Свобода людям, независимость нациям!

Elinin üzü Elbaşıdan niyə dönüb...

2961 06.11.2022 20:51 Колумнисты A A

 

Ötən həftə 5 gün müddətində Qazaxıstanda olanda bu ölkənin keçmiş prezidenti, vəzifədə olarkən Elbaşı təxəllüsü ilə ölkəsində və postsovet məkanında tanınan Nursultan Nazarbayevə hazırkı münasibəti öyrənməyə çalışdım.

Olduğum məclislərdə onun barəsində düşən söhbətlərdən, sürəkli ünsiyyət qurduğum adamlara verdyim suallara aldığım cavablardan belə bir qənaətə gəldim ki, Nazarbayev artıq Qazaxıstanda sevilən persona deyil, Beş adamdan ikisi onun haqqında mənfi səciyyəli danışır, ikisi quruca “xidmətləri var” deyir, biri heç nə demir, susur.

Ölkənin şəhər və kəndlərində isə Elbaşının izləri hər yerdə hiss olunur. Düzdür, indi yol kənarlarında, şəhərlərin giriş-çıxışında sabiq prezidentin iri posterləri və ya sitatlarının iri şriftlərlə çap olunduğu transparantlar yoxdur, amma bunların əvəzində onun təşəbbüsü ilə tikilən əzəmətli saraylar, binalar var. Qazaxıstanın şəhərlərini bir-bir-birilə bağlayan abad yollar, körpülər, keçidlər, yol ayrıcları – hamısı onun əsəridir.

877b217c-9bee-30a4-a406-460c406faef1.jpg (3.09 MB)

Təkcə Türküstan şəhəri abadlaşdırılaraq, böyüdülərək elə bir hala gətirilib ki, gecə saatlarında bu şəhərin küçələri ilə hərəkət edərkən özünü dünyanın ən böyük meqapolislərindən birindəymiş kimi hiss edirsən. Şəhərin iaşə müəssisələrində qonaq olarkən elə bilirsən, bu ölkənin paytaxtında və ya ən böyük şəhərindəsən.

Bu, ona görə mümkün olub ki, Qazaxıstanın qonşuları ilə ərazi münaqişələri, şiddətlənmiş hərbi qarşıdurmaları olmadığından bahalaşan neft və qazdan gələn milyardları silah-sursata, ordunun təchizatına yox, tikintiyə, quruculuğa, abadlığa yönəltmək imkanı olub. Həmin milyardlarla Qazaxıstanda köhnə şəhərlərə bitişik yeni şəhərlər salınıb. Hazırda Qazaxıstanın paytaxtını Astanadan başqa ən azı 3 şəhərə köçürmək olar.

qazaxstan.jpg (231 KB)

Qazaxlar bunu danmırlar, deyirlər, Nazarbayevin ölkəyə rəhbərlik etdiyi illərdə o, tikinti-quruculuq işlərinə, yeni iş yerlərinin açılmasına, qazaxların özlərini türk dünyasının bir parçası kimi hiss etmələrinə diqqət edib, qazax dövlətinin qüdrətlənməsinə çalışıb, ölkənin Çin və Rusiya kimi azman qonşuların təsir dairəsinə girməsinə müqavimət göstərib və sair və ilaxır.

Elədirsə, bəs nədən bu ilin yanvarından Nazarbayevin Qazaxıstana faktiki rəhbərliyinə son qoyulandan sonra o, gözdən düşüb və layiq olduğu qədər sayğıyla anılmır?

Bunun iki səbəbi var: korrupsiya və uzun sürən hakimiyyət.

1641443491_271383764_666686598043670_2358540248991077252_n.jpg (428 KB)

Nazarbayev öz xalqı üçün hansı xidmətləri göstərsə də, ölkəsində tüğyan edən korrupsiyanı minimuma endirə bilməyib. Bəlkə də Elbaşı heç bu niyyətdə olmayıb, hesab edib ki, dövləti idarə etməyin ən etibarlı üsullarından biri rəhbərlik etdiyin siyasi komandanın üzvlərinin varlanmasına şərait yaratmaq və onların həm özlərinə, həm də varidatlarına nəzarət etməkdir.

Bu üzdəndir ki, Qazaxıstanda böyük pulların dövr etdiyi iqtisadi sferalar ayrı-ayrı klanların nəzarətində olub və bu məsələdə Nazarbayevə doğma olan “Almatı klanı” daha böyük paya sahiblənib.

Nazarbayevin uzun sürən hakimiyyəti illərində (1990-2019, faktiki olaraq isə 1984-2021) zaman-zaman harınlayıb qudurmuş məmur-oliqarxları cəzalandırsa da, bu, yetərli olmayıb. Sərvətləri əllərindən alınmış, ölkədən qaçmağa vadar olmuş bir sıra odioz məmurların yerini tezliklə başqaları tutub və sələflərinin “işini” layiqincə davam etdiriblər.

kaz0-1643551240.jpg (54 KB)

Yeri gəlmişkən, hazırkı prezident Kasım-Comart Tokayevin bu ilin faciəvi yanvarında Nazarbayevdən müstəqillik qazanaraq ölkəni öz iradəsi ilə idarə etməyə başlamasından sonra vaxtilə ölkədən qaçaq düşmüş varlı məmurlar artıq Qazaxıstana qayıdırlar. Yəqin ki, zamanla onlardan bəziləri yenidən yüksək vəzifələrə təyin olanacaqlar.

Türk dünyasının ağsaqqalı sayılan, Türkiyədə sevilən, Azərbaycanda şəxsiyyətinə hörmət bəslənilən Nursultan Nazarbayevin indiki halı göstərir ki, dövlət başçısı öz xalqına, ölkəsinə nə qədər xidmət göstərsə də, ümumi rifah səviyyəsi aşağı olanda, dövlət vəzifəsi hesabına varlanmış insanların qudurğanlığı əndazəsini aşanda adamın reputasiyası zədəli olur.

Ancaq dolanışıq, güzəran kimi məsələləri zamanın axışı ilə əvvəl-axır retuşlanır, yəqin ki, gün gələcək, qazax xalqı Nazarbayevin fəaliyyətinin əsərlərinə, onun dövründə inşa edilmiş möhtəşəm tikililərə baxıb, “pis rəhbər deyildi” deyəcəklər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости