Свобода людям, независимость нациям!

Ermənistanın 2024-cü il büdcəsində azərbaycanlıların qayıdışı üçün vəsait varmı?  

2246 16.11.2023 14:34 Колумнисты A A

 

Nikol Paşinyan nə vaxt sülhdən danışırsa, demək ardınca nəsə anormal bir addım atacaq. Keçən il demişdi ilin sonunadək sülh sazişi imzalaya bilər, cəmi bir neçə gün sonra şərti sərhədlərdə toqquşmalar oldu. Elə bir neçə gün əvvəl Paris Sülh Konfransında iştirak üçün Fransaya uçdu, Makronla görüşdən sonra yenə sülhdən danışdı, ardınca Fransa zirehli texnikası Ermənistana yol aldı, Avropa İttifaqının ölkəsindəki missiyası, həmçinin ABŞ səfiri anormal davranışları ilə ortalığı qarışdırmağa başladı.

Budur, Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı yenə sülhdən danışıb. İddia edib ki, “Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”. İradəyə baxın da! Özü də “sarsılmaz” imiş, xəbərimiz olmayıb. “Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - deyən Nikol Paşinyandan kimsə soruşmur ki, yaxşı, razılaşma olmuşdusa, niyə əməl etmirdin, nəticədə Azərbaycan bir günlük antiterror əməliyyatı keçirib, Ermənistan ordusunun qalıqlarını təmizləməyə vadar oldu? Yaxud əgər bu üç prinsip - ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddiasının olmaması barədə anlaşma varsa, onda niyə ən azı 8 Azərbaycan kəndi bu günədək Ermənistanın işğalı altındadır? Yaxud prinsip suverenliyin və yurisdiksiyası əsasında regional kommunikasiyaların açılması haqda anlaşma əldə olunubsa, niyə hətta 2020-ci ilin 10 noyabr üçtərəfli anlaşmasına əməl edib, Naxçıvanın blokadasına son qoymursan?

Beləcə, Ermənistanın baş naziri nağıl danışır, baş qatır. Ortalığın qarışması halında revanş imkanı əldə etməkdən ötrü hər cür fitnə-felə əl atır bu adam. Vaxtaşırı Almatı Bəyannaməsinə istinad edərək, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildən tanıdığını iddia edir. Bunu o adam deyir ki, Almatı Bəyannaməsindən 28 il sonra (!) qanunsuz olaraq Azərbaycan ərazisinə gələrək – özü də neçənci dəfə - Xankəndidən “Qarabağ Ermənistandır. Nöqtə”-sərsəmləməsini səsləndirməklə böyük savaşa, ağır itkilərə səbəbkar oldu! Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanındığını deyən Paşinyan 2018-ci ilin yazında baş nazir seçilən kimi tullana-tullana Şuşaya gəldi, sanki dədəsinin yurdu imiş, heç bir diplomatik etiketə, beynəlxalq qanunlara, insani münasibətlərə məhəl qoymadan. Bu yalanı püskürən şəxs Ermənistanın digər gənclərinə nümunə olsun deyə, oğlunu hərbi xidmətə Qarabağa yolladı, yekə-yekə şəkillər çəkdirdi, paylaşdı ki, qorxmayın, siz də gedin Qarabağda xidmət eləyin! Bu gün Ermənistanı müdafiə edib, Azərbaycanın üstünə gələn Avropa Parlamenti belə, vaxtilə İrəvana çağırış etmişdi, “Qarabağa əsgər göndərməyin”-deyə. Nikol Paşinyan bu kimi çağırışlara da məhəl qoymadı. Hələ onun etdikləri Annanın yanında nədir ki? Həmin bu, “sülhpərvər”in arvadı “Erato” qadın batalyonu yaratmaq eşqinə düşmüşdü, əlinə avtomat alıb, Qarabağ torpağında sürünürdü, təlimlər keçirdi, Azərbaycana qarşı döyüşməyə hazırlaşırdı. 44 günlük müharibədə belə, gedib erməni generalların bunkerlərinə soxulmuşdu. Bax, Paşinyan ailəsi belə “sülhpərvər” olub, çox da uzaq olmayan keçmişdə.  

Bu gün nə baş verir? “Sülhə doğru” atılan addımlara baxın. Xəbər yayılıb ki, Hindistanın Ermənistana 30 və 40 millimetrlik qumbaralar tədarük edəcək. Nə az, nə çox, düz 150 min qumbara! İki ay əvvəl isə işğalçı ölkəyə 7,62 mm çaplı 5 milyon patron verilibmiş. Onda da müharibə bitmişdi, sülh təşəbbüsləri var idi və Paşinyan deyirdi sülhün alternativi yoxdur. Patron alırmış, “sülh imzalamaq üçün...” Hindistandan pilotsuz uçuş aparatları alacağı barədə məlumatlar da var. O da “sülh üçündür” yəqin...

“Fransa Bastion”larının ardınca, qumbaralar, PUA-lar...Paris Sülh Konfransının “sülhməramlı məcrada” keçdiyi açıq hiss olunur...Sülh Nikolun başına vurub. Bu yandan da Ermənistanın 2024-cü il dövlət büdcəsində hərbi xərclər artırılır. Amma görün Nikol nə deyir. Sitat: “Ermənistanın hərbi xərclərinin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır. Çünki təhlükəsizlik sülh və sabitliyin ən vacib təminatıdır. Əminəm ki, qonşu ölkələr İrəvanın heç kəsə hücum etmək niyyətində olmadığını anlayırlar”. 

Paşinyan 2018-ci illə müqayisədə Ermənistanın müdafiə xərclərinin iki dəfədən çox artırılacağını bildirir və deyir ki, bütün bunlar Azərbaycanla sülh bağlamaq üçündür. “Qarabağ məsələsini Ermənistan dövlətçiliyinin inkişafına qarşı istifadə edirdilər”-deyən də odur, Qarabağla bağlı cəfəng, kifli iddialardan əl çəkməyən də...

Sülhə hazır olan ölkə belə olar! Budur, Azərbaycan Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatını həyata keçirir. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır.

İndi çox maraqlıdır, bəs, 2024-cü il büdcəsini müzakirəyə çıxaran Ermənistan hökuməti necə, 1988-89-cu illərdə qovulmuş azərbaycanlıların ilkin qeydiyyatı, onların öz evlərinə qayıdışı ilə bağlı müzakirələr aparırmı? Necə olur ki, 20-30 min erməninin məsələsi Brüsseldən vurub, Vaşinqtondan çıxır, amma 300 min azərbaycanlının tarixi yurdlarına, Ermənistan adlanan Qərbi Azərbaycana qayıdışı danışıqlarda müzakirə predmeti olmur? Bu gün Avropa İttifaqının müşahidə missiyası, ABŞ səfiri Qərbi Azərbaycanda patrul kimi xidmətə yazılıblar, amma unudurlar ki, onların “xidmət ərazisi” azərbaycanlıların doğma yurdlarıdır. Nikol Paşinyan həqiqətən sülh tərəfdarı olsaydı, azərbaycanlıların geri qayıdışı ilə bağlı tədbirlərin görülməsinə tapşırıq verər, 2024-cü ilin dövlət büdcəsində hərbi xərcləri artırmaq əvəzinə, azərbaycanlıların evlərinin bərpasına vəsait ayırardı...Onsuz da gec-tez Azərbaycan türklərinin Qərbi Zəngəzura qayıdışı baş verəcək, Ermənistan rəhbərliyi bu həqiqəti nə qədər tez anlasa, özü üçün faydalıdır! Qarabağa qayıtdıqsa, Zəngəzurun əkiz tayına da dönəcəyik! Dövlətimizin, Ali Baş Komandanımızın qətiyyəti ortada!

Kimsə qulağına pıçıldasın: hərbi xərcləri artırmaq müharibənin anonsudur, Nikol, bunu uşaq da bilir!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости