Свобода людям, независимость нациям!

Ən böyük geniş gövdəli

1550 20.12.2022 10:12 Колумнисты A A

“İnsanı doğrunu söyləməyə necə məcbur etmək olar? Onu qəzəbləndirin. İnsan qəzəblənəndə yalan uydurmağa vaxtı qalmır”

(Bernard Şou)

Mənə elə gəlir biz dövlətçilik baxımından bir az ehtiyatlı davranmalıyıq. Vasif müəllimin üzərinə getməyimizin barıtı sanki çox oldu.  Dünən Parlament prospektində - Bakının göbəyində “Naxçıvan” restoranı od tutub yanırdı. Tüstü burula-burula, yalan olmasın, Milli Məclisə qədər gedib çatmışdı, deputat yoldaşlar qanun layihələrini güc-bəla ilə tapıb basmarlayırdılar. Yəni düyməsini basırdılar.

Təsadüfdürmü? Düşünmürəm. Niyə indiyəcən o restoran yanmırdı? Yaxud Bakıda hər yerimizin adına layiq restoranlar vardır. Lakin cağbacağ yerlərində dururlar. Hətta and içərəm ki, bəzisinə bu dəqiqə apar aviasiya benzini tök, od vur, yenə tüstüsü o qədər asimana bülənd olmaz. Deməli, “Naxçıvan” restoranının qəfil alovlanması Naxçıvan ətrafında dövr edən son hadisələrə hansısa gizli qüvvələrin işarəsidir.

Yaxud, aviasiya demişkən, axırıncı kərə Naxçıvana uçan reyslərin təxirə salınması kimin yadına gəlir? Şəxsən mənim yadıma gəlmir. Deyəsən, yalnız 1992-1993-cü illərdə bir polis nazirinin bir-iki reysini təxirə salmışdılar, vəssalam. İndi isə xəbərlərdə oxuyuruq: “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür. Musavat.com-a bu barədə AZAL-dan bildirilir. Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək. Bununla yanaşı, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək. Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340" ilə Naxçıvan hava limanına yola düşəcəklər. Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar”. Sitatın sonu.

Buyur. Açıq işarələr var. Dekabrın 17-də Naxçıvana uçmalı adamlar yalnız dekabrın 19-da uça biləcəkmiş. Hələ o da qeydiyyat masasına öncədən yaxınlaşsalar. Bəlkə kimsə qeydiyyat masasına öncədən yaxınlaşa bilmədi? (şəxsən mən qeydiyyat masasına heç vaxt yaxınlaşa bilməmişəm). Deməli, məcbur olacaq Bakıda bir-iki gün də artıq qalsın. Naxçıvanlının Bakıda bir neçə gün artıq qalması kimə lazımdır? Burada hansı siyasi planlar ola bilər? Düşünürəm əlaqədar orqanlar bütün işlək versiyaları işləməyə borcludur.

Bu, adi hadisə deyil. Hava, duman, bulud, nə bilim, qar-yağış bəhanəsi bizə keçmir. Ona qalsa hələ Kərəm vaxtilə demişdi ki, Ərzurumun gədiyinə varanda, Onda gördüm buram-buram qar gəlir, Lələ dedi gəl qayıdaq bu yoldan, Dedim, Lələ, dönmək mənə ar gəlir. Dəqiq söhbətdir. Necə ola bilər sən iki yüz il qabaq Ərzurumun gədiyinə varasan, lakin indi, çağdaş texnologiyalar dövründə Naxçıvana təyyarə uçmasın? İlon Mask Marsa adam göndərir. Camaat Laçın dəhlizində Messinin oyununa baxır. Hava pisdirsə, oyunu necə göstərirlər? Bizə belə temalar keçməz. Nə varsa, açıq deyin. Xalq həqiqəti bilmək istəyir. Xalqımızla oyun oynamayın. Xalqımız səmimidir, safdır, lakin eyni zamanda sərtdir. Daşdəmir adında gör nə qədər adam var.

Lakin dumanın o tərəfindəki subyekt də, hesab edirəm, dərsini almalı, nəticə çıxarmağa tələsməlidir. Fikir verin, görün hansı təyyarə uçacaq: “ən böyük geniş gövdəli təyyarə”. (sitatın sonu). Bu, Bakının əzələ nümayişi, türkün sözü, gövdə göstərisi deyilsə, bəs nədir? Sifətlərin sayına bax: ən, böyük, geniş, gövdəli. Açıq-aşkar işarədir. Kimin üstünə elə təyyarə göndərsələr, çoxdan qaçar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости