Свобода людям, независимость нациям!

Dumanlı bastionumuzun ahənrüba cazibəsi

2223 10.10.2022 11:19 Колумнисты A A

Şuşa yenə dumanlıydı – eynilə 1 il öncəki kimi. Şəhər həmin şəhər, fəsil, ay, gün baxımından zaman həmin zaman, duman həmin duman, müsafir də həmin müsafir.

Bilənlər deyir, belə olur: sentyabrdan ta aprelə, maya kimi “Şuşanın dağları başı dumanlı” olur - qar gətirən qış dumanı ayrı, bar gətirən yaz dumanı ayrı.

Budur, ikinci dəfədir Şuşada payız dumanına düşürük.

Ancaq Şuşanın yay dumanı da olur. Yazıçı Elçinin 40 il əvvəl Şuşaya iyul ayında kurorta gedən gəncdən bəhs edən bir povesti var, adı belədir: “Şuşaya duman gəlib”.

Əslində isə duman Şuşadan getmir, sanki qayaların sinəsinə sinib gözləyir və lazım biləndə çıxır, şəhəri ağ pərdəyə bürüyür.

“Dumanlı Albion” kimi qədim adıyla tanınan Britaniya adalarının dumanı yalandır, Şuşanınkı gerçək. Bura bizim “Dumanlı bastion”dur. (“Bastion” – yəni qala).

Bəlkə də dumana görə Şuşa bəzilərinə cansıxıcı, tutqun görünə bilər. Məsələn, 2020-ci ildə öz sahibləri gəlib Şuşanı ermənilərdən azad edəndə Paşinyan belə demişdi – “Bir tutqun şəhərdir, nə var orda”.

fba8be0a-b492-46f8-9e08-efa5b8bab5c0.jpg (96 KB)

Sən onu hər gün avtobuslarla, müxtəlif avtomobillərlə axın-axın Şuşaya gedən, dumana düşən, elə o dumanın içindəcə şəhərin görülməli yerlərini görməyə gedən, Cıdır düzünə qalxan adamlardan soruş, gör, heç Şuşada canı sıxılan olubmu?

Dünyada dumansız dağ yoxdur, amma Şuşa dağlarının dumanı bir başqadır. Buranın sisi də, leysanı da, qarı da, hətta ən sevilməz atmosfer çöküntüsü sayılan sırsırası, çiskin yağışı da gözəldir.

İşi, xidməti ilə bağlı ailəsindən, övladlarından 15 gün ayrı qalıb Şuşada yaşayan adamlar var, növbələri bitdiyində geriyə, paytaxta qayıtmaq istəmirlər.

Şuşada bir ahənrüba (maqnit) gücü var, insanları özünə cəzb edir, ayrılıb gedənləri bir daha geriyə çəkir.

Bəzən Şuşaya getmək üçün dava döyən adamlar deyirlər: “Filankəslər beş dəfə gedib, mən hələ getməmişəm”.

Məsələ budur: qısa müddətdə bir şəhərə beş dəfə getmək...

Bu, Şuşaya ard-arda gedənlərin özündən asılı deyil. Onları ora təkrar-təkrar çəkən qüvvə var və bu şəxslər yenidən o əsrarəngiz şəhərdə olmaq fürsətini qaçırmırlar.

Hələ bu harasıdır? Şuşanı regionun, bəlkə də dünyanın ən gözəl, ən füsunkar, modern şəhəri edəcək layihələr başa gələndə bu “dumanlı dağların başında durmaq, özünə bir xeymə qurmaq” istəyən on minlərlə adam olacaq.

Uzağı, 3-5 il çəkər, dumanlı Şuşa dünyanın ən uzaq guşələrindən də görünər və ekzotika həvəskarı olan qonaqlarını qəbul edər.

Şuşanı əlində 28 il saxlayan düşmən orada heç 28 xeymə, daxma da tikməmişdi, eləcə də dumanlı havalarda tut arağından içib, “miatsum” deyə ulaşan hərbçilər üçün nəsə qaraltmışdı.

İndi orda-burda “Ah, Şuşa, vah, Şuşa” deyə-deyə ağlaşma qururlar, sanki dədələrinin şəhəriymiş. Baxan deyər, bu şəhərin 2 yox, 98 faizi ermənilərdən ibarət olub.

Bəs adam da öz şəhərirnə baxmazmı, uçuğunu düzəltməzmi, yeni binalar tikməzmi, yollarını hamarlamazmı?

Onlar, demək olar ki, heç nə etməyiblər. Eləcə, tutub oturublar, “qədim erməni şəhəri” elan edib, saxta tarix yazıblar, başları mey dumanından ayılmayıb ki, anlasınlar: bu şəhərin yiyələri bir gün qəfildən, abilər demişkən, ansızın gələcəklər.

Bir gün sıldırım qayalardan dırmaşaraq ağ dumanın içindən çıxan boz libaslı cəngavərlər hər şeyi yerbəyer etdilər, işğalçıların qaçanları əyilə-əyilə qaçdılar, dirəşib qalmaq istəyənləri üfiqi vəziyyətdə qaldılar.

Keçən ilin dumanlı oktyabrının 7-də Şuşanı tikilən, qurulan görmüşdüm. Bu il oktyabrın 7-də, o dumanlı gündə Şuşada artıq müasir tikililərlə yanaşı, yeni binaların tikilməkdə və bərpa edilməkdə olduğunu gördüm.

Şəhərin girişi, çıxışı, içi yük maşınlarıyla, inşaat texnikası ilə, qurub-yaradan insanlarla doludur.

Şuşaya postsovet məkanından, Avropadan, başqa qitələrdən gələn qonaqlarla yanaşı, indi Ermənistandan da bir qrup jurnalist, ziyalı dəvət etmək olar. Onları Şuşaya aparıb bu cənnət məkanın indi nə cah-cəlalı olduğunu göstərmək lazımdır. Qoy görsünlər ki, şəhərin əsl sahibi kimdir və o onu necə əziz tutur, gözəlləşdirir.

...Dumanına girdiyimiz Şuşanın dumanından sıyrılıb çıxanda adamın beynində şərqilər səslənir: “Dumanlı, dumanlı, ay bizim ellər, oturub ağlasam, dəlidir derlər”.

P.S. Əslində Şuşaya bir dəfə də mayda, iyunda getmək istəyirəm, amma imkan olsa günü sabah yenə gedərəm – dumana, çiskinə baxmayaraq. Həm də bu dəfə tək yox, mənə qoşulub getmək istəyən bir avtobus dolusu simsarlarla.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости