Свобода людям, независимость нациям!

Dünyada və bizdə çamadan ovqatı

1695 22.03.2022 13:20 Колумнисты A A

 

O gün dostlardan biri sosial şəbəkədə yazmışdı ki, bu günlərdə kafeyə bənzər bir iaşə məkanından oturubmuş, fikir verib ki, qonşu masalarda söhbət eyzən adi şeylərdən, qonaq getməkdən, maşın almaqdan, futboldan-filandan gedir və heç kəs Rusiya-Ukrayna müharibəsindən, gözlənilən iqtisadi fəlakətdən bəhs etmir.

İndi bu normaldırmı? Bir tərəfdə, rus demişkən, “vot-vot” dağılası dünya var, kütləvi qırğın silahları olan böyük dövlətlərin rəhbərlərinin bir barmağı “nüvə çamadanı”nın düyməsi üzərində olduğu halda şəhərətrafı qəsəbələrdə 2-3 sot torpaq alıb ev tikdirmək və ya yeddi dəfə sahib dəyişdirmiş “nol yeddi” soraqlamaq nə dərəcədə məqsədəuyğundur?

Bir daha sübut olunur ki, bu dünyanın qeylü-qalı bizim vecimizə də deyil, bizim öz balaca dünyamız, öz xəfif dərd-sərimiz, öz xırda planlarımız var. Qonşu qonşuya deyir ki, a kişi, dünya dağılır e, sən pulunu əlindən çıxarma, sabahı bilmək olmaz. O biri də deyir, cəhənnəmə dağılsın, əlimdə 10 minim var, görüm, uşağı işə düzəldə bilirəmmi.

Yəni adam düşünür ki, III dünya müharibəsi baş versə də, dünya dağılsa da, olar, əsas məsələ odur ki, bunun universitetdən məzun olmuş oğlu işsiz qalmasın. Adama maraqlı deyil ki, Bayden okeanın o tayında nə deyir, bu tayında NATO-nun böyüyü Stoltenberq nə danışır.

Lap tutaq ki, müharibə edən tərəflər bir-birinə nüvə başlıqlı raketlər atmayacaq (bu yerdə inancı adamlar “Allah eləməsin” deyərlər, amma bu silahlar Allahın əlində deyil, fani bəndənin əlindədir), amma beynəlxalq miqyasda qlobal ticarətin, alış-verişin, gediş-gəlişin kəsilməsi mütləq iqtisadi problemlər yaradacaq. BMT özünü yeyib-dağıdır ki, aclıq, qıtlıq, səfalət olacaq. Onsuz da indiyə qədər bəşər əhlinin üçdə bir hissəsi aclıq içindəydi, qida çatışmazlığından əziyyət çəkirdi, görün, indən belə nələr ola bilər.

“Cəhənnəmə olsun” – bizim coğrafiyanın orta-statistik insanının yek və dəyişməz qənaəti bundan ibarətdir.

Ən yaxşı halda deyirlər, biz balaca adamlarıq, dünyanın dərdini müzakirə etsək, nə olacaq, etməsək, nə olacaq, bizim söhbətlərin böyüklərə təsiri yoxdur.

Elə olmağına elədir. Bizim burada oturub Baydenin, Putinin, Consonun, Makronun siyasətinə təsir etmək gücümüz yoxdur, amma gərək gedişatdan xəbərimiz olsun ki, sabah təhlükə qapını kəsdirəndə, dünya liderləri çamadan söhbəti edəndə biz də çamadanlarımızı vaxtında qablaya bilək.

Bu qədər təlatümlü dünyada bizim ölkədəki çayxana söhbətləri əsasən belədir: “Yox e, Messi formada deyil, oynaya bilmir, gərək elə “Barsa”da qalaydı”, “Ronaldo hələ babat oynayır, amma o da qocalıb artıq”, “Mbappe ikisindən də güclüdür, gələn il “Qızıl top”u o alacaq”, “Şəhərdə nə qədər “Prius” var, a kişi, ucuzdur deyə, daşıyırlar bir ucdan”, “Dörd nəfərə iki dənə litrlik araq az olacaq, vallah”, “alə, “qalik”inə bax bunun, bilmirsiz bunu kim saxlayır?”, “Çamadanım yığılıdır, əmoğlu zəng eləyib “gəl” deyən kimi, çıxıram aradan” və sair və ilaxır.

Yenə əvvəllər aradabir koronavirusdan söhbət düşərdi, onda da mütləq auditoriyada olanların yarısı deyərdi ki, koronavirus, vaksin-maksin boş şeydir, oyundur, yalandır. İndi yoluxma və ölüm sayı azalandan qlobal pandemiyanı sayan yoxdur.

Bəzi dostların da acığı tutur ki, adi adamların qayğıları yuxarıda dediklərimizdən ibarət olduğu halda sosial şəbəkələrdə istifadəçilər həmişə müharibələrdən, münaqişlərdən, gözlənilən fəlakətlərdən, problemlərdən yazırlar.

Təbii deyilmi? Ölkənin ali təhsilli, savadlı, siyasi fəal kəsimi, dünya işlərindən baş çıxaran adamları (politoloqlar, iqtisadçılar, jurnalistlər, hüquqşünaslar və b.) sosial şəbəkədə toplaşıblar və onlar anlayırlar ki, bu gün ABŞ-da FED nəsə bir qələt qarışdırırsa, sabah burada inflyasiya şiddətlənə bilər. Yaxud hansısa ölkə bizimlə düşmənçilik aparan dövlətə effektiv silah satmağa başlayırsa, sabah o silahın səsi Pirlər kəndindən gələcək.

Dediyim odur ki, bizim dünyada gedən proseslərlərdən, baş verən hadisələrdən xəbərdar olmağımız, onları müzakirə etməyimiz, nəsə bir qənaətə gəlməyimiz heç kəsə ziyan deyil. Əksinə, hər şeydən xəbərdar və ayıq-sayıq olmağımız yaxşıdır. Bu halda tez toparlana, panikaya düşmədən düzgün yol tuta bilərik.

Sabah qıtlıq, kasıblıq problemi ilə üzləşəndə, məlumatsızlıqdan əlimizdəki, ovcumuzdakı pul dəyər itirəndə Mbappe gəlib hərəmizə bir “Prius” alıb verməyəcək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости