Свобода людям, независимость нациям!

“Evə soxulan oğrunu, qatili yola verin, getsin!..” - Berluskonidən Ukraynaya HEYRƏTAMİZ TƏKLİF

2872 21.05.2022 16:00 Колумнисты A A

Qərb daha əvvəlki tək Rusiya lideri Vladimir Putinin nazı ilə oynamır. Xeyli müddətdir “köhnə qitə” Avropadan və okeanın o tayından yüksək çinli rəsmilər onun yanına gəlmir, yalvar-yaxar eləmir. Çünki hamı artıq qulağında sırğa elədi ki, Putinlə danışmaq, daha doğrusu, onun “qiymətli məsləhətlər”ini eşitmək adi vaxt itkisidir. Belə görünür, bu adam konstruktiv müzakirələr, normal anlaşmalar üçün xəlq edilməyib. Yalnız diktə dili bilir, vəssalam.

Bu mənada son zamanlar Rusiya tərəfinin Ukraynanı sülhdən yayınmaqda suçlamasını anlamaq olmur. Həm də ikiüzlülük çıxır. Zira, hər kəsin yadındadır ki, sülh naminə ən ciddi, ən israrlı çabaları məhz rəsmi Kiyev göstərib. Zamanında dəyərləndirmək lazım idi...

Amma indi baxırsan ki, ara-sıra Putinin Avropada qalmış bir-iki köhnə dostu yenə “açıq səmada şimşək effektli” təkliflər verir. Hədəf həmənkidir: Ukraynanın suverenliyi və ərazi bütövlüyü hesabına (!) Rusiyanı, Vovanı razı salmaq. Fəqət, zərrəcə ağla gətirilmir ki, bunun qarşılığında Putinin torpaq iştahası zəifləyəcəkmi? Əsla. Əkinsə, artacaq.

Məsələn, Putinin sadiq avropalı dostlarından biri, İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilin-günün bu vaxtında - Ukrayna öz əraziləri uğrunda həlledici savaşa hazırlaşdığı vaxtda bəyan edib ki, Avropa Kiyevi Rusiyanın tələblərini qəbul etməyə inandırmalıdır (Makrondan da Ukraynaya oxşar təklif edilmişdi).

“Putini danışıqlar masasına oturtmaq üçün Böyük Britaniyadan tutmuş, NATO-ya qədər, hər tərəfdən səslənən bəyanatlara ehtiyac yox. Biz mümkün qədər tez sülhə gəlməliyik, əks halda dağıntılar və qırğınlar davam edəcək. Avropa birləşməli və Kiyevin Rusiyanın tələblərini qəbul etdirməyə çalışaraq, Putinə və ukraynalılara sülh təklifi verməlidir”, - Berluskoni deyib. O gün isə o bildirmişdi ki, dünyada Ukrayna ətrafında vəziyyətlə bağlı Putinlə danışıqlar apara biləcək lider yoxdur.

Pardon, niyə yoxdur ki? Bəs Ərdoğan? Ancaq problem ondadır ki, Rusiya rəhbərinə xas ənənəvi təkəbbür, maksimalist mövqe onunla məhsuldar sülh danışıqlarını istisna edir. İkinci yandan, işğalçı tərəfin başçısı ilə sülh danışığı aparmırlar, əvvəlcə onun “dilini uzun edən” hərbi potensialını çökdürür, sonra müzakirə masası arxasına keçirlər. Məgər İkinci Dünya savaşının qızğın çağında SSRİ və ya ABŞ Hitlerlə sülh danışıqları aparıb? Rusiyaya qarşı da vaxtilə Hitler Almaniyasına qarşı yürüdülmüş önləyici siyasət, kollektiv yanaşma sərgilənir ki, bu da təcavüzkarı cilovlayacaq yeganə yoldur...

O ki qaldı Berluskoninin ekzotik təklifinə, əvvəla, o, nə İtaliyada rəsmi şəxsdir, nə də Avropada. Qərbdə isə artıq belə bir qənaət daşlaşıb ki, bir müddət Putinlə danışığa-zada ehtiyac yoxdur. Ona görə ki, onda özünəvurğunluq və təkəbbür güclənmiş olacaq. Rusiya liderində qənaət yaranacaq ki, “demək, düz yoldayam ki, hamı mənə ağız açır, zəng və xahiş edir”.

İtaliyanın keçmiş baş nazirinin məlum təklifi bu xüsusda yumşaq desək, yersizdir. Ən əsası, beynəlxalq hüquqa həqarətdir. “Güclü həmişə haqlıdır” arxaik deyiminə bəraət qazandırmaq cəhdidir və yaxud “evə girən oğrunu, qulduru, qatili yola verin, getsin” kimi əcaib məntiqin məhsuludur...

Əslində, cənab Berluskoninin hədəfi heç də dünyanı aclıq təhlükəsindən, nüvə savaşından xilas eləmək deyil, dostu Putinin “sifətini saxlamaq”dır. Ancaq bu “sifət” məsələsi dünyanın problemi deyil. Ən əvvəl Putinin problemidir, onun dərdidir. Yaxud Rusiya toplumunun çəkməli olduğu dərddir. Məhz Rusiya cəmiyyəti indiki rəhbərinin onu hara apardığına doğru-dürüst qiymət verməlidir, nəinki Kreml yiyəsini kor-koranə müdafiə eləməlidir.

Ancaq görün rus cəmiyyətində nə baş verir. Dünən Kostromadan olan deputat Vladimir Mixaylov nüvə müharibəsinə qarşı çıxdığı, Rusiyanın ilk olaraq atom silahı tətbiqinin əleyhinə olduğu və bunu ağılsızlıq saydığı üçün həmkarları onu həkimə baş çəkməyi məsləhət görüblər!

İşə bax. Rusiyada ağıllı insanlar nüvə müharibəsini mümkün sayan səfehlər tərəfindən “psix”, “dəli” elan edilməyə başlayıb! Allah axırını xeyir eləsin, ancaq bu, nəsə pis əlamətdir, neqativ simptomdur. Ən əvvəl də Rusiyanın özü üçün...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости