Свобода людям, независимость нациям!

Etimadsızlıq telefonu

1779 14.05.2024 10:13 Колумнисты A A

Talassemiyalı uşaqları xaricə aparıb müalicə edəcəkləri adıyla valideynləri aldadıblar. Dələduzların ələ keçirdiyi pulun miqdarı 1 milyon manata yaxındır. 

Azərbaycanda rəsmi statistikaya inansaq, 3 min talassemiya xəstəsi var. Bu, neft və qaz milyarderi olan ölkə üçün nə boyda rəqəmdir ki, həmin adamların müalicəsini dövlət öz üzərinə götürmür və vətəndaşlar itin-qurdun yalan vədlərinə aldanıb pullarını itirirlər? 

Eyni zamanda ortada bir etibarsızlıq, etimadsızlıq mühiti də formalaşıbdır. Gəlin etiraf edək ki, həmin 1 milyonu zəhmətkeşlərimiz, o uşaqların valideynləri dövlətə etibar etməzdilər. Yerli həkimlərə bəlkə qıyıb verməzdilər. Ancaq xaricdəkilərə verirlər. Nəyə görə belədir? Təklif edirəm səhiyyəyə baxanlar, o cümlədən dövlətin propoqandası ilə məşğulat eləyib qalan pulları qatlayan yoldaşlar bu məsələ üzərində düşünsünlər. Çünki etimadsızlıq qlobal səviyyədədir artıq. Müəllimə, məktəbə rəsmi pul vermirik, ancaq repetitoru yedizdiririk. İşimiz dolaşığa düşəndə hüquq-mühafizə orqanlarından qabaq hansısa dolayı vasitəçilər axtarırıq. Nə hakimə etibar qalıb, nə vəkilə. Sözgəlişi, bugünlərdə bir vəkilin məhkəməsi gedir. Başçılıq elədiyi vəkil bürosunun pullarını əkişdirməkdə suçlanır. Uzun müddət özünü xəstəliyə vurmuşdu, lakin məhkəməni inandıra bilmədi, sürüyüb prosesə gətiriblər, indi isə deyir ki, güllələnmə cəzası verin, bu absurd proses bitsin. 

Guya bizim humanist dövlətdə yaşadığımızı, ölüm cəzasını çoxdan ləğv etdiyimizi bilmir. Əsas diqqətçəkən detal isə budur ki, bu vəkil vaxtilə mətbuata, jurnalistlərə divan tutmaq istəyən bir nəfərin vəkili olmasıyla tanınardı. Həmin adam, açıq yazsaq, “krışa” ölüb, indi yiyəsiz qalıb. Düzgün çalışsa, sifariş yerinə yetirməsə, mətbuatın dostu olsa, bu günə düşərdimi? 

Açığı, çox da əmin deyiləm. Ola bilsin yenə tutulardı. Bizdə adamın düz və ya səhv olması, günahsız və ya günahkar olması hələ heç nəyi həll eləmir. 

Bayaq etimadsızlıqdan yazdım... Son illərdə qəribə trend müşahidə etməkdəyik: vaxtaşırı huquq-mühafizə orqanları xalqa müraciət yayır, zəhmətkeşlərimizi dələduzların toruna düşməməyə çağırır. Son belə müraciət internet fırıldaqlarıyla bağlı idi. Deyir, dövlət idarələrinin, bankların, şirkətlərin adlarının oxşarını yaradıb sizi aldatmaq, bank hesablarınızı ələ keçirmək istəyənlər vardır. Ehtiyatlı olun, hər yoldan ötənin zənginə inanmayın və sairə. 

Çox gözəl, çox pakizə. Ancaq xalq kimə inanacağını necə müəyyən eləsin, axı onu hamı aldadır? Dələduzlar bəyəm təkcə xaricdən zəng vururlar? Kimdən soruşsan, daxildəki yüz dələduzun nömrəsini verər. Hamısı da rəsmi kabinetlərdə oturur. 

Bu yaxında mən təsadüfən qanunvericilərimizin siyahısı olan saytı açmışdım. Orada elə qəribə adlar gördüm ki, gətirib Qurana and içə, deputat olduğuna heç spiker də inanmaz. Ancaq hansısa seçki dairəsini, hansısa 30-40 min seçicini ləzzətlə “təmsil edirlər”, dünya veclərinə deyil. 

O cümlədən təzə seçki elan olunmaq üzrədir, lakin heç kimin yadına düşmür ki, 2020-ci ildə ləğv edilən, ondan sonra da deputatı ölən dairələrdə niyə seçki olmadı? Həmin dairələrin üst-üstə 300-400 minə yaxın seçicisi deputata layiq deyilmiş? 

Hərçənd haradasa karma deyilən bir şey də var. Çox buna inanmasam da, bəzən təəccüblənirəm. Təzəlikcə yenə bir kriminal hadisə haqda oxudum. Yolda avtomobillər bir-birinə yol verməyib, bu cür boş, mənasız məsələ üstündə qətl olub. Sürücünün biri o birisinə neçəsə bıçaq soxub. Və öldürülən adam sürücülük hüquqları işinə baxan adamın yaxın qahımlarından biriymiş. Sən zırramanın birinə vəsiqəni satırsan, o da vaxt gələndə sənin yaxınını öldürür. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости