Свобода людям, независимость нациям!

Dözülməz yüngüllük

1202 14.07.2023 13:07 Колумнисты A A

 

“Doğulduğu yeri tərk etmək istəyən insan, şübhəsiz, xoşbəxt deyil”

(Milan Kundera, “Varlığın dözülməz yüngüllüyü”)

Öncə fransız xalqını 14 iyul, Bastiliyanı basıb almaları günü münasibətilə təbrik edirəm. 1789-cu ildə inqilab zamanı bu hadisə baş vermişdir. Arzu eləyək fransız xalqı yenidən ayağa qalxsın, Makronun qalasını alsınlar, bizim də canımız qurtarsın.

Əslində yeni fransız inqilabı üçün şərtlər tam hazırdır. Son günlər ölkəmizdə Fransanın ermənipərəst siyasəti haqlı olaraq gen-bol tənqid edildi. Ən böyük zərbə isə 10 iyulda Xəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağından ilkin tədarükün başlanması ilə vurulmuşdur. Bildiyiniz kimi (bəli, xalqımız bütün neft-qaz yataqları haqda ətraflı bilgiyə malikdir, bunu bizə hələ uşaq bağçasından başa salırlar) həmin “Abşeron” yatağındakı qazın 50 faizi Fransanın “Total” şirkətinə çatır. Qalan 50 faizi SOCAR-ındır, Allaha şükür. Bu arada fürsətdən istifadə edərək doğma neft şirkətimizi də “Qalatasaray”ın sponsorluğuna keçməsi münasibətilə təbrik edirəm. Təbrik təbrikə qarışdı, xoşbəxt olsunlar. Dünən Bakıda toyda evlənən gənclər “Qalatasaray” marşını bu münasibətlə ifa etmişdir.

Əlbəttə, bəzi yaramazlar iddia edər ki, ta nə oldu, bu tərəfdən fransızlarla qanlı bıçağıq, o tərəfdə isə onlara qaz veririk. Vaxtilə ermənilərə münasibətdə də belə söhbət çıxmışdı, camaat ağız büzürdü ki, niyə Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz veririk. Lakin o, uzaqgörən siyasət idi, başa düşmək lazım idi. Əgər diqqət elədinizsə, 2020-ci ildə dava təzədən qızışanda ermənilərin Allahı onlara gözünün ucuyla da baxmadı. Səbəb aydın idi: ermənilərin Allahı öz evinə qazın haradan gəldiyini yaxşı görür, bunu qiymətləndirirdi.

İndi isə bir az oxşar, bir az fərqli siyasət yürüdülür. İnşallah, ermənipərəst fransızları qazla boğmaq fikrindəyik. Total şəkildə. Hələlik 50 faiz qaz gedir, ancaq kim nə bilir sabah necə olacaq? Bəlkə 100 faizi basdılar boruya, o yanda krantı açanda təzyiqə dözməyib boğuldular. Bunlar hamısı düşünülmüş planlardır.

Söhbət xarici siyasətimizdən düşmüşkən, bugünlərdə bir xəbər də yayılıb, deyir azərbaycanlı həkimlər canlarını götürüb Almaniyaya qaçırlar. 1400-dən çox həkimimiz Almaniyaya gedibdir.

Əlbəttə, hələ telejurnalist İbrahim müəllimin vaxtilə proqnoz etdiyi kimi, Almaniya dağılır, ora həkimlərin axışmasına bəlkə normal baxmalıyıq. Salamat yerdə həkim işsiz qalır. Biz özümüz həkimə getmədən ölməyə üstünlük veririk, necə deyərlər, canımız sağ şəkildə. Yoxsa xəstəxanaya gedirsən, adamda min cür azar tapılır, bir dənə dərman da olmadan. Nəyə lazımdır belə həyat? Şəxsən mən küçədə yıxılıb ölərəm, misal üçün, Nərimanov rayonundakı 5 saylı xəstəxanaya girmərəm. Dünyanın ən iyrənc nöqtələrindən biridir.

Mövzudan uzaqlaşmayaq. Mövzu isə budur ki, əgər Azərbaycan Tibb Universitetinə illik qəbul planının təxminən 700 nəfər olduğunu nəzərə alsaq, belə çıxır oranın 2 illik bütün məzunları (1400) Almaniyaya getmişdir. Bəs Lerikin Vərəvul kəndində kim həkim işləyəcəkdir? Çətin sualdır. Lerik bir yana, guya böyük şəhərlərimizdə vəziyyət çox yaxşıdır? “Abituriyent” jurnalının yazdığına görə, Gəncə və Lənkəran şəhərlərində orta məktəbi bitirənlərin 20 faizi ali məktəblərə qəbul imtahanlarında 0-100 bal arasında bal toplayır. Köhnə üsulla yazsaq, "2" alırlar.

Bu arada, 11 iyulda yazıçı Milan Kundera Parisdə rəhmətə getmişdir, qəbri nurla dolsun, yaxşı adam idi. Onun ən ünlü romanı “Varlığın dözülməz yüngüllüyü”ndə baş obraz - Tomaş həkim işləyirdi, mühacirətə gedirdi. Bəlkə bizim Berlinə gedən həkimlərdən də yeni “tomaşlar” çıxacaqdır.

Ən azı oradan maşın vurub gətirsələr respublikamıza xidmət edərlər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости