Свобода людям, независимость нациям!

Ermənilərə xəbərdarlıq: Qaragöl ətrafından Göycə gölü sahilinə

3153 03.06.2022 16:32 Колумнисты A A

 

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryan Moskvada görüşəcəklər. Deyilənə görə, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun növbəti müzakirələri olacaq. Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşünün də növbəti məkanı Moskva olacaq.

Sayca neçənci görüş olacaq, dəqiq bilmirəm, amma “Hayastan” blokunun bir neçə deputatı Mqeri hava limanının divarına sıxandan sonra Paşinyanın müavini “nala-mıxa” vurmağa başlayıb. Bunlar hələ də Qarabağdakı bir ovuc erməniyə status ala biləcəklərini güman edirlər. Belə olan təqdirdə danışıqların uzadılması məntiqli görünmür, Ermənistan sadəcə vaxt udmağı hədəfləyib. İrəvanın kifli və çürük iddialarından əl götürməməsi halında isə kommunikasiyaların açılması Azərbaycanın maraqlarına cavab vermir. Sözsüz ki, ermənilərin “çörəyinə yağ sürtənlər” var, Paris meri kimi...Yaxud gələn həftə İrəvana səfər edəcək Sergey Lavrov. Bölgədə maraqlarının təmin olunması üçün “ocaq”da, külün altında da olsa, “köz” saxlamaq istəyirlər, istədikləri vaxt “maşa” ermənilərlə götürsünlər, “siqaret”lərini yandırsınlar, ya “samovar” qaynatsınlar.

343r34r34r43.jpg (798 KB)

“Status” demişkən, “kor atın nalbəndi” statusuna haqq edən Artak Beqlaryan adlı bir separatçı var, deyib ki, “Avropa İttifaqı “Dağlıq Qarabağ münaqişəsi”nin həllində iştirak etməməlidir”.

Qudurasan, qurbağa! Bu da özünü adam hesab edib, cərgəyə qoşulur. İddiasına baxın hələ: “Problemi həll etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin beynəlxalq səviyyədə tanınmış formatı var”.

“Camaata it hürür, bizə çaqqal” deyib də, keçmək olardı e. Lakin özünü “dövlət katibi” adlandıran bu zatıqırıqdan müsahibə götürən Rusiyanın  ən aparıcı dövlət informasiya agentliklərindən olan “RİA Novosti” olub! Azərbaycanla müttəfiqlik münasibəti imzalayan ölkənin agentliyi separatçıya tribuna tanıyıb! Hansı ki, bu ilin 22 fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ilk bəndi belədir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəs, elə isə Beqlaryanın “dövlət”i hansı cəhənnəmdən çıxdı? “RİA Novosti” prezidentinin də imzasına hörmət etmir? Yoxsa məsələ televiziyanın sərhədini aşıb, Bakıya təzyiq vasitəsidir? Bundan əvvəl əsgərimizə qumbara atan terrorçunu separatçılara qaytardılar, sonra sülhməramlıların arxasında gizlənən separatçılar üçün “rus mərkəzləri” açmağa, “rus icmaları” yaratmağa başladılar, indi də Beqlaryanı “dövlət katibi” olaraq təqdim edirlər. Özü də “Dağlıq Qarabağ respublikası”nın. Azərbaycan ərazisində olmayan, cəhənnəmə göndərilmiş subyekti diriltmək cəhdi nə qonşuluğa, nə də müttəfiqliyə sığır, anlamırlarmı?!

Bəli, Artak adlı birisinin Avropa İttifaqı əleyhinə zingildəməsi Rusiyanın maraqlarına uyğundur. Bununla demək istəyirlər ki, Qarabağdakı ermənilər sizin burada hər hansı rol oynamağınızı istəmir. Amma separatçı-terrorçu dəstənin adını “respublika” qoyanlar bununla Azərbaycanla münasibətlərə xələl gətirir, unutmasınlar! Rusiya Müdafiə Nazirliyi isə Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığına və etirazına məhəl qoymadan yenə də “Stepanakert”, “Dağlıq Qarabağ” kimi yarlıqlardan istifadə etməkdədir.

Məsələnin digər tərəfi var: Qarabağla bağlı məsələ bitib, ordumuz torpaqların böyük hissəsini azad edib, digər ərazilərdəki erməni vətəndaşları ilə bağlı da dinc yolla tənzimlənmə prosesinin davamında maraqlıdır. Ancaq bu, o demək deyil ki, hansısa xarici qüvvə mütləq başını soxmalıdır bu bölgəyə, Azərbaycan dövləti var, ermənilər bu bölgədə yaşamaq istəyirlərsə, müraciət etsinlər, əks halda cəhənnəmin qapısı taybatay açıqdır... Dövlət başçımız deyib: “Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır”. 27 min nəfərə dövlət qayırmaq istəyənlər ağlına dua yazdırsın.   

Rusiyanın davranışlarını tənqid etməyimiz o demək deyil ki, Avropanın hansısa qurumunun regionda əl-qol açmasına normal yanaşırıq! Xeyr! Bu mənada Strasburqda Azərbaycan və Ermənistan gənclərinin görüşündən də fövqəladə nəsə gözləmirik. İşğal dövründə o qədər belə cəhdlər oldu, nəticə hanı? Şarl Mişel, ya Lavrov hansısa “status”dan, yaxud Qarabağ ermənilərinin “təhlükəsizliyindən” danışdıqca, “dəlinin yadına daş salırlar”. Danışmağa qalsa, elə bu günlərdə Arazdəyəndə ikitərəfli görüş oldu, tərcüməçiyə gərək yoxdur...

Və...Budur, Ermənistanın başıpozuq ordusu hələ dəqiqləşməyən dövlətlərarası sərhəddə atəşkəsi növbəti dəfə pozublar. Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Bu təxribat Bakıdakı diplomatik korpusun Kəlbəcərə səfərindən bir gün sonra baş verib. Ermənilər və onların himayədarları başa düşmək istəmirlər ki, Azərbaycan ordusu günün birində qərargahını Qaragöl ətrafından Göycə gölü sahilinə köçürə, tarixi torpaqlarında yerdəyişmə edə bilər. Əsası da var: sərhədlər dəqiqləşməyib, Ermənistan da danışıq adı ilə prosesi uzadır. 1918-ci il xəritəsinə əsasən, azı 20 min kv.km-lik ərazini geri qaytarmaq hüququmuzu özümüzdə saxlayırıq! Göyçə gölünün ortasından keçən sərhədləri bərpa etmək haqqımız var! Bu xəritə Paris Sülh Konfransında da təsdiqlənib, Paris meri xəbərsizdirsə, arxivlərə baş vursun!

Dövlət başçısının xəritə xəbərdarlığı da olub, unutmasınlar...


Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости