Свобода людям, независимость нациям!

Ey Avropa, işğalçını cəzalandırarlar, 2,6 milyard yardım ayırmazlar!

1307 21.05.2022 13:29 Колумнисты A A

“Şuşa ili”ndə daha bir gözəl və tarixi qərar! Prezident İlham Əliyev Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla şəhərdə Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycanın 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Böyük qayıdışın əsas şərtlərindən biri işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun, iş yerlərinin yaradılması, məktəblərin, tibb ocaqlarının tikilməsi və digər zəruri işlərin həyata keçirilməsidir, bir müddət dövlət başçısı da bu barədə danışmışdı. Eyni gündə Füzulidə peşə məktəbinin tikilməsi ilə bağlı da sərəncam imzalanıb. Şuşa sərəncamı isə erməni daşnakarı yerdən-yerə vuran bir addımdır. Elə bu günlərdə də İrəvanın küçələrini “süpürən” və polislə süpürləşən erməni revanşistləri Şuşa iddiasını səsləndirirdilər. Şuşa Real Məktəbilə bağlı Əliyevin sərəncamı ermənilərə reallığı başa salmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin Qarabağla bağlı hər addımı erməni revanşçılarının sıralarının seyrəlməsinə səbəb olur.

Burası var ki, Azərbaycan bərpa işlərinə böyük vəsait xərcləyir, təkbaşına, heç bir beynəlxalq təşkilatdan dəstək almadan. Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərərin həcmi Rusiyanın Ukraynaya vurduğu ziyandan heç də az deyil, əksinə, çoxdur. Amma baxın, Rusiyanın dondurulmuş 300 milyard dollarının Ukraynanın bərpasına yönəldiləcəyi barədə artıq açıq danışılır, hələ bu ölkəyə ayrılan külli miqdarda əlavə vəsaitlərdən, müasir silah-sursat, hərbi texnika və digər məsələlərdən danışmırıq. Kimsə zənn etməsin ki, bunları yazarkən dost və qardaş Ukraynaya dəstək göstərilməsindən əndişə keçiririk. Xeyr! Əksinə, Azərbaycan özü də şimal təzyiqlərinə baxmayaraq, Ukraynaya dəstək verir, azərbaycanlılar bu ölkə uğrunda döyüşür, həlak olur, kimi canı, kimi malı ilə dəstək verir. Sadəcə, dünyanın yanaşması əcaibdir, bir ölkə işğal olunur, ona hərtərəfli dəstək var, amma digərinin “torpağını torba ilə daşıyan” işğalçıya daha çox yardım edilir, nəinki zərərçəkənə.

Müharibə sonrası proseslərdə sülhün əldə olunması istiqamətində aktiv rol oynayan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel keçən il İrəvanda olarkən Ermənistana 2,6 milyard avroluq dəstək paketi vəd etmişdi və haqlı olaraq Azərbaycanın etirazı ilə üzləşmişdi. Necə ola bilər ki, işğalçıya 2,6 milyard, işğala məruz qalana 150 milyon avro?.. Məlumat var ki, Brüssel bu yanaşmaya düzəliş edib. Biz demirik ki, Ermənistana heç bir yardım göstərilməsin. Olsun, amma işğalçı Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkdikdən, sülh sazişi imzaladıqdan sonra!

Yoxsa erməni ordusu hər gün Kəlbəcərdən bizi atəşə tutacaq, Avropa da bu ölkəni ayağa qaldırmaqdan ötrü yardım ayıracaq. Üstəlik, Nikol Paşinyan Brüssel görüşlərindən dönən kimi verdiyi vədləri unudur, əksini iddia etməyə başlayır. Mayın 22-də növbəti dəfə üçtərəfli görüş olacaq. Əgər bu dəfə də eyni vəziyyət təkrarlanacaqsa, Ermənistan sülh danışıqları adı altında nə hərb, nə sülh vəziyyətini sonsuza kimi davam etdirməyə çalışacaqsa, o halda Brüssel ən azı özünə hörmət etməlidir. Məsələn, nədən Ermənistana cəza olaraq vəd edilən 2,6 milyard avroluq dəstək paketinin ayrılmasından imtina edilməsin?! Az qalır ki, adam beləcə haraylasın: ey Avropa, işğalçını cəzalandırarlar, 2,6 milyard yardım ayırmazlar!

Qoy o vəsaiti Azərbaycana yönəltsinlər, Ermənistanın işğal dövründə dağıtdıqlarını bərpa etməyə! Xatırladaq ki, Azərbaycan işğaldan sonrakı hər il 2, 2 milyard manatdan artıq büdcədən vəsait ayırır Qarabağın bərpasına. Ermənistanın Şuşada dağıtdığı tarixi Real Məktəbi niyə Azərbaycan öz vəsaiti hesabına, xalqın boğazından kəsərək bərpa etməlidir, Ermənistansa ənənəvi mövqeyindən əl çəkmədiyi halda, yardımla əhatə olunmalıdır?

Bu ölkə vurduğu maddi və mənəvi zərərə görə Azərbaycana cavab verməlidir, Beynəlxalq Məhkəmə qarşısında! Niyə Brüssel daxil, aparıcı paytaxtlar Ermənistanın Azərbaycana yüz milyardlarla dollar təzminat ödəməsinin zəruriliyini dilə gətirmir? Bəlkə ört-basdır etmək istəyirlər, “sülh prosesi gedir” adı altında? Yoxsa demək istəyirlər ki, Ermənistanın bu qədər vəsaiti ödəməyə imkanı yoxdur. Elə isə təkliflər var: məsələn, Göyçə-Zəngəzur təzminat əvəzi Azərbaycana qaytarılsın. Hələlik İrəvan bölgəsi bəs edər ermənilərə. Onsuz da 1918-ci il xəritəsi ortaya qoyulanda Ermənistana qalan həmin ərazilər olur, Azərbaycanın bu bölgəsi. Hansı ki, erməni vandallar İrəvan mahalında da türk izlərini itiriblər zaman-zaman. 

Beynəlxalq təşkilatlar isə ermənilərin Qarabağda və Ermənistanda Azərbaycana məxsus mədəni irsi məhv etməsinə göz yumduğu halda, ermənilərin saxta göz yaşlarına istinad edərək anti-Azərbaycan qətnaməsi qəbul edirlər. Hansı ki, savaş 17 aydır bitib, beynəlxalq təşkilatlar reallığı görmək üçün Qarabağa gəlməyiblər.

Prezident Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən də bir sıra faktları xatırladıb. Torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ISESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirən Prezident “biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər”-deyib. Dövlət başçısı deyib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ISESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.

Bəli, buyurub, gəlsinlər, hesablasınlar, əgər ədalət tərəfdarıdırlarsa. Ondan sonra öz vicdanları qarşısında hesabat versinlər: o boyda yurdlar xaraba qoymuş faşistlərə yardım düşürmü?!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости