Свобода людям, независимость нациям!

Dumanlı köşə

1560 02.03.2023 09:50 Колумнисты A A

“Qış gözünə barmağım,

Yaza çıxdı oğlağım"

(folklorumuzdan)

Öncə mərhum həmkarımız, jurnalist, “Monitor” jurnalının redaktoru olmuş Elmar Hüseynovu yada salaq, çünki bu yazının qəzetdə çıxacağı 2 mart günü onun ölümündən 18 il keçəcəkdir. 2005-ci ilin bu günü, axşam saatlarında Hüseynov yaşadığı mənzilin blokunda xüsusi amansızlıqla güllələnərək qətlə yetirilmişdir. İndiyədək qətlin sifarişçiləri və icraçıları tapılmayıbdır. Hərçənd ləğv edilmiş MTN-in bir sürü generalı bu yaxında məhkəmədə bəyan etdi ki, guya Hüseynovun qətlinin üstünü açıblarmış.

Bizdə belə əhvalatlar çox olur. Adamlar var, sanırlar camaat çörəyi qulağına yeyir, istədikləri zaman istədikləri mövzuda gopa basırlar. Molla Nəsrəddinin ata minmək əhvalatı kimi. Bir gün Molla çayxanada camaatı başına yığıb danışır ki, filan vədə filan kənddən keçirdim, gördüm burada bir çılğın at var, heç kəsi belinə minməyə qoymur, götürüb yerə atır: “Dedim qırağa durun, mən bu atı ram eləyəcəm. Yaxınlaşdım, tutdum atın yüyənindən, atıldım belinə...” Elə bu vaxt həmin kənddən olan kimsə içəri girir, Molla susur. Camaat intizarla soruşur: “Hə, Molla əmi, atıldın atın belinə, sonra nə oldu?” Molla dilxor deyir: “Əşşi, heç zad, mən də minə bilmədim”.

Oxşar situasiya vəkil Sümbülə Əliyevanın ətrafında cərəyan etməkdədir. Köhnə yazar-mazarlar Sümbülə xanımı yaxşı xatırlayırlar, çünki o, deputat Cəlal Əliyevin qəzetçilərə qarşı məhkəmə işlərində vəkili olardı. Cəlal əmi sağ olanda Sümbülə xanımın kəsdiyi başa da sorğu-sual yox idi. Vəkil bürosuna müdir qoymuşdular, istədiyi vəkili də cəzalandırıb işdən qovurdu. Məsələn, vəkillərdən Yalçın İmanov Sümbülə xanımın qəzəbinə düçar olub vəkillikdən çıxarılmışdı. Ancaq ay ötdü, il dolandı, Cəlal əmi öldü. Və qəfildən aşkara çıxdı ki, Sümbülə xanım vəkil bürosunun sosial müdafiəyə, vergiyə, pensiyaya-zada ödəməli olduğu pulları basıb yeyibdir. Üst-üstə 200 min manatdan çox pulun əkişdirilməsi mövzudur. Sosial sığorta və vergi idarələri birləşib Sümbülə xanımı məhkəməyə verdilər, hətta ona ev dustaqlığı cəzası kəsilibdir. Lakin o vaxtdan bəri hər dəfə məhkəmə iclası təxirə salınır. Sümbülə xanım özünü xəstəliyə vurub iclaslara qatılmaqdan imtina edir.

Bəs indi ədalətin təntənəsi necə olsun? Axı o tərəfdə hansısa yetimi məhkəmədə masaya kağız çırpdığına görə aylardır türmədə mələdirlər, bu tərəfdə isə dövlətin 200 minini yeyən evdə “Aşkı Məmnu” serialına (məsəl üçün; bu o qədər hüquqi dəqiqlik daşımır, hətta ola bilər Sümbülə xanım Verner Hersoq və ya Devid Linç yaradıcılığının aşiqidir) tamaşa edir.

Sözgəlişi, indi qəfildən ağlıma gəldi ki, rəhmətlik Cəlal müəllim vaxtilə məhz Sümbülə xanımı özünə vəkil seçməkdə olduqca elmi yanaşmaya yol vermişdir. Nəyə görə? Axı Cəlal müəllim taxılçılıq üzrə alim idi! Belə insan təbii ki, adı sünbülü xatırladan vəkili seçməliydi. Cəlal müəllim sağ olsaydı yəqin indi bizim Ukrayna, Rusiya taxılından asılılığımız da aşağı səviyyədə olardı.

Sonda qeyd edim ki, bugünlərdə Bakıda, Hökumət evinin binası ətrafında sıx duman olmasının şəkilləri çəkilibdir. Yəqin hansısa naziri işdən çıxaracaqlar. Lap mümkündür baş nazirimiz də dəyişsin. Dəqiq xatırlayıram, Artur müəllim işdən çıxarılan vaxt da qatı bir duman bulvardan qalxıb Hökumət evini bürümüşdü.

 

 

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости