Свобода людям, независимость нациям!

Evsiz kəşfiyyatçı

1652 30.05.2023 13:17 Колумнисты A A

“El adamı igid deyə candan edər, cоmərd deyə maldan”

(Azərbaycan ata sözü)

Köhnə günlərdən qalma partiyalar bağlanır, əski adamlar yavaş-yavaş yoxa çıxır. Hətta bankir Mahmud Məmmədov dalbadal intervüləriylə “Günaybank”ı xilas edə bilmədi, bank batdı, getdi. Ancaq 90-larda Mahmud müəllim televiziya açırdı! Təsəvvür elə. təmiz dərəbəylik idi. Hərənin bir batalyonu var idi. Füzulidə cavanlar traktor motorunun üstündə zirehli texnika qayırmışdılar. Polad lövhələrdən örtük çəkmişdilər. Bunu Qarabağın ermənilər hücum edən kəndinə tərəf sürmüşdülər, düşmən qorxudan qaçmışdı. İşi korlayan bədheybəti sürən cavanın hoqqabazlığı olmuşdu – hardansa ağlına yerləşib ki, kəndə girəndə “tankadurum”u (bu adı indi mən quraşdırdım, əsl adı yadımda deyil) bir evin divarına çırpsın, ev uçsun. Nəticədə zirehli texnika xarab olub orda qalmışdı. Deyirdilər, sonra ermənilər bunu təmir eləyib bizə tərəf sürüblər. Uzun söhbətdir.

Hardan yadıma düşdü, heç bilmirəm. Bəlkə də dünən keçmiş kəşfiyyatçılarla, əfsanəvi döyüşçülərimizdən olmuş İlham Ağalarla bir məclisdə əyləşməyimin nəticəsidir. Söz-sözü çəkir, hərə bir şey danışır, sən də nəsə xatırlayırsan.

İlham Ağalar 1993-1994-cü illərdə məşhur “Horadiz əməliyyatı”nın önündə gedən kəşfiyyat dəstəsinin komandiridir. Çox adam bilmir, 2020-ci ildə ordumuz Füzulidə cəbhə xəttini də təxminən eyni marşrutla yarıb düşmən arxasına keçmişdi. Yəni, adamın açdığı yol, kəşf elədiyi cığır elə-belə cığır deyil. (Bəlkə minillik cığırdır, dədə-babalarımız da haçansa o yolu gediblər). İlham Ağaların o əməliyyatdan bəhs eləyən “Yaşıl cığır” adlı çox maraqlı kitabı da var. Ancaq onun haqqında bir-iki məsələ də var ki, bu neçə ildə xahişlərimə baxmayaraq yazmağıma mane olub. İndi qərara gəldim verdiyim sözə əməl etməyim.

Birincisi əslində tragikomediya janrında film üçün süjet ola bilər. İlham Ağalar Füzulinin Horadiz qəsəbəsinin sakinidir. 1994-cü ildə də Horadizə ilk girən dəstənin başçısıdır – yuxarıda yazdım. Ancaq ötən 30 il ərzində Horadizdə az qala hamının evini bərpa ediblər, erməni işğalının nəticələri, demək olar, aradan qalxıb, yeganə bərpa edilməyən ev... İlham Ağaların evidir. Bu niyə belə olub, yenə yuxarıda yazdığım kimi, İlham bəy danışmır, ümumiyyətlə, şikayət eləməkdən zəhləsi gedir. Heç Bakıda da normal ev-eşiyi yoxdur, “Radiozavod”un sınıq-salxaq yataqxanasında ailəsiylə birotaqlı mənzildə qalır.

Horadizi azad eləmiş horadizlinin orada indi şəxsi evi yoxdursa, buna nə ad vermək olar? Kimə danışsan, bəlkə lətifə hesab edər, ancaq gerçəklik budur. Üstəlik, İlham Ağalar əsgər ailəsi olmağa davam edir – oğlu Kəlbəcər bölgəsində gizir rütbəsində xidmətdədir. O da ikinci Qarabağ savaşının veteranıdır.

İkinci əhvalat da birincidən geri qalmır. İlham Ağaların döyüşlərdən qalma yaralar, fiziki xəsarətlər üzündən əlillik dərəcəsi var. Daha doğrusu, var idi. Məsələn, o, sağ əlini müəyyən bucaqdan yuxarı qaldıra bilmir. Bir ayağı hərdən tutulur və işləmir, sürət pedalını basa bilmir, ona görə avtomobilinə əl qazı düzəldib – bu, maraqlı bir qurğudur, açığı, heç belə şey görməmişdim. Şəxsən özü yığıb. ("Radiozavod"un yataqxanasının təsiri – qara yumor). Uzun sözün qısası, onun əlillik dərəcəsi sosial nazirliyin hardasa iki il qabaqkı “əlil soyqırımı” aksiyasında ixtisara düşüb. Deyiblər, təzədən yoxlama olmalıdır. Həkimlərin çoxlu arayışlarına baxmayaraq, idarə bu dəfə dərəcə verməyib.

Bəlkə bunları icazəsiz yazdığıma görə məndən inciyəcək, lakin niyə yazmayım? Özünə hörmət qoyan yazar bu cür tragikomediyaları mütləq qələmə almalıdır. Niyə belə şeyləri görmək bizim pisimizə gəlir, müəyyən idarələrdə oturanların isə vecinə deyil? Yəqin bizə düzgün tərbiyə verilməyib.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости