Свобода людям, независимость нациям!

Durub göy mundirə daş atan oğlan...

2849 04.12.2023 13:13 Колумнисты A A

Günahının, təqsirinin nə olmasından asılı olmayaraq, yetkin bir insanın, çiynində dövlət poqonu daşıyan bir şəxsin 12 yaşlı uşağa əl qaldırmasının heç bir bəraəti yoxdur.

Söhbət Qəbələdə baş verən hadisədən gedir. Məlum olduğu kimi, orada bir gənc polis işçisi 12 yaşlı oğlanı acımasızcasına döyüb və bu olay videogörüntüyə alınıb.

Biz bu cür epizodları bir qayda olaraq ABŞ polisinin qaradərili gənclərə qarşı etməsini əks etdirən videolarda görmüşük. Belə görüntülər ABŞ-ın özündə, bütün dünyada, eləcə də bizdə hiddət doğururdu. Qəbələdə baş verən hadisə də ictimai hiddətə səbəb verdi.

Düzdür, həmin polismen işdən, hətta sistemdən kənarlaşdırılıb, amma bu, bəzi adamların hirsini soyutmayıb.

Bununla belə, 12 yaşlı oğlana qarşı yolverilməz zorakılıq göstərən polisi müdafiə edənlər də var. Onlar yazırlar ki, polisin başına daş atan (vuran) yeniyetmənin nəinki atasını və əmisini döymək lazımdır, hətta anası da ağladılmalıdır.

Bu da çox yanlış təsbitdir. Polis adam döymək üçün deyil. Onun səlahiyyətləri sırasında adam döymək yoxdur. Polis yalnız qanuni əmrlərə müqavimət göstərən şəxsi zərərsizləşdirə bilər və bunun ən yayğın üsulu müqavimət göstərinin qolunu burub qandallamaqdır. Bu zaman qanuna tabe olmayan şəxsə bir çırtma belə toxundurmamaq mümkündür. İstənilən polis nəfəri bu fəndi asanca edə bilər və ya bunu etməyi bacarmalıdır.

Yoxsa hər cavab qaytaranı, söz güləşdirəni şillə-təpiyin altına salmaq səlahiyyət həddinin aşılmasıdır. Bu baxımdan Qəbələdə döyülən yetkin şəxslər (12 yaşlı uşağın atası və əmisi) sərxoş halda polisə müqavimət göstəribdirlərsə də, yenə araşdırılmalıdır: polis öz üzərinə düşən vəzifəni nə dərəcədə korrekt yerinə yetirib.

12 yaşlı uşaq atasını döyən polislərə daş atıbsa, bu, əlbəttə, qanunsuz hərəkətdir, ancaq onun bu hərəkəti etməsinin psixoloji əsasları var. Uşağın gözü qabağında atasını döyürlər və onun qarşısında iki yol var: ya oturub zırın-zırın ağlamalıdır, ya da bacardığı, əlindən gəldiyi qədər prosesə müdaxilə etməlidir. Bu prizmadan yanaşanda 6 ildən sonra əsgər olub düşmən qabağında dayanacaq o uşağı qınamaq olmur.

Daha bir məqam. 12 yaşı olanlar yeniyetmə deyillər, uşaqdırlar, yeniyetməlik 14 yaşdan sonra başlanır. Bu məsələdə uşağa yeniyetmə demək onun çiynini böyük göstərmək və ona məsuliyyət yükləmək cəhdidir. Bu məntiqlə, onun 16-17 yaşı olsaydı, yetkin adamlar kimi cəzalandırılacaqdı?

DİN rəhbərliyinin həmin polisi dərhal qulluq mövqeyindən uzaqlaşdırması, bütövlükdə sistemdən xaric etməsi təqdirəlayiqdir. Birincisi ona görə ki, bu qərar mövzu ətrafında demaqogiya və spekuliyasiyaların qarşısını ald və ya onu səngitdi. İkincisi isə, bu, çiyninə poqon taxandan sonra özlərini cəmiyyətin və qanunların fövqündə sayanlar üçün soyuq duş oldu. Onlar anladılar ki, bellərində qobur, əllərində dəyənək, əyinlərində polis mundiri var deyə, heç kəsdən üstün deyillər və kefləri istəyəndə kimisə basıb-döyə, bölməyə aparmaqla hədələyə, bir sözlə, fironluq edə bilməzlər.

Təəssüf ki, hələ sovet vaxtından bizdə (eləcə də bir çox başqa ölkələrdə) hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini sıravi və mülki insanlardan üstün sayırlar. Maşındadırlarsa, yol onlarındır, istənilən vaxt, hətta qırmızı işıqda da sürüb keçə bilərlər, hardasa bir növbə varsa, bunun onlara dəxli yoxdur, onlar hamı kimi gözləyə bilməzlər, qanunsuz tələblər irəli sürsələr də, heç kim onlara bir söz deyə bilməz, əks təqdirdə bu, “polisə müqavimət göstərmək” deməkdir və s.

Belə hadisələr ümumilikdə hüquq-mühafizə orqanlarının xalqla ilişkilərini korlayır, onları xalqın gözündə əlahiddə cəza dəstəsinə, başqa bir kastaya çevirir, nəticədə mühüm dövlət orqannının nüfuzuna xələl gəlir.

Ona görə də hər bir güc strukturu öz şəxsi heyətinin qanunlara nə dərəcədə diqqətlə riayət etməsinə dair vaxtaşırı daxili yoxlamalar keçirməlidir. Onların hamısında belə xidmətlər, bölmələr var. Təkcə yoxlamalarla kifayətlənmək olmaz, əməkdaşlar tez-tez təlimatlandırılmalıdır ki, adi insanlarla davranışı cinayətkarlarla davranışdan fərqləndirsinlər.

12 yaşlı uşağı o cür döyən polis anlasaydı ki, ona daş atan uşaq cinayətkar deyil, sadəcə, daş atan uşaqdır, o zaman belə bir əhvalat baş verməzdi. Uşağa isə daha sonra elə təpinmək olardı ki, bir daha elə iş görməsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости