Свобода людям, независимость нациям!

Eşşək minməklə açılmayan bəxt “qrin-kart”la açılarmış

1968 11.05.2022 09:45 Колумнисты A A

O gün ölkədə Qrinlandiya yelləri əsirdi, hamı “qrin-kart”dan danışırdı. Udanlar sevinirdi, millət onları təbrik edirdi, adı siyahıda çıxmayanlar məyus idilər, uduzmuş futbolçular kimi, bir sonrakı matça ümid bağlayırdılar.

Bilməyənlər üçün aydıralım ki, “qrin-kart” udmaq ABŞ-da yaşamaq və işləmək hüququ qazanmaq deməkdir. “Yankilər” hər il dünyanın hər tərəfində bu arzuda olanlara şərait yaradır ki, onlar da gəlib okeanın o tayında ağ gün görsünlər.

ABŞ demək, bizim üçün dünyanın o başı deməkdir, təyyarə ilə 10-12 saat yoldur, hələ Kaliforniyaya getsən, gərək 15-16 saat havada qalasan.

Keçmiş vaxtlarda olsa, ABŞ-a gedənlərə “cəlayi-vətən oldu” deyərdilər. Uzağa getməyək, sovet vaxtı kimisə təyyarəyə oturdub ABŞ-a göndərsələr, adam götürüb Kremlə şikayət məktubu yazardı. Əlbəttə, bu, yəhudilərə və ermənilərə aid deyil, onlar hələ sovet dövründə bu ölkədən çıxmağa çalışırdılar. Çünki onlar ABŞ-ın, Avropanın ləzzətini bilirdilər (bizimkilərin isə ən çox gördüyü və sevdiyi eləcə Sibir idi).

Hətta bu barədə bir lətifə də var. Bir gün Brejnev baş nazir Kosıgindən soruşur ki, bu ölkədə nə qədər yəhudi yaşayır. Kosıgin cavab verir ki, 3-4 milyon olarlar. Brejnev dübarə soruşur: “Bəs onların hamısına SSRİ-dən getmək icazəsi versək, nə qədər yəhudi gedər?” Kosıgin deyir: “10-15 milyon”.

İndi Kosıginin sözü olmasın, Baydenin Ağ Evi ABŞ-a köçmək istəyənlərin hamısına şərait yaratsa, minimum 5 milyard adam bu ölkəyə cumar. Floridadan Montanaya, Nyu-Hempşirdən San-Diyeqoya qədər ayaq basmağa yer qalmaz. Mühacirlərin əlindən Miçiqanın içi qan olar teyxa.

Ona görə ki, ABŞ-ın adı çıxıb, hamı elə bilir ki, o ölkədə tornadolar çox olduğundan vaxtaşırı yel əsir və qoz tökülür. Söz yox, ABŞ-ın 50 ştatındakı dolanışıq dünyanın 150 ölkəsində olduğundan daha yaxşıdır, amma o demək deyil ki, o ölkədə camaat kefdədir, işləyib-eləmirlər, bütün günü pablarda, kafelərdə yeyib-içirlər, sonra da tapançalarını çıxarıb atışırlar.

Atışma demişkən, orada belə hadisələr daha çox olur. Çünki ürəyi istəyənlərin hamısı odlu silah əldə edə bilir. Silah da elə şeydir ki, alıb lüləsini toqqanın altına keçirirlərsə, bir gün mütləq ordan çıxarılır və... silahlı insidentə dair statistika yenilənir. Bu, onların ən böyük minusudur.

ABŞ-da başqa əyər-əskikliklər də var, amma bu, “qrin-kart” eşqi ilə alışıb-yananların vecinə deyil. Əsas  Vayominqə oturmaqdır, sonra kim kimin vayına oturacaq, prosesin sonunda bilinəcək.

Hazırda “qrin-kart” udanlar bəxtəvər hesab olunur. Bu şansı qazanan subay oğlanlar birdən-birə gözəlləşib, kifir idilərsə, Burak Özçivitə dönüblər, keçəldilərsə, başlarına tük gəlib, bəstəboydularsa, hesab edin ki, 20 santim uzanıblar, kasıbdılarsa, 15-20 min qabağa düşüblər. Dünənə qədər qarşı cinsdən onları bəyənib “hə” deyən yox idisə, bu gün, türkün sözü, “əlini sallasa əllisi” durumu yaranıb. Onlara ərə gedib amerikalı olmaq istəyən yüzlərlə xanım namizəd tapılacaq.

Bu, “qrin-kart” udan qızlara da aiddir. Bəlkə də onlardan hansısa bəxtinin açılması üçün kənd-kəsəkdə eşşək də minirdi, amma işi düzəlmirdi ki, düzəlmirdi. İndi isə məlum oldu ki, bəxt eşşək minməklə yox, “qrin-kart” udmaqla açılır. Onları alaraq “amerikanski mister” olmaq şansı yaranıb.

İntəhası, anlamaq lazımdır ki, ölkə dəyişib, başqa bir ölkəyə yerləşmək, orada sıfırdan başlayıb həyat qurmaq gənc adamlar üçün əlverişlidir. Yaşı 55-i keçmiş adam təzədən ABŞ-a köçüb yeni həyat quracaq? Çətin. O yaşda yalnız təqaüd almaq olar. Hərçənd ABŞ-ın verdiyi təqaüdlə başqa ölkələrin verdiyi təqaüdlərin arasında bir neçə 0-lıq fərq var.

Yəni “qrin-kart” məsələsində küyə düşmək düzgün deyil. Əgər sən 30-40 ilə ana dilində 5 kəlməni ard-arda deməyi, yazmağı öyrənməmisənsə, gedib ABŞ-da nə edəcəksən, a zalımoğlu? Yaxud əlindən təkər yamamaqdan, maşın yumaqdan başqa bir şey gəlmirsə, nə iş görəcəksən? Orada nadir hallarda təkər yamatdıran, maşın yudurdan olur. Çünki küçələr hamar və toz-torpaqsızdır. Bizdə yağışdan sonra maşınların hamısı palçıq rəngində olur, orada elə deyil. ABŞ-da olan dostlar danışır ki, hələm-hələm “moyka” tapmazsan. Amma “Dvadsatı”da bir küçədə 11 dənəsi var.

Dediyim odur ki, kim o niyyətdədirsə və “qrin-kart” udubsa, getməzdən əvvəl bir şeylər öyrənsin, gedib qürbət ellərdə kərəvəngə qalmasın.

Samir SARI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости