “Azərbaycanfilm” üzərindən öyrədirlər, bu da çox böyük uğurlarımızdan sayılır.

Kinoya hörmətimiz kinostudiyanın həyətində kafe açmaq, oranın müdirini telekanala, telekanalın müdirini oraya müdir qoymaq, gənc rejissorlara maşın almaq, aktyorlara xalq artisti adı vermək, gəlin köçən aktrisalara ehtiyat fonddan cehiz almaq kimi mühüm işlərdə özünü göstərir.

Azərbaycan kinosunun xarakterik cəhətləri nədir? Birincisi, bizim istənilən filmimizdə bayquş ulamalıdır. İkincisi, qəbiristanlıq və başdaşılar arasında vurnuxan adamlar göstərilməlidir. Üçüncüsü, bir topa adam harasa at çapmalıdır, bu zaman “din-din-dindirridim” musiqisi olmalıdır. Dördüncüsü, ən əsası, bizim kinoda mütləq, hətta yazı prinsiplərimdən qırağa çıxaraq bunu böyük hərfə yazıram, MÜTLƏQ toy olmalıdır. Toysuz Azərbaycan kinosu sarımsaqsız xaş, xınasız gəlin, qara kostyumsuz bəy, sağlıq deməyən qudalar kimi bir şeydir. Hətta mən sizə eksperiment təklif edirəm: internetdə kino axtarın, onun adına baxmadan istənilən dəqiqəsindən baxmağa başlayın. Əgər toya “düşdünüzsə”, o kinonun Azərbaycan filmi olması ehtimalı 110 faizə bərabərdir.

Bu baxımdan, beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanda hamı evlənir, qəbiristanlıqda gəzişir, at çapır, bayquşlarımız ulayır. Vəssalam. Bizim dünyaya açdığımız pəncərə budur. Bir də indi təzə şey - yaylaq festivalı çıxıb, inşallah, yaxın vaxtlarda bunu şərh eləyərik, çox önəmli mövzudur.

Üstəlik, bu il milli kino günümüzü bazburutlu eləyən detallardan biri nədir? Ay sağ olasan: onun “zerkalnı” nömrəyə düşməsi. 08.2.2022. Belə şeylər milyon ildə bir dəfə olur. Rəqəmlərin sehrinə aludə olmalıyıq. 2 avqust 2022 mənalı, müqəddəs rəqəmdir. Çünki burda 4 dənə 2 var. Dördü ikiyə vuranda da 8 - ayın sıra nömrəsi alınır. Səkkizi ikiyə vursaq 16 eləyir. 16-nı 2-yə vuranda 32 eləyir. 32-dən 4 çıxanda 28 qalır. 28 isə mükəmməl ədədlər sıralamasında 2-ci yeri tutur. Buradan əziz dostum İsmixan müəllimə sərin salamlar göndərirəm (atəşin salamları qışda göndərəcəyik) və keçid alıram başqa mövzuya.

Mövzu isə odur ki, mən ana dilimizi paçti bilmirəm. Əgər bilsəydim, bayaq milli kino günü ifadəsini böyük hərflərlə başlamalıydım. Hələ bu zəhləmgetmiş “keçid alıram” ifadəsi nə idi? Yox bir, keçi alıram. Bunu efirdə tez-tez deyən aparıcıları kaş dilindən tutub yerüstü keçidlərdə ayaqsilən kimi istifadə edəydilər (çox amansız yanaşmadır, başa düşürəm, lakin ana dili mövzu olanda, biz heç anamıza da aman vermərik).

Bəli, sən demə, 1 avqust da bizim ölkədə ana dili günüdür. Niyə bu gündür, şəxsən xəbərim yoxdur. Yəqin vəzifəli yoldaşlardan kimsə məhz 1 avqustda dil açıb danışıbdır - başqa variantınız varsa, bu yerə özünüz yazın, mənim fantaziyam bura qədər.

Uşaqlarını rus məktəbinə qoyan, şəhərində ana dilində bir dükan adı da tapılmayan, “ölüsü ilə ərəbcə”, dirisi ilə ingiliscə danışan millətin ana dili günü var. Allah sənə min şükür.  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости