Свобода людям, независимость нациям!

Əfsanə qəzetin baş direktoru: indi qarabağlıların hamısının iki doğum günü var...

1520 12.04.2022 03:25 Колумнисты A A

O, "Yeni Müsavat" əfsanəsinin bir parçasıdır.

Qəzetə 29 il əvvəl, 1993-cü ilin may ayında gəlib. 21 yaşında!

O zaman əksəriyyətimizin yaşı 30-dan aşağı, ürəyimizdə atəş kimi yanan Vətən, Millət, Qarabağ sevdası!

Bizi nələrin gözlədiyini bilmədən, sonumuzu düşünmədən bir YOL başlamışdıq!

Azərbaycanımızla bərabər, oddan-alovdan keçirdik!

Birinci Qarabağ müharibəsinin acı hekayəsinin səlnaməçisi olaraq Allahdan vəzifə almışdıq...

Dünya sarsıldı, ölkələr yıxıldı, savaşlar çıxdı, torpaqlar əldən getdi.

Ələsgərin Ağdamı - Xıdırlısı işğal altına düşdü.

Çevrilişlər, döyüşlər, qaçqınlar, Şəhidlər... yeni dünya düzəni...

İçimizdə böyük və alovlu sevdalar, arzular, iddia və istəklər var ikən...

Turan qurmaq istərkən...

Məğlub duruma düşürüldük!

Viran olduq!

Müharibədə uduzmuş millətə çevrildik!

İndi Ukraynanın yaşadıqları var ya...

Onun betərini yaşadıq.

Kimsə də bizə həyan olmadı, qucaq açmadı. Kimsə...

Ukraynanın qaçqınlarını Avropa, Kanada, İngiltərə qarşılayır...

Yemək, yatmaq, para, iş, sığınacaq, vətəndaşlıq...

Bizim qaçqınları qarşılayan, sahib çıxan, göz yaşlarını silən heç bir ölkə tapılmadı...

Süleymanın Türkiyəsi belə bizim yanımızda deyildi...

Birinci Qarabağ müharibəsində insanlıq ölmüşdü!

...O zaman da atan indikilər idi - ruslardı.

366-cı alay, Xocalı, Kəlbəcər, Şuşa, Laçın, Ağdam...

Hər şey darmadağın, hər yerdə xaos!

Ən çox da içimiz, ruhunuz yerlə bir idi.

Ümidsiz vuruşmaq nədir, heç bilirsinizmi?

Ümidsiz köşə yazmaq, qəzet çıxartmaq...

Redaksiya qurmaq, yola davam etmək...

Milləti məğlubiyyətlə barışmamağa çağıran bir rupor olmaq!

Qarabağın qayıdacağına, Ağdamın, Şuşanın tezliklə BİZİM olacağına inandırmaq nə demək idi, bunu yaşamayan bilməz.

Həm də bunu dayanmadan, durmadan düz 27 il davam etdirmək!

İşğalla barışmamaq azərbaycanlıların son 30 ildə verdiyi ən fenomenal mübarizə növüdür!

Azərbaycan İkinci Qarabağ müharibəsini işğalla barışmayanların övladları ilə uddu!

...Belə günlərdən keçdik, onunla...

İnadına yaşadıq, inadına qəzeti böyütdük!

Sarsılan dünyamızda sarsılmayan bir dostluq, dost bir kollektiv qurduq.

Allah vergisi kimi istedadı varmış!

Onun sayəsində və israrlı fəaliyyəti ilə redaksiyanı sistemə saldıq...

Daha doğrusu, ona qədər redaksiyada heç bir sistem yox idi; o sistemi Ələsgər qurdu.

Təşkilat yükünü, maliyyə axınlarını, istiqamətlərini, qəzetin davamlılığını təmin etdi.

Kollektivə ciddiyyət gəldi, iyerarxiya gəldi.

Bütün bunları da edən 21-22 yaşlı bir gənc idi...

O yaşda "Yeni Müsavat"ın əsas sütunlarından biri oldu!

Qarşıdakı daha ağır günlərə hazırlıqmış, bunlar...

Həbslər, köçlər, məhkəmələr, çəkişmələr, redaksiyaya hücumlar, basqınlar...

Hamısında mərkəzdə və öndə oldu!

Heç bir zaman məsuliyyətdən və yükdən qaçmadı!

Bir dəfə də olsun, panikləmədi.

Baş redaktoru həbsdə olan qəzeti qoruyan əsas simalardan biri oldu...

Bu günlərə çatmamızda misilsiz rolu, iştirakı var.

"Yeni Müsavat" əfsanəsinin bir parşası, özü də əfsanə kimi Adamdı!

Biz Ağdamı onda gördük, onun xatirələri, onun arzuları ilə ağdamlı olduq.

Erməni işğalından çıxan Ağdam indi xəyalət şəhərə dönüb.

Amma o torpaq, o daş-divar bizimdi.

Biz Ağdamı - Qarabağı bütün halı ilə sevirik...

Həm Ələsgərin illərlə anlatdığı kimi, həm də özümüzün gördüyümüz kimi...

...Ötən ilin sonunda, bərabər Şuşaya gedərkən, dediyi bir söz yadımdadır.

Dedi ki, biz axı, bu 30 ili Qarabağsız, Şuşasız necə qala bilmişik...

Necə dözmüşük...

Cavabı özündə olan suallardı, bunlar...

Bilsəydik bu qədər çəkəcək, çəkə bilər, bəlkə də çatlayıb, ölərdik. Heç dözməzdik...

Amma yaxşı ki, millət olaraq, bu ağır yükü qaldıra bildik.

İkinci Qarabağ savaşına qədər dözdük və qələbəni aldıq, ala bildik!

İndi keçmişə, yaşadıqlarımıza yönəlik nə istəsək, deyə bilərik.

Ağılar, bayatılar söylər, ya da heyranlıq mətnləri yazarıq...

Bir- birimizə yubiley təbriklərində, ad günü qutlamalarında xatirə janrında yad edərik, keçmişləri...

Lap indiki kimi...

Ələsgər bəy deyir ki, biz qarabağlıların iki doğum günü var.

Biri bioloji, dünyaya gəldiyimiz gündür.

Digəri isə 2020-ci ilin 27 sentyabrıdır...

Bu gün, 50 yaşının tamamında, bioloji doğum günündə mən dəyərli qardaşım, əziz dostum Ələsgər Süleymanovun həm yubileyini, həm Ağdama qovuşmasını, həm də ikinci doğum günü qazanmasını təbrik edirəm.

"Yeni Müsavat" sənə minnətdardır, əziz Dostum.

Sağ ol ki, 50 illik ömrünün yarıdan çoxunu- düz 29 ilini bu ada, bu media quruluşuna həsr etmisən.

Sən olmasaydın, bu əfsanə də olmazdı.

Ya da yarımçıq qalardı...

Ağdam kimi Adam, təşkilat Adam!

Doğum günün qutlu, yubileyin mübarək olsun!

 

Rauf Arifoğlu

d149bc3e-b1e6-4fcd-9320-2a6d7905de1a.jpg (77 KB)

a8544512-d13f-41bd-86a9-e48ddbc4d1cc.jpg (79 KB)

e798afa7-de3c-4db4-90a6-3e978f015b5e.jpg (228 KB)

a1b85b32-5e3e-4982-84fa-23f09ce3aaf4.jpg (127 KB)

07c21912-0273-4c0c-ba97-fe70b684457b.jpg (122 KB)

 23de235d-7e63-4afa-8df7-d0a5f5d3cbf8.jpg (84 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости