Свобода людям, независимость нациям!

Elxanilərin varisi

1823 21.12.2022 09:13 Колумнисты A A

Rusiyanın müdiri Putin dünən Kremldə hərbi bloger, çirkin iftiraları, axmaq yalanları ilə Qarabağdan Ukraynaya, Gürcüstandan Qırğızıstana, Suriyadan İraqa qədər az qala bütün dünyada tanınan (ala itdən məşhur, necə deyərlər; bu təyin onun soyadıyla da səsləşir, çünki “peqiy” rusca ala-bula deməkdir) Semyon Peqova “İgidliyə görə” medalı taxdı.

Peqov igid adamdırmı? Qətiyyən. O, əslində heç jurnalist də deyil, rus məxfi xidmətlərinin sifarişlərini yerinə yetirən bir agentdir.

Dünən yunanlar da fəxri ad verirdilər, onlar isə ABŞ-dan senator Bob Menendez-ə Afina Universitetinin fəxri müəllimi adını yapışdırırdılar. Menendez bəs nə ilə məşhurdur? Əlbəttə, yunanların gözünün işığı başqası ola bilməzdi, bu tip də zır türk düşmənidir. ABŞ Senatında Türkiyə əleyhinə hansı qanun, qərar, bəyanat, qəbul olunsa, altında birinci imza Bob müəllimindir. Menendez Azərbaycanın da əleyhinə bütün qərarların səsverəni və təşəbbüskarıdır, bir dəfə ABŞ-ın Azərbaycana helikopter satmasına maneçilik törədibdir.

Bunları yazmaqda məqsədim nədir? Əlbəttə, hər dövlətin, hər millətin daxili, özünə məxsus hüququ var, kimə istəsə medal taxar, kimə istəsə fəxri diplom verər. Məsələn, bizim universitetlərin doktoru adını almış yüzlərlə tip bu saat dünyada dolaşır. O cümlədən medal verdiyimiz bəzi adamların medalını sonradan geri almağa məcbur olmuşuq. Bir Milli Qəhrəmanımız isə neçə illər idi vətənə dönə bilmirdi, bilmədim o söhbət necə qurtardı. Sadəcə, dünən mən bu təltif-məltif söhbətləri ilə eyni xəbər zolağında Elxan Nuriyevin Polşada azadlığa buraxılması xəbərini də oxudum və fikrə getdim.

Elxan Nuriyev 1992-93-cü illərdə Qubadlının icra başçısı olub. Sonralar işsiz-gücsüz qalıb, məcbur olub bir vaxt təhsil aldığı Ukraynaya getsin. Orada diasporumuzun ən fəal üzvlərindən biridir. Həmişə Ukraynanın problemlərinə də diqqətlə yanaşıb, oradakı Meydan-Azadlıq hərəkatlarında aktiv iştirak edib. Son 1 ildə də ruslar Ukraynanı bombalayanda Elxan Nuriyev internetdə az qala hər gün açıqlamalar verirdi.

Lakin iki ay qabaq qəribə bir xəbər aldıq: Nuriyevi Polşada həbs ediblər. Kimin əli ilə? Bizim prokurorluq, sən demə, Nuriyevi axtarışa veribdir. Onu 1993-cü ildə Qubadlıda olmuş hansısa qətllərdə suçlayırlar.

Həmin qətl qurbanlarından birinin yaxın qohumu dərhal açıqlama verdi, Nuriyevin bu işdə günahsız olduğunu söylədi. O cümlədən şəxsən mən indiyədək bir Qubadlı sakinindən Elxan Nuriyev haqda hansısa mənfi fikir eşitməmişəm. Oktyabrda Polşada saxlanılma xəbərini tanıdığım həmyerlisinə çatdıranda isə adam çox təəccüblənmiş və təəssüflənmişdi. İndi Polşa hüquq-mühafizə orqanlarının azadlıq qərarı da bunu isbat edir ki, Nuriyevə qarşı bizim prokurorluğun qaldırdığı iddialar və Varşavaya təqdim elədiyi “dəlillər”, yumşaq yazsam, keçərli olmayıbdır. Yoxsa Polşa Elxan Nuriyevin qara qaşına-gözünə aşiq olmayıbdır ki. Azərbaycanın Avropanın enerji təchizatında böyük rolunu da nəzərə alıb hökumətimizin istənilən tələbinə “gözümüz üstdə” deməyə hazır çoxlu qərbli var.

Bax, bizim öz xalq “diplomatlarımıza”, Azərbaycanı xaricdə ləyaqətlə təmsil edənlərə münasibətimiz budur. Başqa xalqlar öz təbliğatçılarına medal taxanda, biz qandal taxdırmaq istəyərik. Elə bu prokurorluq orqanları görəsən Ukraynada uzun müddətə həbsə atılan Qarabağ qazisinin taleyi ilə niyə belə aktiv maraqlanmır?

Təbii ki, istənilən şəxsə ittiham quraşdırmaqda bizim orqanların fitri istedadı var və Elxan Nuriyevi Elxanilər dövlətinin cinayətlərində suçlamaq da olar. Bunu gələcək fəaliyyət istiqaməti kimi yazıram.

Ara yerdə Elxan Nuriyevin ömründən iki ayı çırpışdırdıq, Polşa təcridxanasına bağışladıq. Halal olsun. Buna nail olduqları üçün prokurorluqda işləyən yoldaşlara Putin “Dostluq” ordeni verə bilər. O məsəldə necə deyilirdi? Düşmənimin düşməni mənim dostumdur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости