Свобода людям, независимость нациям!

“Dünyada yaşayan bütün azərbaycanlılar bilməlidir ki...” - Dövlətə kömək vaxtı!

2080 02.01.2026 21:05 Колумнисты A A

Prezident İlham Əliyev xalqımıza təbrik müraciətində valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu söylədi. Bildirdi ki, xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Ümumilikdə isə valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci yarımilində Ermənistanın dövlət borcu 5,3 trilyon dram, dollar ekvivalentində 13,85 milyard dollar təşkil edib.

Bu günlərdə isə məlum oldu ki, Ermənistanın xarici borcu ÜDM-dən daha sürətlə artır və proqnozlara görə, 2027-ci ilə qədər təxminən 55,4%-ə çatacaq. Dünya Bankının məlumatına görə, Ermənistan üçün bu nisbətin qırmızı xətti 60%-dir. Ölkənin maliyyə naziri Vage Ovannisyan bildirmişdi ki, dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,5%, dollar ifadəsində isə 7,9% artıb. 2026-cı ildə Ermənistan hökumətinin borcunun ödənilməsi və xidmətinə 1 trilyon 53 milyard dram tələb olunacaq. Yalnız faizlərin ödənilməsinə təxminən 1 milyard 100 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaq. Ermənilər həyəcan içərisində “pis, çox pis yaşayacağıq”- deyilər. 

1746360370_5242411591322954973.jpg (72 KB)

Bu mənada Azərbaycana həsəd aparanların sırasına kapitulyasiyaya imza atmış birinin də qoşulması təbiidir.

Dövlətimizin rəhbəri xalqa müraciətində də xüsusi vurğuladı: dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar. Bu, ölkənin bu gününə və gələcəyinə olan inamın məntiqi nəticəsidir. Ərazisi 17 milyon kv.km-dən artıq olan, böyük sərvətlərə malik Rusiyanın ehtiyatlarının həcmi 752,6 milyard dollar məbləğində hesablanıb. Belə birnəhənglə qonşu olan ölkəmizin valyuta ehtiyatlarının həcmi məmnunluq yaradır. Söhbət torpaqlarının 20 faizi 30 il işğal altında qalmış, sərvətlərinin böyük hissəsini hərbi quruculuğa yönəltmiş, bu gün də təhlükəsizliyinə yönələ biləcək təhdidlərin qarşılığında hərbi sahəyə ciddi vəsait ayıran ölkədən gedir... 

dce2cfccd72fec388b73437caee29255.jpg (124 KB)

Belə bir durumda Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin özü də dünyanı heyrətləndirən ciddi hadisələrdəndir. Ermənistanın işğalı altında olan ərazilərimizdəki şəhər və kəndlərin darmadağın edilməsinə şahid olanlar qısa müddətdə Şuşa, Ağdam, Kəlbəcər şəhərlərinin yenidən tikilməsini gördükləri zaman təəccüblərini gizlədə bilmirlər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı az bir zaman çərçivəsində böyük quruculuq işləri həyata keçirilib, 32 kənd, qəsəbə və şəhərin sakinlərinin qayıdışı, rahat, təhlükəsiz yaşayışı təmin edilib. Ölkə başçısı məmnunluqla vurğuladı ki, azad olunmuş ərazilərdə artıq 70 minə yaxın insan yaşayır, çalışır, təhsil alır. Bu, çox ciddi rəqəmdir. Xatırlayırıq, Aprel döyüşlərindən, Böyük Zəfərimizin müjdəsi olan Lələtəpə əməliyyatından sonra Cəbrayılın Cocuq Mərcanlı kəndi ilə bağlı atılan addımlar necə böyük ruh yüksəkliyinə səbəb olmuşdu. 2017-ci ilin 24 yanvarında Prezidentin imzaladığı “”Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” tarixi Sərəncam bizim Qarabağa, Şərqi Zəngəzura qayıdışımızın alternativinin olmadığına əminlik yaratmışdı. Şuşadakı Yuxarı Gövhərağa məscidinin eynisinin tikilməsi də Şuşaya qayıdışımızın yol xəritəsi idi...Cocuq Mərcanlıya yol çəkirdi dövlətimiz... 

Screenshot_1.png (917 KB)

Budur, 2026-cı ildəyik və yarım il sonra bütün dünya Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikilib – başa çatdırılmasına şahid olacaq. Qarabağda, Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərini Azərbaycan dövləti təkbaşına həyata keçirir, heç bir digər ölkə, yaxud təşkilatın maliyyə dəstəyi olmadan. Bu prosesdə sidq-ürəkdən Azərbaycanın yanında olan dövlət qardaş Türkiyədir. Bu gün Ermənistana hansısa adlar altında maliyyə vəsaiti göstərən Qərb təşkilatları və paytaxtları nədənsə 30 il ərzində Azərbaycanın sərvətlərinin talanmasını, vətəndaşlarımızın mülklərinin darmadağın edilməsini, taleyinin alt-üst edilməsini xatırlamaq belə, istəmirlər. Anlayırıq, sülh paraflanıb, bundan sonra gərginliyi tətikləyən hansısa addımlara ehtiyac yoxdur. Amma normal olardı ki, beynəlxalq təşkilatlar Ermənistana yardım əlini uzadarkən ən azı o vəsaitin eynisi qədər Azərbaycana yönəltməliydilər, çünki işğaldan və terrordan zərər çəkən Azərbaycan olub, azərbaycanlıların evlərinin daşını belə daşıyıb aparan Ermənistan yox! Unutmamışıq, 44 günlük müharibədən az sonra Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Azərbaycana isə 150 milyon maliyyə ayıracağı barədə gülünc mövqeyini açıqlamışdı və bu da Bakıda haqlı etiraz doğurmuşdu. Üstündən illər keçib, amma mövqelərində ciddi dəyişiklik müşahidə etmirik. Avropa İttifaqı nəinki Azərbaycan və Ermənistana bir gözlə baxmağa başlayıb, əksinə, İrəvanla imzaladığı sənəd vasitəsilə “burnunu” Azərbaycanın daxili işlərinə soxmağa çalışıb. Eyni zamanda Avropa Parlamentinin ötən ay, Avropa Parlamentindən stimul alaraq Azərbaycana qarşı ləyaqətsiz davranması, yenə də Qarabağdan könüllü çıxıb getmiş ermənilərin məsələsini qaldırması, Bakıda mühakimə olunan separatçıların “dərhal” azad edilməsi kimi sərsəm iddia irəli sürməsi də ölkəmizə qarşı qıcığın nümunəsidir. Eləcə də Avropa İttifaqının şərti sərhədlərdəki kəşfiyyatçıları da sadəcə “suyu bulandırma missiya”sıdır. 

Screenshot_2.png (701 KB)

Azərbaycan özlərini “ədalətli” göstərən, əslində ölkəmizə qarşı kin-kidurət qusan təşkilat və paytaxtlarla mübarizə şəraitində torpaqlarını azad etdi, azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini həyata keçirir və paralel qaydada çoxşaxəli xarici siyasəti ilə növbəti uğurlara imza atır. Vaşinqtonda əldə olunmuş razılaşmalar çoxlarını pərt elədi, çünki gözləmirdilər. Amma Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti öz sözünü deməkdədir: dünyanın bir saylı ofisinin rəhbəri Azərbaycanın dövlət başçısına böyük etimad göstərdiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın 8 beynəlxalq təşkilata üzvlüyü, Orta Asiya ölkələrinin Məşvərət şurasına tamhüquqlu üzv olması, 2025-ci ildə Azərbaycanda keçirilmiş mötəbər beynəlxalq tədbirlər, Xankəndidə ECO Zirvə görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, türk dünyasının birləşməsi istiqamətində atılan önəmli addımlar da dövlətimizin aktivləri sırasına əlavə olunmalıdır. Prezidentin Həmrəylik günü və Yeni il müraciətində “dünyada yaşayan bütün azərbaycanlılar bilməlidir ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb”, deməsi qürurvricidir. Həm də bu, olduqca ciddi müsajdır.

Dövlətimizlə fəxr edirik! Bu, bütün dünyadakı azərbaycanlıların dövlətidir! Ölkəmizin Lideri bildirir ki, “Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir”. Bu, həm də bütün dünyadakı soydaşlarımıza ayıq-sayıq olmaq üçün çağırışdır. Dövlətimizə qarşı yönələn istənilən məkrli addıma etiraz səslərini elə yaşadıqları ölkədə ucaltmalıdır soydaşlarımız. Çünki Azərbaycan 60 milyona yaxın azərbaycanlının dövlətidir...Hər yerdə, hər zaman dövlətə, Ana Vətənə kömək gərək! Bir olaq, diri olaq, iri olaq!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости