Свобода людям, независимость нациям!

Dövlətə xəyanətin azalması

1727 07.12.2022 09:12 Колумнисты A A

Polad zavodunun müdiri olmuş Rasim müəllimə prokuror 15 il cəza istəyibdir, o isə deyir buna da şükür, yaxşıdır güllələnmə verməyiblər. Ancaq kökündən yanlış yanaşmadır. Bizdə ölüm cəzası, o cümlədən güllələnmə yoxdur. 30 ilə yaxındır bu cəzanı ləğv etmişik. Çünki biz humanist ölkəyik.

Elə humanist olmasaq İsa müəllimi akademiyaya prezident qoyardıqmı? Halbuki o, birbaşa Milli Düşüncə Mərkəzinin şefi İsa Qəmbərin adaşıdır. Hansı totalitar, avtoritar, qəddar ölkədə müxalifətçinin adaşını alimbaşı qoyurlar?

Sözgəlişi, İsa müəllim akademiyada birinci addım olaraq, sizcə, nə etdi? Ay sağ olasınız: mebelləri dəyişdirmək üçün hərəkətə keçdi. Dükana çoxlu zakazlar verildi, çünki alimlərimizin kreslo həcmi bir-birindən, hətta bəzən ikisi-birindən fərqlənir. Elə akademik var oturacaq hissəsi elm ocağından başlayıb Xızı dağlarında, alimlərə ayrılmış və keçmiş prezident Ramiz müəllimin erasında satılıb dağıdılmış torpaqlarda qurtarır. Alim var fikirləşmək üçün ona divan lazımdır, alim də var kəşflər üçün raskladuşka bəs eləyir. Hərçənd İsa müəllimin siftəsi öz-özlüyündə olduqca novator, yenilikçi idi, çünki biz yaxşı xatırlayırıq, Ramiz müəllim akademiyada vəzifəsinə qaraja əl gəzdirməklə, ora Ziya Məmmədovun qardaşı, əski deputat Elton müəllimi qaraj müdiri qoymaqla başlamışdı. Mebelə keçmişiksə, deməli, artıq qaraj düzəlib. Növbəti prezident dibçəkləri dəyişsə, bəlkə yeni gül növü kəşf olunacaq.

Başqa insanpərvər addımların sorağı Naxçıvandan gəldi, orada İsa müəllimin oğlu gömrüyün müdiri imiş. Lakin gömrükdə cəsur çekistlərimiz külli miqdarda yeyinti aşkar elədiyi üçün idarəni dibindən ləğv etdilər, nəticədə hazırda İsa müəllimin övladı işsiz qalmışdır. Sözümü geri götürürəm, nəsə bu humanist addım olmayıb. Akademiya prezidentinin gömrük müdiri olan oğlu işsiz qalırsa, elm aləmində nə edəcəyik? İstər-istəməz alimlərimizin fikri dağılacaq, işsiz qalmış uşağın yanında qalacaqdır.

Təklif edirəm uşağı gətirək Bakıya, Tərtər işini araşdıran prokuror qrupuna müdir qoyaq. Orada bu dəqiqə aləm qarışıb, bəraətin biri bir qəpikdir. Təsəvvür elə, 19 nəfərə eyni anda bəraət verilmişdir. Özü də birbaşa dövlətə xəyanət maddəsi üzrə!

Fantastikadır. Hələ dövlətçilik tariximizdə belə hadisəyə təsadüf edilməmişdir ki, bir gündə 19 nəfər dövlətə xəyanət eləməsin. İnsanlarımızda dövlətçilik ruhu baş qaldırıbdır. Güman edirəm bu işdə xarici düşmənlərin qəbul elədiyi murdar qətnamələrin böyük rolu vardır. Camaat etiraz üçün dövlətçilik ətrafında sıx birləşir. Mən özüm bu dəqiqə qaz idarəsinin ətrafında sıx birləşməyə hazıram - ev soyuqdur, limiti keçmişik, qazın pulu o qədər çıxır ki, ödəyəndə də donuruq, ödəməyəndə də.

Xarici düşmənlər demişkən, bugünlərdə onların biri ilə söhbətləşdim. Yoldaş Hollandiyadan gəlmişdi, deyir iki uşağının hər birinə dövlət kvartalda 150 avro uşaq pulu verir. Kəsə yazsam, 2 uşağa görə ildə 1200 avro uşaq pulu alırlar. Yoldaş soruşdu bəs sizdə uşaq pulu nə qədərdir, dedim bizim uşaqlar dovşandır, çıxarırıq parka, otlayırlar, narahat olma. Əsas odur gələcəyə ümidimiz var.

Ancaq namərd zərbəni zərbə üstündən vururdu, dedi evi qızdırmağa bu ay 250 avro xərcimiz çıxıb, onun 190 avrosunu dövlət kompensasiya elədi. Dedim başqa? Ta siz orada nə ödəyirsiniz? Yüz faiz burada nəsə fırıldaq var.

Hazırda dəqiqləşdirmişəm, sən demə, Hollandiyada muğam sənəti yoxdur. Şəxsən mən elə yerdə yarım gün də yaşamaram.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости