Свобода людям, независимость нациям!

Dövlətlə selfi çəkdirmək zamanı...

1565 25.02.2023 19:13 Колумнисты A A

Azərbaycandan Rusiyaya qarşı qəti mövqe tələb edən bəzi müxalifətçilər Surət Hüseynovun bir neçə başıpozuq dəstəsinin qabağında duruş gətirə bilmədiklərini deyəsən, yaddan çıxarıblar                    

1660898593_16428448365626454840_1000x669.jpg (360 KB)

Ukrayna prezidenti Zelenski müharibənin bir illiyi ilə bağlı mətbuat konfransında onunla şəkil çəkdirmək üçün müraciət edən azərbaycanlı jurnalist və Azərbaycan haqda xoş sözlər dedi. Ukraynada yaşayan jurnalistin oğlunun arzusunu yerinə yetirmək üçün etdiyi jestin Azərbaycanın bu müharibədəki siyasətinə heç bir dəxli yoxdur. Bu arzunu Putinlə görüşdə dilə gətirən olsaydı, əlbəttə, ölkənin sosial şəbəkələrində ciddi müzakirə doğurardı...

Rusiya-Ukrayna müharibəsinin nəticələrinin ölkəmizə təsirləri gözlədiyimizdən də artıq ola bilər...

Azərbaycan işğaldan əziyyət çəkmiş ölkədir və bu səbəbdən Ukrayna müharibəsində əksəriyyət haqlı olaraq Rusiyanı aqressor hesab edir. Necə ki, Avropada da Ukraynaya silah göndərmək, müharibəni daha da qızışdırmaq cəhdlərinə qarşı olanlar da az deyil. İctimai rəy istənilən mövzuda yanıla və ya onun mövqeyi dövlətin maraqları ilə üst-üstə düşməyə  bilər. Azərbaycanın Ukrayna müharibəsində tərəf etmək cəhdləri hələ də var, Bakının guya USQ-yə silah satdığı haqda tez-tez yayılan təxribat xarakterli xəbərləri yada salmaq kifayətdir. Bu, bizim qarışa, özümüzə hansısa siyasi və ya maddi dividend qazana biləcəyimiz müharibə deyil. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma o da aydındır ki, Rusiya nüvə silahına malik və Azərbaycanla həmsərhəd olan böyük gücdür.

putin.PNG (1.38 MB)

Zelenski həmin mətbuat konfransında Rusiya ilə sərhədləri olan ölkələrə mümkün təhlükədən yenə danışdı, hətta ciddi səhv də buraxdı, dedi ki, Amerikanın guya Rusiya ilə sərhədi yoxdur. (Əslində, ABŞ və Rusiya ümumi sərhədi Berinq boğazı boyunca, Çukotka və Alyaska yarımadaları arasında keçir). Azərbaycanın isə şimalında Rusiya, cənubunda son aylar çox ciddi problemlər yaşadığımız İran və 700 kilometr Xəzər boyu hər bir hərbi müdaxilədən sığortalanmayan su sərhəddi var. Qərb sərhədimizdə sülhdən hər cür bəhanə ilə yayınan  Ermənistan, nəhayət hələ də Qərb və Rusiya arasında manevrlər edən Gürcüstan var. Naxçıvanla həmsərhəd olan Türkiyə kimi böyük və NATO üzvü olan ölkə də Rusiya ilə münasibətləri qorumaq məcburiyyətindədirsə, o zaman Azərbaycanın da siyasəti təbii ki, ehtiyatlı olmalıdır. 

Azərbaycanın ictimai rəyindəki anti-Rusiya mövqeyi Qarabağda sülhməramlılar yerləşdikdən sonra artıb ki, bu da gözlənilməz deyil. Bəziləri düşünür ki, Rusiya Ukrayna müharibəsində uduzarsa, daha “ayı” statusunda deyil, regionda məsələn, “qorxaq dovşan”a çevriləcək, kim istəsə, gedib onun başına bir qapaz vuracaq. Biz də Rusiyanın sülhməramlılarını qovub, onlara arxasından bizə tərəf hürən erməniləri Xankəndidə polis maşınına basıb Şuşada sorğu-sual edəcəyik və sairə… İndi Ermənistan o siyasətə bənzər addımlar atır, Avropa İttifaqının patrullarını sərhədə gətiriblər, Qərbpərəst  siyasət yürüdürlər, Moskvaya dil çıxarıb, acıq verirlər və sairə… Biz rus ordusuna biət edən xalq olmamışıq, 1990-cı ilin 20 Yanvarı buna ən yaxşı sübutdur. Rusiya müharibədə udsa da, uduzsa da bizim qonşumuz olaraq qalacaq. Bu müharibənin nəticələrinin bizə təsirləri gözlədiyimizdən də artıq ola bilər. Məsələn, Rusiyanın “səfər müharibəsindən” tutaq ki, “əliboş qayıdıb” sakit oturacağına təminat yoxdur. Bizə də Qərb belə bir təhlükəsizlik qarantiyası verməyəcək. Ermənilər yəqin elə bilirlər ki, Qərb onların yerinə Rusiyaya qarşı vuruşacaq. Azərbaycandan bu müharibədə qəti mövqe tələb edən bəzi müxalifətçilər isə Surət Hüseynovun bir neçə başıpozuq dəstəsinin qabağında duruş gətirə bilmədiklərini deyəsən, yaddan çıxarıblar.

Qərb liderləri bu müharibə başlayandan dəfələrlə açıq deyiblər ki, Putin olmasaydı, dünya daha fərqli və rahat yaşaya bilərdi. Rusiya elitası isə anlayır ki, Putinin hakimiyyətdən çəkilməsi və ya onun devrilməsi ilə iş bitməyəcək. Əlbəttə, Putindən qurtulsalar, dərhal danışıqlar başlayacaq, hansısa şərtlərlə Rusiya üzərindən sanksiyalar yüngülləşdiriləcək. Amma bazarlıq bununla bitməyəcək yəqin ki. Çünki nə qədər ki, Rusiyanın nüvə silahı var, demək Qərb üçün təhlükə qalır. Ona görə də Rusiyanın “dişlərini çıxarıb”, təhlükəsiz  ölkəyə çevirmək gündəmə gələcək.  

1645788455553.jpg (126 KB)

Rusiyanın parçalanacağı haqda da çox danışılır. Rusiyanın xırda respublikalara parçalanması bizim ətrafımızda inanılmaz problemlər, yeni sərhədlər, xalqların miqrasiyasına səbəb ola bilər. Rusiyanın dağılması bütün dünya kimi bizim üçün də başağrısı yarada bilər. Bu, Qərb üçün daha təhlükəli ola bilər. Təsəvvür edək ki, Rusiya parçalanıb və hərə “bir kusok” uğrunda çarpışır. Sibir və Uzaq Şərqin böyük hissəsini Çin tərkibinə qatarsa, nə olar? Dünya dəhşətli bir güclə üz-üzə qalır...

Qərbin bu müharibədə qalib çıxması regiona yeni oyunçular gətirə bilər. Onsuz da indidən bu cəhdlər artıb. Fransa burnunu Qarabağa kimi soxmaqdadır, Amerika heç bir ölkəyə indiyədək xoşbəxtlik gətirməyib, Qafqazı caynağına ala bilərsə, yaxşılığa doğru inanmıram, nəsə  dəyişə, bəlkə də əksinə...

1639368085_5d4a9697370f2caf328b4595.jpg (169 KB)

Türkiyə Prezidenti Ərdoğanın dünən Rusiya-Ukrayna müharibəsində yenidən danışıqları gündəmə gətirməsi bir qədər gözlənilməz oldu. Silahlar danışarkən, diplomatiya hələ ki, gücsüdür. Tərəflərdən biri sülh istəməli və deməlidir: “Mən artıq döyüşə bilmirəm”. Əsirlərin dəyişdirilməsi, taxıl ixracı və s. haqqında danışıqlar effektiv ola bilər, amma sülhlə bağlı ciddi gözləntiyə əsas yoxdur.       

Yeri gəlmişkən, hərdən o təəssürat yaranır ki, Azərbayanın ictimai rəyi qardaş Türkiyəyə münasibətdə bir az “istismarçı” mövqedədir. “Türkiyə gələr...”, “Türkiyəyə görə heç kim risk etməz...” kimi fikirləri son vaxtlar tez-tez eşidirik. Bizim bu dünyada Türkiyədən başqa qardaşımız yoxdur, bu, həqiqətən də belədir. Amma nəzərə almaq lazımdır ki, biz bir millət iki dövlətik, bir dövlət deyilik. Çox təfərrüata varmıram, amma arada Ankaraya da regional məsələlərdə manevr imkanları tanımaq, anlaşıqlı qarşılamaq lazımdır…

maxresdefault.jpg (102 KB)

Nəhayət, biz bu müharibədə kimin zəifləyib, kimin güclənəcəyini düşünməli deyilik, dövlətimizi gücləndirməliyik. Bunun üçün xüsusilə daxili siyasətdə görüləsi çox işlər, həllini gözləyən problemlər var. Dövlət daxildən güclənməlidir ki, cəmiyyət lazım gəldikdə istənilən xarici təzyiqlərə və basqılara, hətta hərbi təcavüzə hazır olsun. İnsanlar dövləti haqda qəzəbli, küskün deyil, sevgi və sayğı ilə danışmalıdır. (Söhbət daima özünü dövlətə qarşı görənlərdən və ya milli xainlərdən getmir). Bu ölkədə hamını təmin edən birlik formulunu tapmaq və gerçəkləşdirmək indiki həssas dünyamızda Azərbaycan üçün çox vacibdir. Necə deyərlər, dövlətin xalqla, xalqın dövlətlə selfi çəkdirməsi  zamanıdır...               

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости