Свобода людям, независимость нациям!

Əli Əliyevin potensialı

2354 21.09.2022 09:50 Колумнисты A A

“Ağalıq verimlədir, igidlik vurumla”

(Azərbaycan ata sözü)

“Dünyanın ikinci ordusu” Ukraynada biabırçı şəkildə uduzmaqdadır. Molla rejimindən dron, Şimali Koreyadan isə top dilənirlər. Ən bərbad vəziyyət canlı qüvvə təminatındadır. Səfərbərlik elan etməyə cürət yoxdur, çünki camaat uşağını mənasını bilmədiyi davada, başqa ölkəni işğal üçün qırğına vermək istəmir. O səbəbdən həbsxanalardakı dustaqlardan ordu yığırlar. Təsəvvür elə, misal üçün, sən Moskvada yaşayan Vasyasan. Kolya vurub sənin dədəni öldürüb, 20 il həbs cəzası alıb. Lakin birdən baxırsan Kolya küçədə şellənə-şellənə gedir, yaxasında da “Qeroy Rossii” medalı. Buna daha nə deyə bilər bədbəxt Vasya... Məcburdur tale ilə barışsın. “Dünyanın ikinci ordusu” qatilləri, oğruları, quldurları heç bir qanuna uyğun olmadan azadlığa buraxıb Ukraynada adam öldürməyə, ev oğurlamağa yollayır, şərt də var ki, 5-6 ay yaxşı vuruşandan sonra sizi azad edəcəyik.

Cənub qonşumuzda isə durum lap tragikomediyadır, çünki orada dövlətdaxili siyasi-iqtisadi sabitlik zənənlərin kəkilindən və tumanından birbaşa asılıdır. Əgər bir zənən yaylığı azca açıq qoysa, tumanın balağını kəssə, vəssalam, dövlət dağılır. Orada yaylığın santimetrini ölçən xüsusi idarə var. Kəkil açıq qalanda aparırlar polis idarəsinə, bəzən zənən orada işgəncədən ölür. Təzəlikcə yenə kimisə öldürüblər, aləm qarışıb. Hətta Məşhəddə “Mərq bər diktator” (diktatora ölüm) qışqıran zənənlər vardı. Mən fikir verdim, iranlılar siyasi etiraz şüarını da xüsusi “şaxsey-vaxsey” avazıyla oxuyurdular. Görünür, notdan çıxmaq çətindir, gör neçə yüz ilin ritmi, avazıdır.

Bütün bunları sadalamaqda məqsədim odur ki, mən Rizvan Talıbov adlı yoldaşın “Göycə Zəngəzur Respublikası” (GZR) elan etməsini alqışlayıram. Aşağı baxırsan dəlixana, yuxarı baxırsan dəlixana, bu regionda özünü daha necə aparmaq olar? Əcəb eləyibdir. Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər, necə ki, bu saat bütün dünya şimal və cənub qonşularımızın əlində yesir qalıbdır, bilmirlər bunları necə eləsinlər. Əslində dünyanın hər yeri dəlixanaya oxşayır, hələ biz nisbətən müdrik bölgədəyik.  

Doğrudur, deputat Əziz Ələkbərlinin yaratdığı “Qərbi Azərbaycan icması” (QAİ) Rizvan müəllimin respublikasını tanımadığını bəyan edibdir, hətta bunu özfəaliyyət və zərərli addım adlandırmışdır.

Xeyir ola? Yəqin qibtə eləyir, Vasif müəllim demişkən. Bir gün GZR prezidenti Rizvan Talıbov dövlətin paytaxtı Nüvədi şəhərində xarici səfirlərin etimadnaməsini qəbul edəndə Ələkbərli nə qayıracaq? Sən saydığını say, gör fələk nə sayır. Hər şey mümkündür.

Sadəcə, indiki halda bircə arzumuz ola bilər ki, Rizvan müəllim tarixi GZR ərazisinin azadlığı uğrunda özü başda olmaqla, partiya üzvlərini səfərbər eləsin. Yoxsa mən Biləcəridən gedib ölüm, sən də Cermuğun balını ye, Göyçədə qızıl balıq tut - bir az düz alınmır.

Ancaq vəziyyət tələb eləsə, daha doğrusu, vətən istəsə, biz GZR-in azadlığı üçün Əli Əliyevi göndərə bilərik. Partiya sədrini nəzərdə tuturam (açığı, onun partiyasının adı heç cür yadımda qalmır, eləcə “Əli müəllimin partiyası” kimi xatırlayıram). Əli müəllim xeyli vaxtdır həbsxanaya salınıbdır, şəxsən mənim fikrimcə, tam günahsız yerə. Vertolyot qəzası olanda şəxsi fikrini səsləndirdiyi üçün tutublar. Fikirə görə adam tutmaq ən axırıncı hərəkətdir. Ayıbdır. Yenə İranda, Rusiyada yaşasaq qəbul edərdim, biz isə demokratik ölkəyik. (Müəllifə gülənə gülüş qoyuram. Yəni smaylik).

Qazamatda isə Əli müəllim gündə bir adamı döyür. Sanarsan Rembodur, Terminatordur, nə bilim, Məhəmməd Əlidir. Artıq onun həbs müddətini neçənci dəfədir artırırlar. Belə getsə, hər ay 3-4  dustağı danaboyun eləsə, Əli Əliyev 30 il türmədə qalıb Nelson Mandelanın rekordunu qıracaqdır.

İndi biz Əli Əliyevin dustaqları qırıb-çatmağını həqiqət kimi qəbul etsək, bu adamı niyə GZR uğrunda dava üçün Qafana desant atmırıq? Rasiyadan nəyimiz kəmdir?

Söz əlaqədar təşkilatlarındır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости